Diaspora təşkilatları Rusiya Ali Məhkəməsinin qərarına yenidən baxılmasını tələb edir

18:41 - 15 Sentyabr 2017 - KİVDF

Əli Hüseynli: " Rusiyanın tanınmış xadimləri Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin bərpasını dəstəklədilər "

"Ümumrusiya Azərbaycan Konqresinin müxtəlif şəhərlər, vilayətlər üzrə nümayəndələri artıq ümumi müraciət hazırlayaraq, Rusiya Ali Məhkəməsinin qərarına yenidən baxılmasını tələb edirlər. Onlar əmindirlər ki, iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək bu məsələ tezliklə öz həllini tapaca" Bu barədə ÜAK İstra regional bölməsinin rəhbəri Ramil Əliyev bildirib. Onun sözlərinə görə, bu hadisəni Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının pozulması kimi qiymətləndirmək olar: “Mənim subyektiv fikrimcə, bu hadisənin siyasi motivləri var. Gərək bu haqsız qərarı çıxarmazdan öncə Rusiya-Azərbaycan münasibətlərini də nəzərə alardılar. Axı indi bu əlaqələr ümidverici aktivlik mərhələsini yaşayır. Azərbaycanda dövlət qurumları, diasporla iş komitəsi, Rusiyadakı ictimai təşkilatlar bu qərarın ləğvinə nail olmağa çalışmalıdırlar. Biz ümid edirik ki, məhkəmənin qərarı ləğv ediləcək və 2 milyon insanı ətrafında birləşdirən bu təşkilat fəaliyyətini davam etdirəcək. Rusiya ərazisində prezident seçkiləri ərəfəsində azərbaycanlıların 2-3 milyonluq elektoratı onlara mane olmazdı.
Ümumrusiya Azərbaycanlılar Konqresinin regional təmsilçiləri ümid edirlər ki, Rusiyanın müvafiq qurumları düzgün qərar verəcəklər və iki ölkə arasında münasibətlərə toxuna biləcək bu addımdan geri çəkiləcəklər. Ekspertlər isə qeyd edirlər ki, bu addım Rusiyanın özünün ziyanına işləyə bilər. Çünki məsələ artıq siyası xarakter alıb".
Ramil Əliyev bildirib ki, “Avrasiya Xalq Birliyi” Regionlararası İctimai Hərəkatının sədri Tatyana Poloskova deyir ki, onlar ÜAK-la sıx əməkdaşlıq ediblər: «Rusiyada aktiv işləyən, nüfuzlu diaspor təşkilatlarından biri idi. mənim üçün bu vəziyyət təəssüf doğuran və utandırıcıdır. Bunun nəyə görə baş verdiyini araşdırmaq lazımdır, monitorinq aparılmalıdır, biz özümüz də bunun əsl səbəblərini araşdıracağıq. Mən Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinə qarşı irəli sürdüyü bütün iddialarla tanış oldum. Onlar yetərincə uydurulublar və onları texniki baxımdan həll etmək çox asandır. Bu, hüquqi tərəflərdir. Siyasi tərəflərinə gəldikdə isə, bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək və bu da indiki vəziyyətdə çox yersizdir, çünki Rusiyanın indi o qədər də çox dostu qalmayıb. Düşünürəm ki, qərarın qəbul edilməsində hansı məsələnin dayanmasından asılı olmayaraq, bu, siyasi xarakter alıb”.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə  may ayının 15-də Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Bu qərar Azərbaycan tərəfindən böyük narazılıqla qarşılanıb.“Rusiyada fəaliyyət göstərən  Ümumrusiya Azərbaycan Konqresi zamanında Ulu öndər Heydər Əliyev və Rusiya Prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu qurum diaspora sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı Rusiyanın dövlət maraqlarını hər zaman müdafiə edib”. Bu fikirləri Milli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əli Hüseynli deyib. 
Son illər Rusiya Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyən Ə.Hüseynli  bildirib ki, iki dövlət arasında bütün sahələrdə  əməkdaşlıq və dostluq əlaqələri mövcuddur. Bu əməkdaşlıq səmimi xarakter daşıyır. Onun sözlərinə görə, məhz bu baxımdan Ümumrusiya Azərbaycan Konqresini fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti təəccüb doğurmaqla yanaşı, bizdə bu məsələdə müəyyən təxribatların olması ilə bağlı fikir də yaradır. Rusiya Ədliyyə Nazirliyi  tərəfindən qeydiyyatla bağlı təşkilata  bir neçə dəfə müraciət edilib. Sonuncu, yəni üçüncü müraciət ötən ilin oktyabr ayında olub. Bilirsiniz ki, Konqresin ötən ilin dekabrında qurultayı keçirilib, qurultayda tanınmış diaspor nümayəndəsi Fazil Qurbanov onun yeni rəhbəri seçilib. Və bundan sonra Ədliyyə Nazirliyinin bildirdiyi nöqsanların aradan qaldırılması üçün sənədlər qaydaya salınb, yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Rusiyanın Ədliyyə Nazirliyi təşkilatın və onun bütün regional strukturlarının  vahid dövlət reyestrindən çıxarılması ilə bağlı cari ilin mart ayında Ali Məhkəməyə müraciət edib. Lakin Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirlərin görülməsini  özundə ehtiva edir. Belə ki, bu cür məsələlərdə  qanunvericiliyə əsasən cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Təşkilatın ləğv olunması isə ən son tədbirdir. Lakin onlar son addımı,  məhz konqresin ləğvini seçiblər. Biz onlara Rusiya qanunvericiliyinə bir daha baxmağı təklif edirik".
O qeyd edib ki,  bu kimi hallar Azərbaycan qanunvericiliyində də  var: "Araşdırsaq, Azərbaycandakı Rus İcmasının da sənədləri ilə bağlı müəyyən problemlərin olduğunu görərik. Lakin Azərbaycan heç zaman onun ləğvi ilə bağlı məsələ qaldırılmayıb". 
ÜAK-ın prezidenti Fazil Qurbanov da açıqlamasında qərarı ədalətsiz adlandırıb. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. 
Bu qərardan sonra, iyunun 15-də Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apelyasiya şikayəti verib.
 
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: “Ümid edirik ki,, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini  davam etdirəcək. etdirəcək”.
Əli Hüseynov  bu məsələ barədə ötən gün Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçirilən konfransda da danışıb. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov  konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib. Komitə sədri deyib: “Tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar. Bugünkü konfrans da məhz onların təşəbbüsü ilə keçirilib. Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu. Bir daha qeyd olundu ki, Azərbaycan və Rusiya strateji əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın Cənubi Qafqazda strateji vacib ölkə, Prezident İlham Əliyevin güclü lider olduğu vurğulandı”. 
Ə.Hüseynlinin sözlərinə görə, konfransda çıxış edənlər belə bir ümumi rəy söylədilər ki, regionda heç bir siyasi, iqtisadi, mədəni layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Rusiya kimi böyük dövlət Azərbaycanın suverenliyinə hörmətlə yanaşaraq onun nüfuzundan bəhrələnir. Ölkələrimiz arasında əməkdaşlıqda Ümumrusiya Azərbaycan Konqresinin rolu bir daha konfrans iştirakçılarının diqqətə çatdırıldı. Azərbaycan diasporu iki xalq arasında körpü rolunu oynayır. Rusiyanın da tanınmış xadimləri konqresin fəaliyyətinin bərpasını dəstəklədilər”, - deyə Milli Məclisin komitə sədri bildirib.

Xəbər xətti