Ana səhifə
17 Oktyabr 2018

“Sevən qadın gözləməlidir” – Müsahibə

Sema Çeyrekbaşı: “40 ildir ki, bu sənətdə işləyirəm və bu illər ərzində işimi çox sevərək yaşayıram”

 

 

Türkiyəli tanınmış aktrisa Sema Çeyrekbaşı canlandırdığı bir çox obrazlarla tamaşaçıların sevimlisinə çevrilib. “Kaybolan yıllar” serialında Meral obrazını ilə azərbaycanlı tamaşaçılar tərəfindən də sevilən aktrisa Hasan Kıraçın rejissorluğu ilə çəkilən “Birleşen gönüllər” filmində Cənnət obrazını canlandırır. Bu obrazı ilə də tamaşaçıların qəlbini fəth etməyi bacardı. “Birleşen gönüllər” filmi İkinci Dünya Müharibəsində yaşanmış eşq hekayəsindən bəhs edir. Niyaz və Cənnət evləndiyi günün səhəri ayrılmaq məcburiyyətində qalırlar. Niyazı müharibəyə, Cənnəti isə kənd camaatı ilə Almaniyaya iş düşərgələrinə aparırlır. Müharibə onları bir-birindən ayırır. Cənnət çox çətin həyat yaşayır. Övladını böyüdür və ömrünün sonuna qədər Niyazı gözləyir. Niyazı yaşlı vaxtında gördükdən sonra ölür. Sema Çeyrekbaşının “Üç nöqtə”yə müsahibəsini təqdim edirik.

 

- Azərbaycana ilk dəfə gəlirsiniz?

 

- Bakıya ilk dəfədir gəlirəm. Bura gəldiyimə görə çox xoşbəxtəm. Bu qədər insanla bir yerdə olmaq məni çox sevindirdi. Hələlik Bakıda heç yeri görməmişəm. Hava limanından otelə gəldik. İlk olaraq “28 Cinema”ya gəldim. Onu deyim ki, ilk gördüyüm Azərbaycan xalqının çox mehriban və səmimi münasibətidir.

 

- Azərbaycanlı tamaşaçılar sizi çox sevir. Belə mehriban qarşılanacağınızı gözləyirdinizmi?

 

- Təbii ki, gözləyirdim. Türkiyədə azərbaycanlı dostlarımız var. Hamısı ilə çox mehriban münasibətlərimiz var. Biz eyni insanlarıq. İki dövlət bir millətik. Ona görə də mehriban qarşılayacaqlarını bilirdim. Gözlədiyim kimi də oldu. Məni çox gözəl qarşıladılar.

 

- Siz peşəkar aktrisasınız. Bu, canlandıdığınız obrazlarda özünü göstərir. Çox sevilirsiniz. Uğurunuzun sirri nədədir?

 

- İşimi çox sevirəm. Mən teatrda işləyirəm, aktrisayam. 40 ildir bu sənətdə işləyirəm və bu illər ərzində işimi çox sevərək yaşayıram, işləyirəm. Bu, yəqin ki, ondan asılıdır. Düşünürəm ki, hər bir insan işini sevərək yaşamalıdır.

 

- “Birləşən gönüllər”də fədakar və çətin həyat yaşayan Cənnət obrazını canlandırısınız. Bu haqda danışardınız…

 

- Həyatda baş verən həqiqi hekayədir. 50 illik bir gəncliyin eşq hekayəsidir. Müharibə illərində baş verir. Cənnət və Niyaz bir-birindən ayrılır. Anadoludan gedən müəllimlərin fədakar məktəb hekayəsi olmasaydı 50 illik eşq görüşməyəcəkdi. Cənalandırdığım Cənnət çox məşəqqətli bir həyat yaşayıb. O, çətin həyatın öhdəsindən gəlmək üçün bir vəfa borcu kimi gözləməyi seçib. Onlar evlənərkən bir-birilərinə vəfalı olmaq üçün söz veriblər. Biri «dönəcəm», biri isə «gözləyəcəm» deyib.

 

- Qeyd etmisiniz ki, filmə baxanda hər dəfə ağlayırsınız…

 

- O obrazı oynadığıma görə deyil, çətinliklərin içində qadının həyat yoldaşını gözləməsini, onun həyatını düşündüyümə görə ağlayıram. Filmə 5-ci dəfədir baxıram, hər dəfə də ağlamışam. İndi də izləyəndə göz yaşlarımı saxlaya bilmədim. Cənnətin həyatına, yaşadıqlarına pis oluram. Mən bu filmi oxuyanda çox kədərləndim. Obrazı canlandırarkən də kədərləndim. Çətin bir hekayədir.

 

- Sema xanım, həyatda Cənnət kimi olub, onun yaşadıqlarını yaşaya bilərmi?

 

- Sevən qadın gözləməlidir. Cənnətin yaşadıqları çox çətindir. Müharibənin içində həyatda qalmaq və övladını saxlamaq üçün çox çətinliklərdən keçir. Sevgilisini gözləmək üçün ayaqda durmağa çalışır. Çox böyük fədakarlıqlar edir. Vəfalı qadındır. Allah göstərməsin, belə müharibədə sevdiyi insanı gözləmək çox çətindir. Amma düşünürəm ki, bütün qadınlar, eləcə də sevən qadın həyat yoldaşını gözləməlidir. Cənnətin yerində olsaydım, mən də gözləyərdim.

Niyazı gözləmişdi və yaşadığı həyat onu çox yormuşdu. Biz çox az qismini görürük. Amma Cənnət uşağı ilə birlikdə müharibənin içində olmuşdu. Qaçarkən komandir onu görür və əsgər əmr edir ki, onu öldürsün. Əsgər Cənnəti öldürmür. Dözülməz bir həyat keçirmişdi. O həyat onu yormuşdu, xəstələnmişdi, gözləmişdi. O qədər gözləmək asan deyil. Amma ən azından, sonda Niyazını gördü və xoşbəxt öldü. Həyatda baş verən həqiqi bir hekayə olduğu üçün baş qəhrəman ölür. Biz də onun həyatından film çəkdik.

 

- Sizi filmdə daha çox kədərləndirən nədir?

 

- Müharibələr, insanların itirdikləri məni çox üzür, kədərləndirir. Belə müharibələrdən sonra böyük faciələr olur. Belə faciələrdən biri Cənnətin hekayəsidir. Amma hər müharibədə daha da ağır hekayələr var. Məni kədərləndirən belə hadislərdir. Zənn edirəm ki, hamımız belə hadislərdən kədərlənirik.

 

- Sema xanım, bir çox filmlərdə iştirak etmisiniz. Hazırda yeni filmlərə təklif almısınızmı?

 

- Hələ bir təklif almamışam. Hazırda bu filmi Türkiyədə və başqa ölkələrdə tanıdırıq. Hazırda Cənnəti düşünürəm, başqa bir filmdən təklif gələrsə, onun ssenarisinə baxdıqdan sonra qərar verəcəm.

 

- Filmi izləyən azərbaycanlı tamaşaçılarınıza nə tövsiyyə edərsiniz?

 

- Filmdə yaşanan hekayə haqqında yaxşıca düşünsünlər. Oradan öz həyatları üçün örnək götürə bilərlər. Gənclər isə öz həyatlarında hədəf qoyaraq bir yerlərə getməyi sınasınlar. Cənnətin Niyaza qovuşduğu, Anadolu müəllimlərin fədakarlıqları kimi mütləq bir uğura nail olacaqlar. Hər bir izləyicimizə qucaq dolu salamlarımı göndərirəm. Biz sizi çox sevirik.

 

 

Rəqsanə

Tarix
22 Noyabr 2014 [08:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin