Nazpəri Dostəliyevanın evindən oğurluq edən daha bir nəfər tutulub

10:20 - 14 Sentyabr 2017 - HADİSƏ

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən daha bir nəfər tutulub. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, Sumqayıt şəhər sakini Cavid Əliyev Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Qeyd edək ki, xalq artistinin evindən oğurluq etmiş üç nəfər keçən ay saxlanılmışdı. Daxili İşlər Nazirliyinin avqustun 28-də yaydığı məlumata görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlanıb. Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq dəstə üzvlərindən R.Verdiyev, Y.Hüseynli və A. Həmidov saxlanılıblar. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Əlavə tədbirlərlə dəstə üzvü A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R. Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Xəbər xətti