Ağasəlim Mircavadov: “Hansı ölkə çempionatında 8 klub var?”

16:05 - 13 Sentyabr 2017 - İDMAN

“Avropa futbol klublarının çox qədim tarixləri var. Onların futbol məktəblərinin, idman siyasətinin tarixi uzun illərə söykənir. Həmçinin “Çelsi”, “Barselona”, “Roma” və s kimi klubların maliyyə durumları çox yaxşı vəziyyətdədir. Azərbaycan futbolu isə hazırda inkişaf mərhəsləsindədir”. Ucnoqta.az xəbər verir ki, bu sözləri bir zamanlar “Qarabağ”ın keçmiş baş məşqçisi, futbol mütəxəssisi Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında deyib.
Futbol mütəxəssisi bildirib ki, artıq Azərbaycanda da yeni-yeni futbol məktəbləri açılır, idman siyasəti inkişaf etdirilir.
“Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən tədbirlər planı prezident tərəfindən təsdiq edilmişdi. Həmin proqram sayəsində Azərbaycanda neçə dənə stadionlar tikildi, akademiyalar açıldı. Biz klub deyəndə fikirləşirik ki, hər şeyi futbol federasiyası etməlidir. Amma bu elə deyil. Klubun maliyyə durumu ,oyunçularının peşəkarlıq səviyyəsi, rəhbəliyi, baş məşqçisi yaxşı olmalıdır. Həmçinin bütün siyasət Azərbaycan futboluna uyğun olmalıdır. Buna da futbol federasiyası nəzarət etməlidir. “Qarabağ” klubu bu istiqamətdə çox böyük işlər görür. Hansı ölkə çempionatında 8 klub var və həmin klubların içərisindən biri Çempionlar Liqasının qrup mərhələsində iştirak edir? Heç harda. Amma “Qarabağ” bunu etdi”.
Ağasəlim Mircavadov  dünən keçirilən “Çelsi”-“Qarabağ” oyunu da şərh edib.
“”Qarabağ”ın bu hesabla məğlub olmağını heç kim istəməzdi. Mən tamamilə başqa nəticə düşünürdüm. Amma hadisələrə real baxmaq lazımdır. Onlar bizdən güclüdürlər. Avropa futbolu sürətlidir. Həm futbolçunun fikirləşməyi, həm də topla oynamaq cəhətdən. Bizim çempionatda isə bu yoxdur. “Çelsi” ilə oyunda isə futbolçularımızın səhvləri oldu. 
“Qarabağ”ın futbolçuları öz çempionatımızda da həmin səhvləri edir. Amma o səhvlərə görə qol vurulmur. Ona görə ki, ordadakı oyunçuların texnikası ilə bizimkilərinki eyni deyil. Onlar səhv edən kimi adamı cəzalandırırlar. Çünki onların oyunları çox sürətlidir. Azərbaycanda elə bir komanda yoxdur ki, “Qarabağ”la başabaş mübarizə aparsın.
“Qəbələ”dən başqa.  Amma biz “Qarabağ”ın “Çelsi”yə məğlub olmasına baxmayaraq, komandamızı dəstəkləməliyik. Çünki qarşıdan “Roma” ilə oyun gəlir. İnanaq ki, komandamız “Roma”dan xal alacaq. Çünki mən dünən onların da oyununa baxdım. Deyərdim ki, “Atletiko Madrid” “Roma”nı böyük hesabla məğlub etməliydi. “Roma”ya qalib gəlmək üçün həm futbolçularımız öz üzərlərində daha yaxşı işləməlidir, həm də azarkeşlərimiz komandamıza böyük dəstək veməlidir. Çünki meydanda 12-ci oyunçu azarkeşlərdir”.
Qeyd edək ki, dünən  “Çelsi” ilə qarşılaşan “Qarabağ” meydan sahiblərinə  6-0 hesabla məğlub olub. “Qarabağ” növbəti oyununu sentyabrın 27-də doğma meydanda "Roma"ya qarşı keçirəcək.

Xəbər xətti