Ana səhifə
27 Sentyabr 2017

Kütləvi zəhərlənmələrin sayı niyə artır?

İnsanların sağlamlığının keşiyində duran orqanla sertfikat verən orqan bir əldə cəmləşib

Qida zəhərlənmələri hər mövsümdə müşahidə olunur. Amma yay aylarında bunun sayı daha da çoxalır. Bu ilin yanvar-avqust ayları ərzində Kliniki Tibbi Mərkəzin toksiologiya şöbəsinə qida zəhərlənməsi ilə bağlı 92 müraciət daxil olub, 13 botulizm halı qeydə alınıb. Zəhərlənmələrin əsas səbəbinin düzgün saxlanılmayan hazır qidalar olduğu bildirilir.
Eyni zamanda, yay aylarında kütləvi zəhərlənmələrin sayı da çox olur. Tez-tez mətbuatda xüsusilə, toylarda kütləvi zəhərlənmələrin olması ilə bağlı xəbərlər yer alır. Ən son xəbər Tovuz və Bərdə rayonlarında olan zəhərlənmələrlə bağlıdır. Tovuzda keçirilən toy məclisində zəhərlənmə ilə bağlı xəstəxanaya 39 nəfər müraciət edib. Bərdədə isə restoranların birindən rayon sakinləri olan 7 nəfər zəhərlənmə ilə xəstəxanaya gətirilib. Hər iki zəhərlənməyə səbəb qida göstərilir.
Maraqlıdır, qida hansı halda zəhərlənməyə səbəb olur? Xüsusilə, yay mövsümündə baş verən zəhərlənmələrin səbəbi nədir? Toylarda kütləvi zəhərlənmələrin çox olmasını nə ilə əlaqələndirmək olar?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması bu kimi problemlərin qarşısını almağa imkan vermir: “Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Təsadüfi deyil ki, bu işdən narahat olan ölkə Prezidenti 10 fevral 2017-ci ildə gələcəkdə “Qida Təhlükəsizliyi Agentliyi” yaradılması ilə bağlanması fərman imzaladı ki, bu məsələlərə nəzarət olunsun”.
E.Hüseynovun sözlərinə görə, istehlakçıların hüquqlarının qorunması mexanizmi Azərbaycanda çox zəifdir: “Qanunlar zəifdir. İnsanların sağlamlığının keşiyində duran orqanla sertfikat verən orqan bir əldə cəmləşib. 20 ildir istehlakçı hüququ qoruyuram, bir dəfə də olsun hansısa azərbaycanlı həkimin zəhərlənmədə kütləvi istehsal malının adını çəkdiyini görməmişəm. Bütün hallarda deyirlər ki, istehlakçılar özləri günahkardır, evdə hazırladıqları məhsuldan zəhərləniblər. Bunun səbəbi isə Azərbaycanda bütün mallara, o cümlədən bizim əlimizdə tutduğumuz telefonlara belə gigiyenik sertifikatı Səhiyyə Nazirliyinin verməsidir. Əgər kütləvi istehsal malının adı çəkilərsə, onda həmin istehsalçı gətirib sertfikatı stolun üstünə qoyacaq ki, bunu sən vermisən. Yəni, nə qədər ki, Səhiyyə Nazirliyi ilə sertifikat verən orqan ayrılmayıb, bu vəziyyət belə davam edəcək”.
E.Hüseynov deyir ki, Azərbaycanda zəhərlənmələrin statistikasının dünya ölkələrindən az olmasının da səbəbi var: “Zəhərlənən insanlar nə Azad İstehlakçılar Birliyinə, nə də “Üç nöqtə” qəzetinə getmir. Birbaşa Səhiyyə Nazirliyinə müraciət edir. Prosedur belədir ki, təcili yardım gələn kimi mədəni yuyur və bununla da fakt itir. Ona görə də, Azərbaycanda zəhərlənmələrin statistikası dünya göstəricisindən 250 dəfə az göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının saytında bunu görmək mümkündür. Qanun olmadığı şəraitdə, dövlət orqanlarının işi qurtaran vaxt şadlıq evlərində iş başladığı bir şəraitdə, dövlət orqanlarının heç bir biznes qurumu yoxlamasına icazə olmadığı bir şəraitdə, əlbəttə, belə zəhərlənmə halları olacaq. Bunun böyük bir hissəsi gizlədilir. Bütün bunların hamısını bilmək üçün böyük Hippokratın “Biz nə yeyiriksə, oyuq” sözlərinin mənasını apteklərdəki növbəylə əlaqələndirə bilərik. Azərbaycanda apteklərin sayı dünya ölkələrindən 20 dəfə çoxdur, klinikalar insanlarla doludur. Bu o deməkdir ki, biz çox təhlükəli qidaları orqanizmimizə qəbul edirik.
Qeyd etdiyim kimi, cənab Prezidentin imzaladığı fərmana görə, qida mallarına tarladan istehlakçının süfrəsinə qədər izlənilmə sistemi tətbiq olunacaq. Belə ki, məhsul tarladan istehlakçıların stolunun üstünə gələnə qədər izlənəcək, onların təhlükəsiz olması üçün çalışılacaq. Belə olsa düşünürəm ki, vəziyyət düzələcək. Əhali bilməlidir ki, toylarda verilən salatların yararlılıq müddəti cəmi 2-3 saatdır. Lakin restoranlarda salatlar saatlarla qalır, hətta bugünkü salatlar sabahkı toylarda da verilir. Orda tam qeyri-şəffaflıq hökm sürür. Biz kütləvi zəhərlənmələrin qurbanlarıyıq”. 
AİB sədri qeyd etdi ki, bütün hallarda evdə baş verən zəhərlənmə halları qeydiyyata alınır: “Hətta satışdan alınan məhsuldan zəhərlənmə olduqda onu da evdəkilərin üstünə yıxırlar. Əlbəttə, biz bunu da etiraf etməliyik ki, Azərbaycanın qida mədəniyyətində problem var. Evdə turşu bağlama mədəniyyətsizliyi var ki, bu, qətiyyən yolverilməzdir. Evdə turşu bağlamaq olmaz. Ümumiyyətlə, turşu zərərli bir məhsuldur. Bu mədəniyyətsizliyə son qoymaq lazımdır. Təsadüfi deyil ki, zəhərlənmələrin bir hissəsi də bundan əmələ gəlir. Lakin bu da var ki, biz Bakı bazarlarına getsək, səhər-səhər ağzı açılmamış turşulara sənəd verildiyini görəcəyik. Guya ki, ekspertiza ediblər. Nə qədər ki yalançı ekspertiza, evdə bağlanma turşular var, nə qədər ki, qanun zəifdir, belə hallar daim olacaq”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq bəzi qidalar qaydalara uyğun saxlanılmadığı üçün qida zəhərlənmələri daha çox olur: “Ən çox qida zəhərlənmələri uşaqlar və yaşlılar üçün qorxuludur. Çünki onların immunitet sistemi orta yaşlılardan xeyli aşağı olur. Bunlardan qorunmaq üçün ilk növbədə marketlərdən alış-veriş edən zaman alıdıqları məhsulun saxlanma müddətinə baxmalıdırlar. Yəni, adi bir qoxu gəldisə, yaxud saxlanma müddəti keçmiş olsa, artıq ondan istifadə etməsinlər. Bazarlarda qarpız, yemiş saatlarla günün altında qalır və tərkibində dəyişikliklər yaranır. Mineral suların özündən də zəhərlənmələr olur. Çünki onların tərkibində qatqılar var. Bəzən saatlarla günəşin altında qalır. Onların içərisində bəzi reaksiyalar gedir və sağlamlıq üçün təsirsiz ötüşmür. Toylarda ucuz və vaxtı keçmiş məhsullardan istifadə olunur ki, bu da kütləvi zəhərlənmələrə səbəb olur. Ona görə orqanizmimizə qəbul etdiyimiz qidalarla bağlı diqqətli olmalıyıq”.
M.Abbasovanın sözlərinə görə, qida zəhərlənmələrinə əksər insanlar ötəri yanaşır və bunu ciddiyə almırlar. Amma qida zəhərlənməsi ölümə də səbəb ola bilir: “Botulizm olanda, ölümə də gətirib çıxara bilir. Bəzən görürsünüz ki, kütləvi zəhərlənmədə bir-iki nəfər tələf olur. Yaxud, korluğa, şikəstliyə gətirib çıxara bilər. Yəni qida zəhərlənmələrinə barmaqarası baxmaq olmaz. Bazardan, marketlərdən alış veriş edərkən çox diqqətli olmaq lazımdır. Evdə yemək hazırlayan xanımlar çox diqqətli olmalıdırlar. Yeməyi uzun müddət soyuducuda saxlamaq olmaz. Bişirən kimi yemək lazımdır, xüsusilə də, yay vaxtlarında. Bazardan alınan meyvə-tərəvəzləri, hətta qarpızı belə yaxşıca yumaq lazımdır. Çünki qarpızlar anti-sanitar bir yerdən gətirilir. Kəsəndə istər-istəməz əlini qarpıza da vurursan, başqa yeyinti məhsullarına da. Bu da zəhərlənmələrə gətirib çıxara bilər. Hər hansı məhsulda az da olsa qoxu hiss etdikdə əvvəlcədən onu atmaq lazımdır ki, daha sonra xəstəxanaya düşüb sənə baha başa gəlməsin”.
Həkim qeyd etdi ki, qida zəhərlənməsində ilkin tibbi yardım olaraq xəstəyə bolluca maye içirdib qusdurmaq və yataq şəraitində saxlmaq lazımdır: “Həkim gəldikdən sonra özü müdaxilə edəcək. Bəzən ilkin yardım olaraq ev şəraitində qatıq və şərbətdən istifadə edirlər. Bu olmaz, ancaq su içirdib qusdurmaq lazımdır”.


Könül Əhmədova

Tarix
13 Sentyabr 2017 [11:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ