Ana səhifə
27 Sentyabr 2017

Türküstanda, Əhməd Yasəvi yurdunda…

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşəbbüsü ilə artıq beş ildir ki, quruma üzv respublikaların bir şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilir. 2012-ci ildə Qazaxıstanın paytaxtı Astana ilə başlayan bu ənənə Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan) şəhərlərini əhatə edib. 2017-ci ildə isə Qazaxıstanın Türküstan (Yesi) şəhəri bu missiyanı öz üzərinə götürüb.


Türkün qədim şəhəri 

Əvvəlcə ondan başlayım ki, bu qədim türk yurdunun türk mədəniyyətinin “paytaxtı” elan edilməsi elə ilk addımdan hiss olunur. Şəhərin girişindən başlayaraq yollar türkdilli ölkələrin bayraqları ilə bəzədilib. Hər tərəfdə ümumtürk ruhu duyulmaqdadır. Bir sözlə, Türküstan bu ada layiq olduğunu hər addımda doğruldur. Əslində, TÜRKSOY-un bu layihəsinin məqsədi də qədim türk mədəniyyəti və tarixinin bir parçasının dünyaya tanıdılmasıdır. “Paytaxt” seçimində də şəhərin qədim türk mədəniyyətini, tarixini əks etdirməsi, həmçinin müasir tədbirlərin, irimiqyaslı layihələrin həyata keçirilməsi üçün tələblərə cavab verməsi əsas götürülür.
Böyük mütəfəkkir Xoca Əhməd Yasəvinin adıyla bağlı olan bu qədim şəhər həm də türklərin mənəvi ocağı, mərkəzi, eyni zamanda Şərq poeziyasının özəyini təşkil edən sufizmin də beşiyi hesab edilir. Tarixi mənbələrə görə, IV əsrdə qurulan, əvvəlki adı “Yesi” olan Türküstan şəhəri Yasəvinin yaşadığı və vəfat etdiyi yerdir. Şəhərdə olduğumuz müddətdə adları tarixə həkk olunmuş bir sıra abidələri – Sayram qala-şəhəri, tarixi Otrar şəhəri, Yasəvinin müəllimi Arslan Baba türbəsini də ziyarət etmək imkanı bizə nəsib oldu.

Xoca Əhməd Yasəvi türbəsində

Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim yaşayış yerində tikilib. Türbə tarixi bir qala yaxınlığında, arxeoloji qazıntılar aparılan bölgədə yerləşir.
Əhməd Yasəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlib. Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınıb. Orta Asiya türkləri arasında islamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yasəvinin doğum tarixi dəqiq bilinmir. 1166-cı ildə dünyasını dəyişib. O, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından biridir. İlk təlim və tərbiyəsini Yəsi şəhərində alıb və bu şəhərin adını özünə təxəllüs götürüb.
Əhməd Yasəvinin XII əsrdə qurulan kiçik bir türbəsinin yerində yeni türbənin tikintisinə 1389-cu ildə başlanmışdı. Deyilənlərə görə, Əmir Teymur Şirazdan mozaika, İsfahandan daş və suvaq ustalarını gətirtdirir. Türbənin memarı İrandan Xacə Hüseyn Əli olur. Ancaq 1405-ci ildə Teymurun ölümü ilə tikinti başa çatmadan dayandırılır. Hətta bu abidə ilə bağlı maraqlı fikirlər də səsləndirirlər. Türbədə yerli sakinlərdən belə bir əhvalat da eşitdim: “Şərqin ən gözəl sənətkarları tərəfindən inşa etdirilən türbə iki dəfə gecə dağıntıya məruz qalıb. Teymur bundan çox əsəbiləşir və “axı nə üçün bu işi bitirə bilmirəm”, deyir. Elə həmin gecə, gördüyü yuxudan hər şey aydın olur. Röyasında Yasəvi ona deyir ki, sən əvvəlcə ilk müəllimi, məzarı Otrar şəhərində olan Arslan Babanın qəbiri üzərində türbə tikdir. Əmir Teymur buna əməl edir və sonra Yasəvinin üzərindəki türbəni tikintisinə başlayır.
Ziyarətçilərin türbəyə əsas girişi cənub-şərqdədir. Əsas bölüm Kazandıq (“bakir otaq”) hissəsi olaraq tanınır. Otağın mərkəzində Əmir Teymurun sifarişi ilə hazırlanmış Taykazan yerləşir. 1,5 metr hündürlüyü, 2,5 metr eni, 2 tona yaxın su tutumu olan Taykazanın ustası Abduləziz Şərafətdin olub. Xoca Əhməd Yasəvinin ruhuna ehtiram olaraq, ziyarətə gələn insanlara bu qazanda şərbət hazırlanıb verirlərmiş. 1932-ci ildə qazanı Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq) Ermitaja aparırlar. 1989-cu ildə Nursultan Nazarbayevin xahişi ilə Taykazan mavzoleyə qaytarılır. Deyirlər ki, qazan yerinə gətiriləndən sonra qazaxların ruzi-bərəkəti də artıb. Taykazan indi qazaxların birgəlik, bir ocaq başına yığışmaq kimi ailə dəyərləri simvoludur. Hətta qazaxlar arasında belə bir deyim də var: “Nə qədər ki, Taykazanımız bizimlədir, bizim işlərimiz də yolunda gedəcək”.

 İnanc və ənənələr davam edir

Zaman keçdikcə, xüsusilə də sovet dövründə türbə dağıntıya məruz qalır. Türk və islam dünyasının ortaq xəzinəsi və mədəni dəyəri olan bu külliyənin yenilənməsini, Qazaxıstan Respublikası ilə aparılan razılaşma nəticəsində Türkiyə Cümhuriyyəti öz üzərinə götürür və 1993-cü ildə TİKA-nın dəstəyi ilə təmir edilir. 2002-ci ildə abidə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Onu da qeyd edim ki, Xoca Əhməd Yasəvi məqbərəsi Qazaxıstan üzrə UNESCO-nun Dünya irsi siyahısına düşən ilk abidədir.
Türbədə olarkən diqqətimi çəkən məqamlardan biri də bu oldu ki, bu günə qədər də bu böyük sufi aliminin dünyagörüşü, təsiri davam etməkdədir. Vaxtilə Türküstan coğrafiyasında həm də inanc, ibadət mərkəzinə çevrilən bu möhtəşəm türbə ətrafında ənənəyə əməl edilir. Türbəni ziyarət etdiyim zaman bununla bağlı bir neçə məqama şahid oldum. Yerli sakinlər deyir ki, burda edilən dualar tez yerinə yetir. Yasəvinin dəfn edildiyi xüsusi otağın pəncərəsi önündə atılmış nəzir pulları da diqqətimdən yayınmır. Bundan başqa, ailə quran cütlüklər də mütləq türbəni ziyarət etməli və ondan necə deyərlər, xeyir-dua almalıdırlar. Ona görə də burada hər zaman yeni evlənəcək cütlüklərə rast gəlmək mümkündür. Türbənin yaxınlığında isə Xoca Əhməd Yasəvinin yaşadığı və hazırda muzeyə çevrilən evi yerləşir. Muzeyin ortasında Yasəvinin oturduğu quyu var. Bildirilir ki, 63 yaşını tamamlayan sufi alimi “Peyğəmbər cəmi 63 il yaşayıb. Bu yaşdan sonra yaşamağa utanıram”, deyə düşünərək, ömrünün sonrakı illərini həmin qaranlıq quyuda keçirib.


Tarixin yadigarları – Sayram və Otrar

Türküstanda ziyarət etdiyimiz məkanlardan biri də şəhərin şimal-qərbində, 40 km məsafədə, səhrada bir orta əsr qala-şəhəri olan Sauranın (Sayram) xarabalıqları oldu. Deyilənlərə görə, Yasəvi bu qala-şəhərdə anadan olub. Şəhər dağıntıya məruz qalsa da, qorunub-saxlanılan qalıqlardan burada klassik Şərq şəhər həyatının mövcudluğu görünməkdədir.
Növbəti üz tutduğumuz məkan Otrar şəhərinin adı isə demək olar ki, hər kəsə bəllidir. Açıq səma altında tarix muzeyinə çevrilən Otrarın darvazalarından içəri daxil olduqda sanki XI-XIII əsrlərə düşmüş olursan. Bələdçinin söylədiklərindən də məlum olur ki, qədim şəhərdə alimlər, üləmalar, musiqiçilər, şamanlar və münəccimlər, zərgərlər, eləcə də aşağı sinfin adamları yaşayan ayrı-ayrı məhəllələr mövcud olub. Arxeoloji qazıntılar zamanı bazarlar, şərab istehsal olunan yerlər, məscid, ayrı-ayrı satış dükanları və hamamın qalıqları tapılıb. Hündür qala ilə əhatə olunmuş İçərişəhərdə isə əsasən Xan və saray xadimləri yaşayıblar. 1219-cu ildə Çingiz xanın ordusu oğlu Cuçinin başçılığı altında bu şəhərə hücum etsə də, onu ələ keçirə bilməyib. Şəhər 6 ay mühasirədə qalsa da, təslim olmayıb.
UNESCO-nun Maddi İrsin Qorunması Fondu 2001-2004-cü illərdə “Otrar şəhərinin dirçəlişi” adlı layihə əsasında qala-şəhərin divarlarının alt qatı saxlanılmaqla və qədim nümunələr və divarlar görünməklə, üst qatda bərpa işlərinə dəstək verib. Bərpadan sonra 18 metr hündürlükdə qədim qala darvazası və divarı ucalıb. UNESCO burada öz layihəsini başa çatdırsa da, Qazaxıstan dövləti bərpa işlərini davam etdirir. Otrar şəhərində Yasəvinin müəllimi Arslan Babanın türbəsi də yer alır. Hər gün bu məkanı xeyli adam ziyarət edir.
Tarixi İpək Yolu marşrutunun önəmli bir şəhəri olan Türküstan şəhərində əsası 1992-ci ildə qoyulan Əhməd Yasəvi Qazax-Türk Universiteti də fəaliyyət göstərir. Qazaxıstanın inkişaf edən iqtisadiyyatının da təsiri ilə bu məkan həm modernləşmə, həm də şəhərləşmə anlamında türk dünyasının yüksələn bir dəyərinə çevrilib…

Mehparə Sultanova

Tarix
12 Sentyabr 2017 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ