Qusarda bağçılığın inkişafı təşviq olunur

17:11 - 8 Sentyabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu məqsədlə növbəti işgüzar forum sentyabrın 8-də Qusar rayonunun Aşağı İmamqulu kəndində keçirilib.
Forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1056 sahibkarlıq subyektinin ümumi dəyəri 267 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 72,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verilib.
İşgüzar forum çərçivəsində Qusarda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinın Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 1300-dən çox sahibkarın bağçılıq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilib.

Xəbər xətti