Soydaşlarımız milli-mədəni dəyərlərin qorunub saxlanılmasına önəm verir

18:19 - 8 Sentyabr 2017 - KİVDF

Qazaxıstandakı diaspora təşkilatları fəaliyyətini  Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatı ilə əlaqələrin möhkəmlənə yönəldib

Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Onlar yerli əhali və rus, özbək, türkmən, qırğızlarla isti əlaqələr quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal iştirak edirlər.Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaradıblar. Qazaxıstan Respublikasında "Qazaxıstan Xalq Assambleyası" yaradılıb və Prezident Nursultan Nazarbayev bu assambleyanın sədridir. Diaspora təşkilatlarımız bu assambleyanın üzvləridir. Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarımız barədə danışıb. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahardakı nitqdə Azərbaycan ilə Qazaxıstan arasında mehriban qonşuluq əlaqələrinə toxunaraq deyib ki, tarixi köklərə malik olan ölkələrimizi nadir təbii sərvətli Xəzər dənizi birləşdirir. Qazaxistan prezidenti Stalin repressiyası illərində Azərbaycan əhalisinin bir hissəsinin də Qazaxıstana köçürülməyə məruz qaldığını xatırladıb: “1937-ci ilin may ayının təkcə bir günü ərzində Qazaxıstanın Taldı-Kurqan vilayətinə konvoy altında 600 azərbaycanlı ailə gətirildi. Xalqımız bu qanunsuzluğun bütün günahsız qurbanlarının dərdinə şərik oldu, onlarla ev-eşiyini, bir parça çörəyini bölüşdü. Azərbaycanlılar qazax xalqı ilə əl-ələ verib Qazaxıstanda yeni müəssisələr tikdilər, ölkəni inkişaf etdirdilər. Onların bir çoxu burada qalıb yaşadı və artıq dediyim kimi, bizdə 130 minlik Azərbaycan diasporu var. Onlar Qazaxıstan vətəndaşlarıdır, ölkəmizin rəngarəng palitrasının ən parlaq hissələrindən biridir”.

Bu açıqlama onu göstərir ki, Qazaxıstanda yaşayan soydaşlarımızın fəaliyyəti hər zaman dövlətin diqqətindədir. Qayğı və diqqət isə 1990-cı illərdən Qazaxıstanda diaspora təşkilatlarının yaranmasına, onların daha fəal olmasına imkan verir. Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatlarından biri "Turan" Mədəniyyət Mərkəzidir. Bu mərkəz 1993-cü ildən qeydiyyatdan keçib və 1997-ci ildən fəaliyyət göstərir. “Turan” öz fəaliyyətini əsasən soydaşlarımızın milli-mədəni dəyərlərinin qorunub saxlanılmasına, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatı ilə əlaqələrin möhkəmlənə yönəldib.
“Turan” Mədəniyyət Mərkəzi öz əsas vəzifələrindən birini soydaşlarımızın öz ana dilini unutmamasına kömək etməkdə görür. Bu məqsədlə iki orta məktəbdə Azərbaycan şöbəsi açılıb. Qazaxıstan Pedoqoji İnstitunda Qazax-Azərbaycan şöbəsi yaradılıb. Mərkəz öz əsas vəzifələrindən birini də xarici ölkələrdə yaranan diaspora təşkilatları ilə əlaqə yaratmaqda görür. Mərkəzin rəhbərliyilə Almatıda “Ozan” Mədəniyyət Cəmiyyəti təsis olunub və bunun ardınca digər vilayətlərdə proses davam edib. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi və s. sahəsində fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzi Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı oxşar Azərbaycan ictimai mədəni cəmiyyətlərinin konqresində fəal işdirak edib. Bu sahədə  "Turan"ın missiyası daha geniş və fəaliyyəti böyükdür. Konqresin orqanı olan "Vətən" qəzeti qeydiyyatdan keçib. Qəzet Azərbaycan, qazax, və rus dillərində çap olunur.
1990-ci illərdən etibarən Aktöbe vilayətində "Dostluq", Jambul vilayətində "Azəri", Qərbi-Qazaxıstan vilayətində "Birlik", Qarağandı vilayətində "Namus", Kostanay vilayətində "Heydər", Pavlodar vilayətində "Vətən" və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda "Qazaxıstan Xalqı Assamleyası"nın üzvləridir. 
Diaspora fəallarından biri olan Əsgər Piriyev bildirib ki,paytaxt Astanada diasporanın çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış "Xəzər" milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. "Rəsmi Qazaxıstan hökuməti Azərbaycan əsilli vətəndaşlara burada öz adətini, dilini, mədəniyyətini, folklorunu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bütün şəraiti yaradıb. Buna "Xəzər" Azərbaycan Mədəniyyət Mərkəzi, "Turan times" qəzeti, Qazax radiosundakı Azərbaycan dilindəki efir və başqa fəaliyyətləri misal göstərmək olar",- o deyib.
Bununla yanaşı, 2003-cü ildə Astanada "Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi" ictimai təşkilatının nümayəndəliyi açılıb ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkorğan şəhərində "Naxçıvan", Şu şəhərində "Azərbaycanlıların Mədəniyyət Mərkəzi" təsis edilib və Astana, Almatı, Taldıkorğan, Qarağandı şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri açılıb. 
 25 sentyabr 2006-cı il tarixində Qazaxıstanın Jambul vilayətinin Şu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz T.Mirzəyev seçilib.
İki ölkə arasında bu yaxınlıqlar isə iqtisadiyyatın müxtəlif sahələrində özünü göstərir. Demək olar ki, Qazaxıstanda yaşayan azərbaycanlılar ticarətin bütün sektorlarında öz bacarıqları ilə ölkənin iqtisadiyyatına faydalı olurlar. Eyni zamanda iki ölkə üçün adlarına layiq mədəni və sosial sahədə fəaliyyət göstərirlər. Yüksək səviyyəli siyasi münasibətlərimiz isə iqtisadi əməkdaşlığımızın daha da dərinləşdirilməsinə yeni imkanlar açır. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi və müvafiq kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizə üstün mövqe qazandırır. Hazırda Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri, eləcə də dəmir yolu vasitəsilə Avropaya nəql edir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Qazaxıstana 195 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 68 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.
Keçən il iki ölkə arasında qeydə alınan 125 milyon dollarlıq ticarət dövriyyəsinin yaxın gələcəkdə bir neçə dəfə artırılması proqnozlaşdırılır. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizin qarşısında yeni imkanlar açır. Bundan əlavə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra dəfələrlə artacaqdır. Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru ƏrəstüNəbibbəylinin sözlərinə görə,Azərbaycan və Qazaxıstanın strateji coğrafi mövqeyi ölkələrimizin iqtisadi əlaqələrinin çoxvektorlu olmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzərdən Avropaya doğru, Qazaxıstandan şərqə doğru neft və dəmir yolu xətləri isə Çin istiqamətində vahid dəhliz yaradır. Yeni minillikdə Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı “İpək Yolu İqtisadi Kəməri”nin Şərqlə Qərb arasında ən böyük qovşaq olması gözlənilir. “Bir kəmər-bir yol” təşəbbüsü adlandırılan bu dəhliz Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektivlər vəd edir.
(ardı var)

 

Xəbər xətti