Ana səhifə
19 İyun 2018

Türküstanda “Şairlər görüşü” xoş təəssüratlarla yadda qaldı

(Molla Pənah Vaqif – 300)

“Molla Pənah Vaqif irsini bütün türk dünyasına yaymaq və təbliğ etmək hər birimizin borcudur”

   Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un həyata keçirdiyi ənənəvi layihələrdən biri – “Türk dünyası şairlər görüşü” bu il XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilmişdi. Tədbir avqustun 25-dən 27-dək Qazaxıstanın qədim şəhərində – 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Türküstanda gerçəkləşdi. 
   Türk dünyasının müxtəlif yerlərindən tədbirə dəvət alan şairlər öz təəssüratlarını bizimlə bölüşdülər.


 “Dilbar Hotun” jurnalının baş redaktoru Zinaida Arxipova (Saxa Yakutiya, Rusiya Federasiyası):
– Bu mənim Qazaxıstana ilk səfərimdir. Tədbirə dəvəti hələ may ayında almışdım. Elə bu dəvətdən sonra da Molla Pənah Vaqiflə maraqlanmağa başladım. Onun yaradıcılığı ilə tanış oldum və çox xoşuma gəldi. Apardığım araşdırmalardan bəlli oldu ki, Vaqif Azərbaycanın böyük şairlərindən biridir. Xüsusilə də, Vaqifin sevgi lirikasını bəyəndim. TÜRKSOY-un “Şairlər görüşü” layihəsinə gəlincə, burada türk dünyasının müxtəlif ölkə və diyarlarından gələn yaradıcı insanlarla tanış oldum. Azərbaycan, başqırd, tatar, qırğız, qazax, qaqauz türkləri ilə bir arada olub, eyni mədəniyyəti paylaşmaq fərqli bir hissdir. Bununla da çoxlu dostlar qazandım. Tədbirin təşkilatçılığı gözəl idi və buna görə TÜRKSOY-a minnətdarlığımı bildirirəm.


 Dünya Söz Akademiyasının sədri, tanınmış şair Hayreddin İvgin (Türkiyə): 
– “Türk dünyası şairlər görüşü” layihəsi Türküstanda uğurla gerçəkləşdirildi. Bu tədbirin məqsədi türk ellərinin şairlərini bir araya gətirərək həm də onları bir-birləri ilə tanış etmək, qarşılıqlı fikir mübadiləsi aparmalarına, əlaqələri möhkəmlətməyə nail olmaqdır. Bundan başqa, ortaq türk dilinin daha da anlaşılan olmasına çalışmaq məqsədlərdən biridir. Mən inanıram ki, belə tədbirlərin tez-tez keçirilməsi müsbət nəticələrə gətirib çıxaracaq. Belə görüşlərin hər il türk dünyasının fərqli şəhərlərində keçirilməsi də təqdirəlayiqdir. Budəfəki tədbirin önəmli bir xüsusiyyəti də onun Azərbaycanın tanınmış şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunması idi. Türkiyədə yetişən xalq şairi Karacaoğlan ilə bənzərlikləri olan Molla Pənah Vaqifin bu il həm də vəfatının 220 illiyidir. Tədbirdə Vaqifin şeirləri də oxundu. Bir sözlə, Türküstanda, Əhməd Yasəvi Universitetində baş tutan “Şairlər görüşü” çox gözəl məqamlarla yadda qaldı.


 Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, şair Dəyanət Osmanlı:
– TÜRKSOY-un təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyini Qazaxıstanın Türküstan şəhərində çox böyük bir coşqu ilə qeyd etdik. Hesab edirəm ki, böyük mədəniyyət xadimlərinin yubileylərinin türk dünyasının müxtəlif şəhərlərində keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Qazaxıstanda keçirilən bu tədbir sayəsində türkdilli ölkələrdən gələn şairlərlə görüşdük, fikir mübadiləsi apardıq, şeirlərimizi söylədik. Bu isə türk xalqlarının ədəbiyyatının bir-birinə inteqrasiyasında böyük rol oynayacaq.


 Şairə Güllü Karanfil (Qaqauz Yeri, Moldova): 
– Türküstan şəhərində keçirdiyimiz bu 3-4 gün mənim çox xoşuma gəldi. Çünki buraya türk dünyasının şairləri toplandı. Şeir, poeziya, bədii söz çox güclü təsir vasitəsidir. O, xalqın tarixini, onun durumunu əks etdirir. Əslində, hər bir xalqın mədəniyyətini, fəlsəfəsini ortaya qoyan şeirdir. Ona görə də bizim bir-birimizi tanımağımız çox gözəl fürsətdir. Burada tarixi yerləri gəzdik, gördüklərim məndə zəngin təəssürat yaratdı. Bu tədbir Azərbaycanın məşhur şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuşdu. Burada şairin başqa dillərə çevrilmiş şeirləri səsləndirildi ki, bu da çox maraqlı idi. Mən də bir şairə olaraq Vaqifin 7 şeirini seçdim və onları qaqauz dilinə tərcümə etməyə hazırlaşıram. “Şairlər görüşü” layihəsinin Azərbaycan şairi Vaqifə həsr edilməsi münasibətilə TÜRKSOY-a minnətdarlığımı bildirirəm. Bunu həm də təşkilatın böyük diqqəti kimi də dəyərləndirirəm. Çünki Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında çox böyük bir iz buraxıb. Onu türk dünyasına yaymaq və təbliğ etmək hər birimizin borcudur.

 Mehparə Sultanova
 Ankara

Tarix
8 Sentyabr 2017 [13:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin