Ana səhifə
22 Avqust 2018

“Olimpiya çempionu olmaq istəyirəm” - Müsahibə

“Reytinqdə birinci olduğum üçün diqqətlər üzərimdədir”

 

 

Hacı Əliyev: “Mənim çəkimdə olan olimpiya çempionları ilə güləşib qalib gəlmək istəyirəm”

 

Azərbaycanın dünyada layiqincə təmsil olunduğu sahələrdən biri də idmandır. Ölkəmizə qələbə gətirən idmçançılardan biri də sərbəst güləş üzrə yığma komandamızın üzvü Hacı Əliyevdir. O, 61 kq çəki dərəcəsində mübarizə aparır. Hər il müəyyən uğurlara imza atan idmançı bu il ən böyük qələbəsini qazanıb. İlin birinci yarısında Avropa çempionu olmaqla həmvətənlilərini sevindirən idmançı, ilin ikinci yarısında dünya çempionu olub. Dünya və Avropa çempionu Hacı Əliyev redaksiyamızın qonağı olub. Onunla idmana gəlişi, qələbələri, məğlubiyyətləri, gələcək hədəfləri və sair mövzularda söhbət apardıq. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.

 

- İlk olaraq güləşə həvəsdən danışaq. Bu sizdə necə yarandı?

 

- Məndə güləşə marağı atam formalaşdırıb. O güləşlə məşğul olduğundan qardaşımla məni uşaq vaxtlarımızdan bu sahəyə istiqamətləndirib. İlk dövrlərdə maraq üçün güləşsək də, sonradan professional olaraq bu sahə ilə ciddi məşğul olmağa başladıq. Qardaşım sərbəst güləş üzrə Avropa mükafatçısıdır.

 

- Güləş çətin idman növüdür?

 

- Əlbəttə, çətindir. 14 ildir ki, güləşlə məşğul oluram. Bütün idman növlərinin özünəməxsus çətinlikləri var. Amma məncə, sərbəst güləş ən çətinidir.

 

- Fəaliyyət göstərdiyiniz illərə nəzər saldıqda, müəyyən uğurlarınız diqqəti çəkir. Sizi uğurlu idmançı hesab etmək olarmı?

 

- Olar. İdmançı hər il müəyyən nəticələr əldə etdicə, bu onun özünü də sevindirir. Çünki çəkdiyi əziyyətlər bəhrəsini verir. Ortada nəticə olur. Mən hər il nəticə əldə etdikcə, daha böyük uğurlar qazanmağı qarşıma hədəf qoyuram. Bu hədəfə nail olmaq üçün daha əzmlə məşq edirəm. Bir sözlə uğur qazanmaq, vətənimi layiqincə təmsil etmək istəyirəm.

 

- Ən yaxşı nəticəni bu il göstərdiniz.

 

- İl əzində dayanmadan məşq etdim, məşqçilərin tapşırıqlarını yerinə yetirdim. Dünya və Avropa çempionu olmağım bu əziyyətlərin bəhrəsidir. Başqaları istirahət edərkən biz idman salonlarında tərk tökürük, əyləncələrə vaxtımız olmur.

 

- İstirahətə vaxt ayıra bilmirsiz?

 

- İstirahətimiz az olur. Yalnız bazar günü məşq etmirik.

 

- Bəzi idmançılar var ki, yorulduqlarını deyib müəyyən müuddət idmandan uzaqlaşırlar. Sizdə belə hal yaşanıbmı?

 

- Hansısa yarışda iştirak edəndən sonra məqçilər bizə bir həftə istirahət verirlər. Amma 3-4 gün istirahət edəndən sonra məşq üçün darıxıram. Mən məşqlərdə fasiləni sevənlərdən deyiləm.

 

- “Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm” – demisiz. 2014-cü il başa çatır. Gələn ilin güclüsü olmaq niyyətiniz varmı?

 

- İnşallah, gələn il üçün bizi Avropa oyunları gözləyir. Əsas hədəf orada qalib olmaqdır. Çalışacam ki, Bakıdakı Avropa oyunlarında da uğur qazanım.

 

- Beynəlxalq Güləş Federasiyası avqust ayı üçün sərbəst güləşçilərin reytinqini açıqladı.  Çəkinizdə birinci siz oldunuz. Oktyabrda da liderliyininizi saxladınız. Birinciliyi qoruyub saxlamaq çətin deyil ki?

 

-Reytinqdə birinciliyi qoruyub saxlamaq çətindir. Həm ad, həm iş olaraq bu idmançıya çətindir. Artıq reytinqdə birinci olduğum üçün diqqətlər üzərimdədir və başqa idmançılar da istəyirlər ki, reytinqdə irəli keçsinlər. Ona görə də birinciliyi qoruyub saxlamaq çətindir. Amma gücüm çatan qədər çalışıram öz yerimi qoruyum.

 

- Bəzən idmançılar müəyyən uğur qazanandan sonra, onu təkrarlaya bilmirlər. Bu nə ilə bağlıdır?

 

- Bu idmançının özündən asılıdır. Bəzi idmançılar müəyyən uğur qazanandıqdan sonra məşqləri buraxırlar. Olimpiya çempionu olmusansa, bir-iki ay istirahət götürə bilərsən. Əgər davam etmək fikri varsa, məşqlərinə yenidən başlamalıdır. Bunu istəmirsə, idmandan ayrıldığını deyə bilər. Hər bir idmançının əsas hədəfi olimpiya çempionu olmaqdır. Ondan yüksək nailiyyət yoxdur ki, ora doğru getməyə can atasan. Amma idmançının hansı yaşda olimpia çempionu olması da önəmlidir. 20 yaşda olimpiya çempionu olursansa, güləşlə məşğul olmaq olar. Amma idmançı 26-27 yaşında olimpiya çempionu olarsa, məncə onun haqqıdır ki, idmanı buraxıb başqa işlə məşğul olsun.

 

- İdmançılar qələbəni təkrarlaya bilməyəndə izləyicilər məyus olurlar...

 

- Şərt deyil ki, idmançı bu il dünya çempionu olubsa, gələn il də bu adı qorusun. İldən-ilə rəqiblər də dəyişir, güclənir. İdmançı çalışmalıdır ki, ən azından pillələrin birində özünü saxlasın.

 

- Kimləri özünüzə rəqib görürsüz?

 

- Qarşıdan gələn Avropa Olimpiya oyunlarından danışmaq istəyirəm. O yarışlarda güclü rəqib olaraq Rusiya güləşçilərini görürəm. Ukrayna, Gürcüstan idmançıları da rəqib ola bilər. Amma əsas rus idmançılarını rəqib olaraq görürəm.

 

- Adətən idmançılar məşqlərə laqeyd yanaşanda məşqçilərin sərt metodları da olur. Sizə qarşı müəllimlərin sərt metodu olubmu?

 

- İstər yığma komandanın, istər şəxsi məşqçilərin mənə verdiyi hər bir tapşırığı düzgün yerinə yetirməyə çalışıram. Ona görə də heç vaxt məşqçilərimdən artıq söz eşitməmişəm.

 

- Məsuliyyətli insansınız?

 

- Hə. Ən xoşlamadığım şey məşqə gecikməkdir. Ola bilər hansısa iş olar və məşqçidən icazə alaram. Amma normal vaxtda niyə gecikməliyəm axı? Məşqə gecikənləri də xoşlamıram. İşə məsuliyyətsiz yanaşmaq olmaz.

 

-  Məşqlər vaxtınızı çox alır. Bəs, təhsilə vaxt ayıra bilmisiz?

 

- 7-ci sinifə qədər yaşı oxumuşam. Amma sonradan məşqlərə getdiyim üçün dərslərə ara verirdim. Məşqdən yorğun gəlirdim və dərs oxumağa halım olmurdu. Amma güləşə getməsəydim dərslərimi yaxşı oxuya bilərdim. Ali təhsilimi Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam.

 

- Hər bir idmançı üçün qaçılmaz olan məğlubiyyətdən danışaq. Məğlubiyyəti necə qəbul edirsiz?

 

- Bu, çox pis haldır. Əgər məğlub olursansa, məcbur olub bu vəziyyətlə barışmalısan. Amma xalça üzərində görüşün sonuna az qalmış məğlub olduğunu hiss etmək daha üzücüdür. Çünki son saniyələr gedir və artıq hesabı öz xeyrinə dəyişmək üçün heç nə etmək olmur. Məğlub olduqdan sonra kənarda oturub düşünürəm ki, nəyi düz etmədim? Heç bir idmançıya məğlubiyyət arzulamıram. Amma bu idmandı. ki rəqibdən biri məğlub olmalıdır.

 

-Sizi ən çox üzən hansı məğlubiyyət olub?

 

- 2010-cu ildə Bakıda böyüklər arasında Avropa çempionatı keçirilib. Həmin vaxt 18 yaşım var idi və gənclər komandasında güləşirdim. Bakıda keçirilənçempionata mən də qatıldım. Çempion olmasam da, medal qazana bilərdim. Dizimdə problem olduğu üçün istənilən nəticəni əldə edə bilmədim. Amma qələbə qazanmağı çox istəyirdim, qismət olmadı. Mənə qalib gələn isə o qədər də güclü idmançı deyildi.

 

- Güclü olduğunuz halda uduzdunuz...

 

- Belə hallar olur. Keçən il mən indiki formada olsam da, Avropa və dünya çempionatında məğlub oldum və heç bir nəticə verə bilmədim. Amma bu il istədiyim nəticəni əldə etdim. Yəqin ki, keçən il hardasa və nədəsə zəiflik olub.

 

- Çatışmamazlıqları sonradan təhlil edirsiz?

 

- Bəli, məşqçilər bizə etdiyimiz səhvləri bildirirlər. Məşqlərdəhəmin səhvlərin düzəldilməsi üçün çalışırıq.

 

- İdmançılar döyüş zamanı tez-tez zədələnirlər. Zədələriniz çox olur?

 

- Şükürlər olsun ki, indi heç bir zədəm yoxdur. Amma 2010-cu ildə dizimdə zədə vardı və əməliyyat olundum. Bu il Avropa çempionu olduqdan sonra burnumdan əməliyyat  keçirdim. Professional idmanla məşğul olan hər kəsdə zədələr olur.

 

- Bəs, izləyici olaraq sizə hansı idman növü daha maraqlı gəlir?

 

- Futbol mənə maraqlıdır. Boş vaxtım olan kimi dostlarla futbol oynayıram. Futbola həm baxmaq, həm oynamaq maraqlıdır.

 

- Amma futbolumuz  arzuolunan səviyyədə deyil...

 

- Bir neçə gün öncə Azərbaycan-Norveç matçını izlədim. Azərbaycan yığması yenə uduzdu. Məyus oldum. Futbolumuz yaxşıdı, amma bir balaca nə isə çatışmır. Futbolçularımız heç də digər ölkələrin futbolçularından zəif deyillər. Yəqin ki, öz üzərlərində çalışsalar növbəti matçlarda uğur qazanarlar..

 

- Güləşlə bağlı hansı arzularınız var?

 

- Böyüklər arasında Avropa və dünya çempionu olmuşam. İndi isə olimpiya çempionu olmaq istəyirəm. Hədəfim olimpia çempionu olmaqdır. Gələn il Bakıda keçiriləcək Avropa, həmdə 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarında qələbə qazanmaq istəyirəm. Əsas hədəflər bunlardır. İnşallah uğurlu çıxış edərəm. Bu nailiyyətləri əldə edəndən sonra gələcək idman ğaleyimlə bağlı düşünəcəm. Əgər mənə qalib gələ biləcək gənc idmançılarımız yetişsə, o zaman güləşdən uzaqlaşacam. Amma bunu hiss etməsəm, davam etdirəcəm.

 

 

Aygün Asimqızı

Tarix
21 Noyabr 2014 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin