Diaspora təşkilatlarımız ölkəmizin maraqlarının müdafiəsində fəal iştirak edir

18:12 - 7 Sentyabr 2017 - KİVDF

 Qazaxıstanda fəaliyyət göstərən diaspora təşkilatlarımız Azərbaycanla bağlı hadisələrdə, ölkəmizin maraqlarının müdafiəsində fəal iştirak edirlər.  Son hadisələr də bunu deməyə əsas verir. Məsələn.Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, araşdıma mərkəzləri, qeyri-hökümət qurumları, Azərbaycan diasporu iyul ayının 4-də Füzuli rayonun Alxanlı kəndinin sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı bəyanatla çıxış ediblər. Dünya Axısqa Türkləri İctimai Birliyi, uyğurların “Turan dünyası” Beynəlxalq Fondu, “Xəzər”  İctimai Birliyi, eləcə də “Ozan” Təşkilatı öz bəyanatlarında vurğulayıblar ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı qəbuledilməzdir. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsinə göz yummaq ədalətsizlikdir.  Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında isə bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqn hüquqlarına ziddir. Qazaxıstanda akkreditasiya olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” “UNİSEF”  Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə  ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş qətl hadisəsinin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bəyanatda  erməni silahlı qüvvələrinin bütün cinayətkar əməlləri pislənilir, mülki əhalinin hədəfə çevrilməsinə son qoyulması və bu kimi hallara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunur.

 Bu hadisə Qazaxıstann mətbuatının da diqqətini çəkib və bu ölkənin mətbuatı da proseslərə seyrçi qalmayıb. Kazinform İnformasiya agentliyində, Xarici İşlər Nazirliyinin bəyanatına hadisəyə geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh proresinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir. 
Beynəlxalq türk Akademiyasının bəyanatında isə deyilir: “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”
 Qazaxıstanda fəaliyyət göstərən diaspora təşkilatları xarıcdəki diaspora təşkilatları ilə birlikdə əcnəbi incəsənət ustalarının Dağlıq Qarabağda çıxışına qarşı da olub.  Bildirilib ki, Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi incəsənət ustalarının Azərbaycana girişi qadağan edilməlidir. Diaspora təşkilatlarımızın  müxtəlif ünvanlara göndərdikləri bəyanatlarda bildirilib. Bəyanatlarda bildirilir ki,  Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfər Azərbaycan diasporunun ciddi narazılığına və etirazına səbəb olub. Onların respublikamızın işğal edilmiş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik göstərməsini qəti şəkildə pisləyən diaspor təşkilatlarının rəhbərləri öz bəyanatlarında qeyd edirlər ki, bu həm beynəlxalq hüququn normalarının, həm diplomatik etiketin pozulması deməkdir və vəzifəsindən asılı olmayaraq heç bir dövlətin vətəndaşı ölkəmizin ərazi bütövlüyünə sayğısızlıq göstərməməli, ermənilərin işğal etdiyi Qarabağ ərazisinə Azərbaycandan başqa heç bir dövlətin ərazisindən getməməlidir. Çünki bu cür səfərlər Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək deməkdir.

Soydaşlarımız hesab edirlər ki, dövlətimizin suverenliyinə etinasızlıq nümayiş etdirən bu cür siyasətçilərin, ictimai-siyasi xadimlərin, o cümlədən ayrı-ayrı vaxtlarda Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi incəsənət ustalarının Azərbaycan Respublikasına girişi qadağan edilməlidir".
 Qazaxıstanda fəaliyyət göstərən diaspora təşkilatları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı da narahatlıqlarını ortaya qoyublar.
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya ədliyyə naziri Aleksandr Konovalova müraciət edib: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbərlərə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın olmaması bizi daha çox məyus edir”.
 
ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün səmərəli xidmət göstərdiyini vurğulayıblar: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır. Bu gün Azərbaycan Respublikası və onun prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar sizdən xahiş edirik ki, narahatlığımızı Rusiya prezidenti cənab  Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz”.
 
Qazaxıstanda yaşayan azərbaycanlılar A. Konovalovun diqqətinə çatdırıblar ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər. Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası A. Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirib. 
Diaspora təşkilatlarımızın səyi nəticəsində Qazaxıstanın Astana şəhərinin yaxınlığındakı Akmola qəsəbəsində repressiyaya məruz qalmış azərbaycanlı qadınların xatirəsinə memorial abidə ucaldılıb. Abidə Qazaxıstandakı Azərbaycan diasporu, Astana şəhəri “Xəzər” Mədəniyyət Mərkəzi və “Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı”nın birgə təşəbbüsü ilə ucaldılıb. Abidə ötən əsrin 30-40-cı illərində “Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin həyat yoldaşları düşərgəsi”nin yerləşdiyi ərazidə qoyulub.
 
Qeyd edək ki, 1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılıb. Onların əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunublar. 

(ardı var)

Xəbər xətti