Ana səhifə
12 Dekabr 2018

Girov götürülən soydaşlarımız qondarma məhkəmə qarşısına çıxarılır

Əvəz Həsənov: «Vəkil girov götürülən soydaşlarımızın ailə üzvləri tərəfindən tutmalıdır»

 

 

Bu ilin iyulunda ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşları məhkəmə qarşısına çıxarılır. Xankəndində baş tutacaq qondarma məhkəmə prosesində Şahbaz Quliyev və Dilqəm Həsənov cavab verəcək. Məhkəmənin dəqiq vaxtı bilinməsə də, ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq”da ittiham olunur.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Əvəz Həsənov isə Ermənistanın bu qondarma məhkəməni qəsdən bu şəkildə keçirdiyini vurğulayır: «Əslində qondarma Dağlıq Qarabağ Respublikası hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı cinayət işi başlaması da absurd idi. Hazırda təşkil olunan məhkəmənin də qondarma olduğu heç kimdə şübhə doğurmur. Amma unutmaq olmaz ki, Ermənistan tərəfi açıqlayıb ki, həmin şəxslər Gədəbəy rayonu ərazisindən sərhəddi pozub. Buna görə də bu maddə soydaşlarımızın cəzalarını ağırlaşdıra bilər. Həmçinin, adam öldürmək məsələsi varsa, bunun törədilməsinin məkanı önəmli deyil. Yəqin ki, məhkəmə prosesində də ermənilər əsas bu iki maddəni önə çəkəcək. Eyni zamanda qondarma məhkəmə prosesinin Xankəndində keçirilməsi Azərbaycanı bilərəkdən bu oyunda iştirakı sövq etməkdir. Düşünürəm ki, indiki mərhələdə Azərbaycan tərəfi proseslərə uyğun olaraq adekvat addımlar atmalıdır. Azərbaycan beynəlxalq səviyyədə öz vətəndaşlarının müdafiəsini təşkil etmək üzərində düşünməlidir. Onlara vəkil tutmaq lazımdır və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə onların hüquqi səviyyədə müdafiəsi təşkil olunmalıdır. Amma vəkil girov götürülən soydaşlarımızın ailə üzvləri tərəfindən tutmalıdır. Hökumət isə vəkilin pulunun ödənilməsinə kömək edə bilər. Eyni zamanda həmin vəkilin Xankəndinə səfərinə əngəl yaradılmamalıdır. Həmçinin, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır ki, vətəndaşları müdafiəsiz vəziyyətdə qalıb».

Hüquqşünas Əliməmməd Nuriyev isə deyir ki, girov götürülən şəxslərə qarşı irəli sürülən ittihamlar əsassızdır: «Həmin şəxslər öz doğma torpaqlarına gediblər. İki kəlbəcərlinin öz doğulduqları torpaqda girov götürülməsi onların mühakimə olunmasına rəvac vermir. Çünki beynəlxalq hüquq normalarına uyğun olaraq  bu, yolverilməzdir. İşğalçı tərəf girovlarla münasibətdə diqqətli olmalı, beynəlxalq humanitar hüququn prinsiplərinə hörmətlə yanaşmalıdır. Cenevrə Konvensiyasına görə, mülki əhali müdafiə olunur. Qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycan vətəndaşları ilə bağlı cinayət işi başlamasının və onları mühakimə etməsinin hüquqi əsası yoxdur. Bu separatçı və Ermənistanın əlində alət olan bir qurumdur. Soydaşlarımızın əməlində cəsusluq fəaliyyətinin olması, qanunusuz silah saxlama da qondarmadır».

Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsindən verilən məlumata görə, baş çəkmə oktyabrın 6-da baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürüblər, Həsən Həsənov isə öldürülüb. Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

 

 

Xalid

Tarix
8 Oktyabr 2014 [22:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin