Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaradıb

18:28 - 5 Sentyabr 2017 - KİVDF

Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qazaxıstanın bütün ərazisində məskunlaşan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaradıblar. 2007-ci ilə olan qeyri-rəsmi mənbələrə əsasən Qazaxıstanda 110,000-300,000 arasında etnik azərbaycanlı yaşayır. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bu ölkədəki diaspora qurumları gördüyü işlərlə iki respublika arasında əlaqələrin möhkəmlənməsində öz töhfələrini verib və bu gün də verirlər. Onların arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyası,"Ozan" Azərbaycan Mədəniyyət Mərkəzi,"Xəzər" İctimai Birliyi, "Heydər" Azərbaycan Mədəniyyət Mərkəzi, "Dostluq" Mədəniyyət Mərkəzi, "Heydərçi" Azərbaycanlı Gənclər Təşkilatı və s fəaliyyətləri ilə diqqəti çəkirlər. Burada Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlərinin İttifaqı fəaliyyət göstərir Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqının sədri Vidadi Salahov müsahibələrinin birində bildirib ki, bizim diasporun daxilində Mədəni mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda, həmin mərkəzlərin daxilində "bazar günü" azərbaycandilli məktəblər və özfəaliyyət dərnəkləri mövcuddur. "Onların fəaliyyətlərinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycanın zəngin tarixi, misilsiz mədəni irsi və görkəmli ziyalıları haqqında ətraflı məlumat verilir. Hər il Azərbaycanla bağlı olan bayramlar və anım mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlər keçiririk. Bütün bu işləri həyata keçirməkdə bir məqsədimiz də odur ki, Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadıqları ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı, doğma Vətəninə sevgi, xalqına, millətinə, dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər bir vətəndaşın mənəvi borcudur".

“Heydərçi” Azərbaycanlı Gənclər təşkilatının sədri Bəhruz Axundov isə rəhbərlik etdiyi təşkilartın heç bir maliyyə dəstəyi olmadan vətənimizi Qazaxıstanda şərəflə təmsil etdiklərini deyib. Onun sözlərinə görə, Orta Asiya ölkələrindəki gənc diaspor üzvləri gücləri çatdığı qədər fəallıq göstərirlər. " Qazaxıstanda yaşayan azərbaycanlı gənclər öz xalqımızla yanaşı, digər xalqların gəncləri ilə də çox sıx mehriban münasibətdədir. Bu sıx mehriban münasibətin bünövrəsi vaxtı ilə bizim böyüklərimiz tərəfindən qoyulub və xüsusən də Qazaxıstan ictimaiyyəti ulu öndərimiz Heydər Əliyevlə Nursultan Nazarbayevin dostluq, qardaşlıq münasibətini unutmayıb. Məhz bunun nəticəsidir ki, biz Qazaxıstanda yaşayan azərbaycanlılar bu qardaş ölkəni özümüzə yaxın, doğma bilirik və bunu gələcək nəslə çatdırmaq da bizim vəzifəmizdir. Bu vəzifəni yerinə yetirmək bizim üçün çox böyük şərəfdir".
Təşkilat sədri qeyd edib ki, azərbaycanlı gənclər bütün sahələrdə inkişaf ediblər və onlar üçün qardaş Qazaxıstan tərəfindən hər cür şərait yaradılır. "İstər dövlət sahələrində, istərsə də fərdi iş sahələrində bu ölkə tərəfindən dəstəyi həmişə görürük. Və sözsüz ki, bu qədər zəngin tarixli və dəyərli xalqın gəncləri həmişə öz fərqliliyi ilə başqa xalqların gənclərindən daha üstün səviyyədə olmağa çalışırlar və bunu da bacarırlar".
 Diaspora təşkilatları iki respublikanın iqtisadi əlaqələrinin inkişafında da yaxından iştirak edir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Sovet dönəmində  Qzaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynayıblar. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər.
Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq ediblər ki, bu ənənə günümüzdə də davam edir.
2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanıb. Azərrbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəyli də Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı hazırladığı məqalədə ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs edib. Məqalədə deyilir: "Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır.
Bir çox analitiklər Avrasiya regionunda strateji əhəmiyyətinə görə Qafqaz, Mərkəzi Asiya və Balkanları bərabər tuturlar. Bu bölgələr geosiyasi çəkisinə, eləcə də fərqli sivilizasiyaların kəsişmə mövqeyində yerləşməsindən irəli gələn coğrafi əhəmiyyətinə görə fərqlənirlər. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiyaların getdiyi yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və bu bölgələrdə etnik-dini münaqişələr davam edir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionlarda milli maraqlara söykənən müstəqil siyasət yeritmək olduqca çətindir.
Sovetlər İttifaqının dağılmasından sonra əsrin dörddəbirini geridə qoyan Azərbaycanın və Qazaxıstanın müstəqil dövlət olaraq formalaşmasının ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz Heydər Əliyev dühasının və Nursultan Nazarbayevin uzaqgörən siyasəti hesabına hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini ortaya qoya bildilər. Ümumiyyətlə, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olmuşdur. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb".
(ardı var)

Xəbər xətti