Dünyada Azərbaycanın tanıdılması lobbiçiliyin yüksək səviyyəyə gətirib çıxarılması deməkdir

18:18 - 29 Avqust 2017 - KİVDF

Diaspora təşkilatlarının fəaliyyəti nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb 


Azərbaycanda mütəmadi keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Ölkəmizə müxtəlif ölkələrin keçmiş və fəaliyyətdə olan dövlət və hökumət başçıları, alimləri, ictimai, siyasi və mədəniyyət xadimləri gəlir. Bəzən söyləyirlər ki, bunun diaspora nə aidiyyəti var? Əslində, görülən bu iş lobbiçiliyin ən üst səviyyəli tərkib hissələrindən biridir. Hər hansı bir ölkədə 10 il ərzində demokratik seçilmiş prezidentin, artıq o dövlətdə hər kəsin tanıdığı, hörmət etdiyi bir şəxsin Azərbaycana gəlib, buranı tanıyıb geri dönərkən azərbaycanlıların müraciətinə müsbət cavab verib, bütün işlərində iştirak etməsi lobbiçiliyin ən yüksək səviyyəyə gətirib çıxarılması deməkdir. Bu sahədə geniş fəaliyyətlər var və artıq müəyyən uğurlar əldə edilib. Artıq Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib. Bu cəhətdən Fransa ilə əlaqələrin inkişafı daha təqdirəlayiqdir. Strasburqdakı “Azərbaycan evi” Cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” mövzusunda keçirilən konfrans əlaqələrin inkişafı baxımından əhəmiyyətli idi. Tədbirin təşkilatçıları Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi” və Strasburq Türkologiya Departamenti olub.

“Araz” Fransa-Azərbaycan  Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilib. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.
Niderland Krallığının Rotterdam şəhərində bu yaxınlarda "Azərbaycan” küçəsi açılacaq, şəhərin "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq. Bu barədə  Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib. O qeyd edib ki, artıq bununla bağlı yerli bələdiyyələr ilə müvafiq yazışmalar da aparılıb: "Hər iki təşəbbüsün müəllifi Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresidir".
S.Qasımov qeyd edib ki, yaxın günlərdə təsdiq alınan kimi abidənin qoyuluşuna və küçənin açılışına start veriləcək.
Qeyd edək ki, Krallığın ikinci böyük şəhəri olan Rotterdamda artıq bir müddətdir "Bakı" küçəsi mövcuddur.  Bundan başqa, Niderlandın Amsterdam şəhərində Azərbaycan dilinin tədris ediləcəyi məktəb mövcuddur. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib. Bunlar diaspora təşkilatlarının fəaliyyətinin nəticəsidir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da hər zaman qeyd edir ki, Azərbaycan xalqının mədəni irsinin təbliği diaspor təşkilatlarının qarşısına vəzifə kimi qoyulub: “Bu istiqamətdə dövlət qurumlarının, eyni zamanda Diaspor Komitəsinin təklif və layihələri olur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin bır çox uğurlu layihələri diasporumuzun iştirakı ilə həyata keçirilib. Dünya ölkələrində yaşayan azsaylı xalqların beynəlxalq festivalları keçirilir ki, Diaspor Komitəsi də o festivalların qrafikini diqqətdə saxlayır və həmin festivallarda hökmən azərbaycanlı icmasının da iştirakını təmin etməyə çalışır. Bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə təmin edilir”.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqəsi, uşaq musiqi festivalı, caz festivalı və digər mədəni tədbirlər keçirilib. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində dərc olunan, dünyanın onlarla ölkəsində yayılan “Azərbaycan - İrs” jurnalını təsis edib. Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Məsələn, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğamımızı dünyaya tanıdıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil edilib. Bakıda keçirilən bu tədbir müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə parlaq səhifə kimi daxil olub. Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda çox yüksək səviyyədədir. Heç şübhəsiz, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrinin birində deyib ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi.

(ardı var)

Xəbər xətti