Diaspor təşkilatları mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər

18:17 - 28 Avqust 2017 - KİVDF

Zəngin mədəni irsimizin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir


Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz dünya ölkələri ilə mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin konsertləri bunu deməyə əsas verir ki, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində aparılan məhsuldar işlər nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu sahədə 2016-ci və bu ilin ötən aylarında görülmüş işlərin yekununa nəzər salsaq Azərbaycan xalqının zəngin mədəni irsinin, adət və ənənələrinin təbliği, həmçinin dövlət əhəmiyyətli tarixi əlamətdar günlərin qeyd olunması istiqamətində də müxtəlif formatlı mədəni-kütləvi tədbirlərin təşkil olunduğunun şahidi olarıq. Ümumilikdə xarici ölkələrdəki Azərbaycan icması tərəfindən 2016-ci ildə 70-dən çox, bu ilin ötən aylarında 40-a yaxın tədbir keçirilib. Xüsusilə Novruz bayramı ərəfəsində diaspor təşkilatları mühüm tədbirlər keçirirlər. Ümumiyyətlə, Azərbaycanın milli bayramları dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Berlindəki “Azərbaycan evi” cəmiyyətinin keçirdiyi “Novruzunuz mübarək!” bayram şənliyində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələri iştirak edib. Almaniyanın Oldenburq şəhərində, Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur. Bu kimi tədbirlər Paris başda olmaqla dünyanın aparıcı şəhərlərində də qeyd olunur.
Dünyanın müxtəlif ölkələrində məskunlaşan  soydaşlarımız “Novruz bayramı” ilə yanaşı 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü və digər bayramları geniş şəkildə qeyd edərək ölkəmizin tarixi, zəngin mədəni irsini təbliğ etməyə çalışırlar. Bununla yanaşı, soydaşlarımız Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edir, dünya festivallarında və sərgilərdə iştirak edirlər. Bu festivallara iyulun 10-da Moskvada keçirilmiş Milli Mətbəxt Festivalını, oktyabrın 1-də Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalını və digər festivalları nümunə göstərmək olar. 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, oktyabrın 10-da Kanadada fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə ilk dəfə olaraq “Azərbaycan mədəniyyəti günü” tədbiri təşkil edib. Alberta əyalətinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə “Kalqari ulduzları” qrupu iştirakçılara Azərbaycanın milli rəqsləri, o cümlədən “Tərəkəmə”, “Naxçıvani”, “Nəlbəki”, “Sarı gəlin”, “Ləzginka” və s. ifa ediblər. Həmçinin Yapon Cəmiyyəti tərəfindən kimononun hazırlanması, yerli “HYMN” qrupunun ifasında canlı musiqi, “Qaya-Kalqari” qrupunun ifasında isə “Bəri gəl” xalq mahnısı təqdim olunub.
Oktyabr ayında dünyanın bir çox ölkələrində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmin gün Moskvada Azərbaycanın dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən esse müsabiqəsi, oktyabrın  16-da Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində keçirilən tədbirlər də bura daxildir. Həmçinin, oktyabrın 18-də Nyu-Yorkda Nyu-York Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə, oktyabrın 19-da Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin təşkilatçılığı ilə, oktyabrın 20-də İstanbul Türkiyə Azərbaycan Dərnəyinin  (İSTAD) təşkilatçılığı ilə  keçirilən tədbirləri, Avropa ölkələrində, Türkiyənin bir çox şəhərlərindəki diaspor təşkilatlarının keçirdikləri tədbirləri nümunə göstərmək olar. 
Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub. Belə tədbirlər vaxtaşırı keçirilir.
Dekabr ayının 12-də ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dünyanın bir çox ölkələrində  müxtəlif formatlı tədbirlər keçirilib. Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi nümayiş etdirilib. Estoniyadakı Akademik Z.Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu ulu öndərin fəaliyyətinə həsr olunmuş konfrans keçirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” Cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” Cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan diasporu məşhur, dahi şəxslərimizin tanıdılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan icmalarının fəal dəstəyi və təşəbbüskarlığı nəticəsində Moskvada tanınmış alim Kərim Kərimovun, maestro Niyazinin, görkəmli bəstəkar Fikrət Əmirovun yubileyləri qeyd edilib, İsveçdə “Füzuli festivalı” keçirilib. Çeboksarı şəhərində dahi şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı, Kişinyovda “Nizami” parkının salınması bu tədbirlər sırasındadır. Nyu-Yorkda Amerika Təbii Tarix Muzeyində Azərbaycan ekspozisiyasının açılması ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumatların bütün dünya ictimaiyyətinə çatdırılmasında mühüm addımdır. Bu faktlar diasporumuzun Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasında mühüm rol oynadığını təsdiqləyir. 
Azərbaycan mədəniyyətinin dünyada belə geniş nüfuz qazanmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Birinci bitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan önəmli addımlardan biri də "Azərbaycan şəhərciyi"nin yaradılmasıdır. Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan "Azərbaycan şəhərciyi" vasitəsi ilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə ediblər. Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir. UNESCO-nun prinsiplərinə hər zaman sadiq olan Mehriban xanım Əliyeva hələ bu təşkilatın xoşməramlı səfiri təyin olunmazdan əvvəl mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti, milli-mədəni irsimizin qorunması və təbliği ilə bağlı gördüyü işlərlə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəğbət qazanıb. Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqəsi, uşaq musiqi festivalı, caz festivalı və digər mədəni tədbirlər keçirilib. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində dərc olunan, dünyanın onlarla ölkəsində yayılan “Azərbaycan - İrs” jurnalını təsis edib.
 (ardı var)

Xəbər xətti