"Özümüzə dəyər versək, başqaları da mütləq bizə dəyər verəcəklər"

18:15 - 25 Avqust 2017 - KİVDF

Diaspora təşkilatları fəaliyyətində milli adət-ənənələrin saxlanılması prinsiplərinə söykənir


Azərbaycanı dünyada daha çox tanıyırlar. Azərbaycan diasporunun Azərbaycan gerçəklərini dünya miqyasında yetərincə və uğurla təbliğ etdikləri fikrilə razılaşmamaq olmur. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.  Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başladığı böyük siyasəti davam etdirməsi və bu sahəyə qayğısını daha çox artırması, bu sahəyə çox ciddi diqqət yetirməsi Azərbaycan diasporunun uzun illər ərzində keçə biləcəyi yolu qısa müddətdə keçməsinə səbəb oldu. "Hesab edirəm ki, biz diaspor təşkilatlarından gözlədiklərimizə nail olmuşuq. Təşkilatlar artıq formalaşmış şəkildə fəaliyyət göstərirlər. Təbii ki, müxtəlif ölkələrdə müxtəlif səviyyələrdə. Çünki hər bir ölkənin özünün milli azlıqlarla bağlı xüsusi proqram və siyasəti olur. Müəyyən ölkələrdə diaspor təşkilatlarının ciddi şəkildə fəaliyyətinə imkan verilmir. Müəyyən ölkələr də var ki, buna daha çox şərait yaradırlar. Həmin ölkənin prioritet istiqamətlərindən biri orada yaşayan milli azlıqların inkişafı, öz milli adət-ənənələrini saxlaması prinsiplərinə söykənir. Yəni, bizim diaspor təşkilatlarımız hər bir ölkənin mili azlıqlara yönəlmiş siyasətinin dərəcəsinə görə inkişaf edə bilib, öz sözlərini deyiblər. Əsas odur ki, Azərbaycanın problemlərini, Dağlıq Qarabağ problemini, Azərbaycanın işğal olunmuş əraziləri, bu işdə Azərbaycanın haqlı olması məsələsini dünyaya çatdıra bilsinlər. Bu işdə azərbaycanlılar çox irəli gediblər. Təkcə Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının dünyada nə qədər vüsət aldığına diqqət etsək, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində dünyada Azərbaycanın tanıdılması və azərbaycanlıların da bundan daha çox nümunə götürərək öz fəaliyyətlərini daha akademik səviyyəyə gətirib çıxarmaları hesab edirəm ki, həqiqətən də bizim gözlədiklərimizin bəlkə də olduğundan daha yaxşı olduğunu göstərir. İstərdim ki, diaspor təşkilatlarının bu sahədə olan fəaliyyəti hər kəs tərəfindən təqdir olunsun".
Komitə sədri bildirib ki, diaspor fəaliyyətinin əsasında dörd amil dayanır: vətənpərvərlik, könüllülük, intellekt və maliyyə. Burada maliyyə ən sonuncu amildir, ancaq onsuz səmərəli fəaliyyət qurmaq da mümkün deyil.  Rusiyanın Saxilin vilayətində fəaliyyət göstərən diaspora təşkilatının rəhbərindən biri, Ümumrusiya Xalqlar Assambleyasının və veteranlar şürasının üzvü Nazir Hətəmov bu barədə deyib: " Bizlər-vətəndən kənarda hər an Azərbaycanı düşünür, atdığımız hər bir addımın Azərbaycanımızın yaşadığımız ölkələrdə daha qüdrətli, daha güclü ölkə kimi tanınmasına xidmət etməsinə səy edirik. Biz diaspora təşkilatı olaraq, fəaliyyətimizin bütün istiqamətlərində yalnız bir mərama, bir məqsədə qulluq edirik-Azərbaycançılıq ideyasına. Bəli, çox çətin bir vəzifə olsa da, olduqca şərəfli bir vəzifədir-Vətəndən kənarda vətənlə nəfəs almaq, vətənlə yaşamaq, vətənin başını daha da ucalara qaldırmaq. Belə gözəl hansı iş ola bilər? Biz qədim tariximizi, milli mədəniyyətimizi, milli mətbəximizi oralarda yaşayan xalqlara təqdim edəndə, necə maraqla qarşıladıqlarının şahidi oluruq. Bilirsiniz biz əgər özümüzə dəyər versək, başqaları da mütləq bizə dəyər verəcəklər. Biz Diasporla iş üzrə Dövlət Komitəsi ilə də daha sıx işləməyi nəzərdə tutmuşuq. Azərbaycandakı əlaqədar qurumların bizlərə qarşı daha da diqqətli olmaları bizim daha da həvəslə çalışmağımıza böyük təkandır. Maliyyə imkanlarımız səmərəli fəaliyyət göstərməyimizə imkan verir”-deyə vurğulayıb.
 Amma Azərbaycandan maliyyə dəstəyi almaq istəyən duiaspora təşkilatları da az deyil. Bu barədə Nazim İbrahimov deyib: " Təəssüf ki, bizdə belə bir yanaşma mövcuddur ki, diaspor təşkilatlarının fəaliyyətinə məhz dövlət maliyyə dəstəyi verməlidir. Başqa ölkələrin təcrübəsində isə baxışlar tamamilə fərqlidir və belə təcrübə müzakirə obyekti deyil. Əlbəttə ki, dövlətin dəstəyi olmalıdır, lakin bütün məsələləri yalnız dövlətin üzərinə yükləmək doğru yanaşma deyil. Əgər biz bütün diaspor təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsini gözləsək, yaxud “məhz belə olmalıdır” düşüncəsini dəyişməsək, müstəqil şəkildə ayaqda dura bilən təşkilatlar da olmayacaq, sadəcə, dövlətdən maliyyə gözləyən yeni qurumların, təşkilatların meydana çıxması üçün şərait yaratmış olacağıq. Diaspor təşkilatı fəaliyyət göstərdiyi ölkədə qeydiyyatdan keçmiş bir qeyri-hökumət təşkilatıdır, əgər onun sabit maliyyə mənbələri yoxdursa, yaxud belə maliyyə mənbələrini özü təmin edə bilmirsə, onda bu təşkilatın uğurlu fəaliyyət göstərməsi də praktik baxımdan mümkünsüzdür".
Komitə sədri bildirib ki, dövlətin dəstəyi onun beynəlxalq nüfuzu, diaspor təşkilatının fəaliyyət göstərdiyi konkret ölkələrdə münasibətlərinin səviyyəsi ilə birbaşa bağlıdır. "Əgər dövlət güclüdürsə, diaspor qurumunun fəaliyyət göstərdiyi ölkə ilə münasibətləri normaldırsa, bu, elə həm o təşkilata, həm də həmin ölkədə yaşayan azərbaycanlılara siyasi-psixoloji dəstəkdir. Ancaq təəssüf ki, bəzi hallarda hər hansı bir təşkilata, yaxud layihəyə komitə niyə dəstək vermədi deyə açıqlamaların, bəyanatların da şahidi oluruq. Əlbəttə, təşkilatlara, müəyyən layihələrə dövlət dəstək verə bilər və belə dəstək həmişə olub. Amma təqdim olunan bütün layihələri maliyyələşdirməli olsaq, buna nə qədər büdcə lazım olduğunu təsəvvür edirsinizmi? Digər tərəfdən, hər bir azərbaycanlı, hər bir diaspor təşkilatı əgər vətəni üçün nəsə etmək istəyirsə, dövlətin maliyyə ayırmaması bu istəkdən imtina üçün səbəb ola bilməz. Yeri gəlmişkən, qeyd edim ki, bir çox ölkələrdə öz gücünə, üzvlərinin verdiyi dəstəklə çox uğurla fəaliyyət göstərən təşkilatlar var və hesab edirik ki, belə nümunələrin daha geniş yayılması lazımdır. Diaspor işinə maliyyə yönəldilməsində xaricdə yaşayan imkanlı soydaşlarımızın daha böyük səxavətlə pul ayırmasını stimullaşdırmaq lazımdır".
 Nazim İbrahimov qeyd edib ki, bizim əsas vəzifələrimizdən biri də diaspor təşkilatlarına lobbiçilik fəaliyyətində yardımçı olmaqdır və Komitə yarandığı gündən diaspor təşkilatlarına bu sahədə paralel olaraq böyük dəstək verir. " Dünyanın müxtəlif ölkələrindən çox yüksək səviyyəli ictimai və siyasi xadimlərlə, iş adamları ilə müəyyən əlaqələrin qurulması, onların Azərbaycana dəvət olunması, burada onlara Azərbaycan həqiqətlərinin daha dolğun çatdırılması, onlarla dost münasibətlər qurmaq, onlarla diaspor təşkilatlarımız arasında sıx əlaqələr yaratmaq, həmin insanlar vasitəsilə Azərbaycanın daha çox tanıdılmasına nail olmaq elə lobbiçilik fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Bu sahədə, doğrudan da çox böyük işlər görülüb. Bəzən olur ki, mətbuatda bizim lobbiçilik sahəsindəki fəaliyyətimizlə bağlı anlaşılmayan məqamlara, yazılara rast gəlinir. Hesab edirəm ki, gərək mətbuat nümayəndələri də bu sahəni dərindən öyrənsinlər ki, lobbiçilik istiqamətində göstərdiyimiz fəaliyyətin sırf diaspor işi olduğunu bilsinlər".
Onun sözlərinə görə, artıq geniş fəaliyyətlərimiz var və artıq müəyyən uğurlar əldə etmişik.İndi dünyanın azərbaycanlılar yaşayan əksər ölkələrində diaspor təşkilatları fəaliyyət göstərməkdədir. İndi xaricdəki azərbaycanlıların hamısı vətən kimi Azərbaycan Respublikasını qəbuledir.

Xəbər xətti