Azərbaycan diasporu erməni lobbisinə layiqli cavab verir

18:14 - 22 Avqust 2017 - KİVDF

Nazim İbrahimov "Bir çox yerlərdə onları üstələyərək qabağa gedir"


Azərbaycan diasporu qısa vaxt ərzində uzun bir yol qət edə bilib. Ölkəmiziun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif səpkili tədbirlər - etiraz aksiyaları, mitinqlər, küçə yürüşləri, elmi-praktik konfranslar, simpoziumlar təşkil olunub, foto və rəsm sərgiləri, filmlər nümayiş etdirilib. Ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində müvafiq materialların dərc olunması üçün iş aparılıb, ictimai-siyasi xadimlərin ölkəmizə səfərləri təşkil olunub, habelə xarici ölkələrdə Azərbaycanın mövqeyini dəstəkləyən nüfuzlu şəxslərlə əlaqələrin qurulmasına xüsusi diqqət yetirilib. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyir. O bildirir ki, son zamanlar Azərbaycanın dünyada tanıdılmasında Azərbaycan diasporunun birmənalı rolu var: “Zamanında ümummilli liderimiz Heydər Əliyev "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyirdi. İndi o ifadə, o hisslər hər bir azərbaycanlıda var. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı arxasında Azərbaycan dövlətinin olduğunu bilir və bu da onlara Azərbaycan məsələsində daha fəal iştirak etmək qətiyyəti verir".
N. İbrahimov qeyd edib ki, dünya azərbaycanlılarının koordinasiya mərkəzlərinin yaradılması davam edir və bu, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqətindədir: “Hətta bununla bağlı Azərbaycan dövləti tərəfindən geniş maliyyə imkanları da yaradılıb. Biz prezidentin tapşırığı əsasında dünyadakı diaspor təşkilatlarına bu və digər aspektdə dəstək veririk. Belə fəaliyyət nəticəsində artıq Azərbaycan diasporu nəinki erməni lobbisinə layiqli cavab verir, bir çox yerlərdə onları üstələyərək qabağa gedir”.
Onun sözlərinə görə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatlar, sənədlər, elektron informasiya ehtiyatları, elmi araşdırmaların nəticələri bir mərkəzdə toplanır, ondan səmərəli istifadə olunur. Komitə sədri bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin potensialından səmərəli istifadə edilir, media və sosial şəbəkələrdə aparılan iş vahid mərkəzdən koordinasiyası təmin edilir ki, bu da son zamanlar nəticələrini verir. Xocalı soyqırımının tanadılmasında bunun böyük rolu olub. Amerikada yaşayan azərbaycanlılar hələ 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyənat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı. İndiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. Xoçalı soyqırımını tanıyan ölkələrin sayı 10-u keçib. Onların sayı hər il artır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının uğurları Azərbaycanın bu sahədə nə qədər ardıcıl bir fəaliyyət həyata keçirdiyini göstərir. Bu kampaniya nəticəsində qısa vaxtda beynəlxalq ictimaiyyətdə Xocalı soyqırımı haqqında təsəvvür formalaşdırmaq mümkün oldu. 
Erməni diasporunun məkrli fəaliyyətinin qarşısını almaq istiqamətində görülən işlər də nəticəsini verir. Bu həm də erməni diasporası daha güclüdür fikirini o qədər real olmadığını göstərir. Əslində bu fikir uzun illər ərzində formalaşıb, həm də müəyyən mənada birtərəfli informasiyaların təsiri ilə steorotipləşib. Azərbaycan diasporası zəif deyil. Ümumiyyətlə, erməni diasporu ilə Azərbaycan diasporunu müqayisə edəndə bir qədər tarixi-praktik məqamlara diqqət yetirilməlidir. Yəni burada təcrübə üstünlüyü ola bilər, güc üstünlüyü yox, bu isə tamamilə fərqli anlayışlardır. Məlumdur ki, ermənilər ikinci yüzillikdir ki, çalışırlar və yüzillik ərzində, uzun bir zaman içərisində indiki səviyyəyə gəlib çıxa biliblər. Azərbaycan diasporu isə müqayisədə, belə demək mümkünsə hələ xeyli gəncdir. "Düzdür, bəziləri iddia edir ki, erməni diasporunun gücünü təsdiq edən əsas fakt bir sıra ölkələrdə “erməni soyqırımı”nı tanıyan qərarların qəbul olunmasıdır. Amma dünyada gedən prosesləri az-çox bilən və izləyən hər kəsə məlumdur ki, burada həlledici faktor erməni diasporu və ya lobbisi deyil, geosiyasi maraqlardır. Həmin dövlətlər də müəyyən dövr çərçivəsində siyasi manevr imkanlarını saxlamaq üçün qəbul etdikləri qərarları informasiya məkanında erməni diasporunun fəaliyyətinin nəticəsi kimi təqdim etməkdə maraqlı olublar. Beləliklə də erməni diasporu haqqında bir mif formalaşıb. O mif isə artıq dağılmaqdadır və bu proses daha da sürətlənir. Azərbaycan dövlətinin dünyada artan nüfuzu, getdikcə yüksəlməkdə olan iqtisadi və hərbi qüdrəti beynəlxalq ictimai rəyi şübhəsiz ki, bizim xeyrimizə dəyişir. Bu həm də Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə ictimai rəyə təsir imkanlarını artırır, siyasi dairələr diaspor təşkilatlarımıza əvvəlki illərlə müqayisədə daha ciddi yanaşmağa məcbur olur". Bunu isə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbəsinin müdiri Elşad Miraləm bildirib. Onun sözlərinə görə,  erməni diasporasının güclü olması barədə deyilənlər yuxarıda qeyd etdimiz kimi  müəyyən maraqlara, konyukturlara  uyğun şəkildə formalaşdırılmış təsəvvürdür. Elşən Mirələm bəzi dəyərləndirmələr də aparıb. "Əlbəttə ki, erməni diasporunun mövcudluğunu və fəaliyyətinin tamamilə inkar etmək fikrindən də uzağıq. Ancaq erməni diasporunun gücü iddia olunduğu səviyyədə deyil. Müxtəlif ölkələr öz milli maraqlarına uyğun olaraq erməni diasporu və lobbisinə daha geniş imkanlar tanıdığı, onların siyasi proseslərə təsir etməsinə şərait yaratdığı həqiqəti inkarolunmazdır. Amma bu, erməni diasporunun gücünün və effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, çox önəmli bir faktı da nəzərə almaq lazımdır ki, ermənilərin tarixən heç vaxt öz dövlətləri olmayıb. Bunun da nəticəsində erməni diasporu erməni xalqının maraqlarını qoruyan yeganə təsisat kimi çıxış edib. Bu mənada təcrübə üstünlüyü var. Məhz bunun nəticəsidir ki, erməni diasporu bu gün Ermənistan dövləti ilə müqayisədə daha güclü bir təsisat kimi qəbul olunur. Heç kimə sirr deyil ki, Ermənistan dövlətinin siyasətinə, eləcə də cəmiyyətdə gedən proseslərə erməni diasporunun təsiri daha güclüdür. Yəni dövlət bir təsisat kimi diaspora daha çox möhtacdır. Bu dövlətin müasir dünyamızda hansı yeri tutduğu haqqında isə nə isə deməyə ehtiyac yoxdur. Faktiki müstəqilliyini itirmiş, geosiyasi proseslərin arxasınca sürünən, heç bir iqtisadi potensialı olmayan, çox ciddi demoqrafik problemlər yaşayan, gələcəyə ümidini itirmiş bir dövləti təmsil edən diaspor da təbii olaraq ildən-ilə öz gücünü itirir. Ona görə də bu gün erməni diasporu haqqında “güclü” və ya “qüdrətli” ifadələri onun potensialına heç cür uyğun gəlmir. Bu həm də psixoloji baxımdan bizdə özünəinamsızlıq yarada bilən bir yanaşmadır. Ermənilərə də lazım olan elə budur. Digər tərəfdən, bu bəzi hallarda qarşıya qoyduğumuz məqsədlərə çatmayanda çox yaxşı bəhanəyə çevrilir – erməni diasporu güclüdür, ona görə biz istədiyimizə nail ola bilmədik. Əslində isə belə deyil. Diaspor artıq bütün dünyada beynəlxalq münasibətlərin bir subyekti kimi qəbul olunduğundan bəzən dövlətlər öz siyasətlərini ictimai rəydə pərdələmək, diplomatiya meydanında birbaşa ittihamlardan qaçmaq üçün əslində öz maraqları naminə atdığı, yaxud atılmasına rəvac verdiyi addımları hansısa diasporun, lobbinin fəaliyyəti kimi təqdim edirlər".
Azərbaycanın yolu hamar olmasa da. Irəliyə doğru inamla gedir. Diaspora sahəsində konkret məqsədlərə və hədəflərə ünvanlanmış vahid strateji xətti var və ən əsası da elə budur."Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini bu strateji xəttə uyğun olaraq qurur. Bizim gücümüzü artıran, imkanlarımızı genişləndirən əsas amil budur. Ona görə də Azərbaycan diasporunun zəif olduğu barədə fikirlər indiki reallıqları əks etdirmir. Amma bu o demək deyil ki, biz əldə olunmuş uğurlarla kifayətlənməliyik. Diaspor da cəmiyyətin bir hissəsidir və cəmiyyətdə baş verən dəyişikliklər ona da təsir göstərir. Diaspor canlı bir orqanizm kimidir, ətraf mühitin təsirindən kənarda qalması mümkün deyil. Cəmiyyət təkmilləşdikcə, inkişaf etdikcə o da dəyişməli, təkmilləşməlidir. Aparılan təhlillər, araşdırmalar, müşahidələr göstərir ki, Azərbaycan diasporu qısa vaxt ərzində uzun bir məsafə qət edib, lakin şübhəsiz ki, qarşıda bizi hələ daha uzun və çətin bir yol gözləyir".
Bu yolda uğurlarımız hər il artır. Məsələn, İsrail parlamentində "erməni  soyqımı"nın müzakirəsi dediklərimizə sübutdur. Ermənilər nə qədər çalışsalar da lazım olan səsi tələb olunan müddətdə toplaya bilmədilər. İsraildə, Estoniyada və başqa ölkələrdə erməni diasporu və lobbisi “soyqırım” iddiaları ilə bağlı layihələri parlamentlərin gündəliyinə çıxarmaq istədi, Azərbaycan diasporunun səyi nəticəsində bunun qarşısı alındı.
Qeyd edək ki. bu gün azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki,orada Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə soydaşlarımızı səfərbər etmək hansısa çətinlik yaratsın. Bəlkə yerli idarəetmə orqanlarının, yaxud qanunların və ya dövlət aparatının yaratdığı müəyyən maneələr ola bilər, ancaq azərbaycanlıları bir araya gətirmək üçün bir işarə, bir çağırış kifayət edir. Aydındır ki, bunu on il, iyirmi il öncə təsəvvür etmək belə mümkün deyildi. Dövlətimizin ən yüksək səviyyədə diqqəti və bilavasitə dəstəyi sayəsində az bir vaxtda təşkilatlanma-quruculuq işi uğurla həyata keçirilib.

Xəbər xətti