Ana səhifə
22 Sentyabr 2018

İpoteka sistemi yenidən qurulacaq

Elman Rüstəmov: «İpoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq»

 

Maliyyə naziri: «Gələn ilin dövlət büdcəsi risklərin idarə edilməsi vəzifəsinə tam cavab verir»

 

 

Bu gün Milli Məclisin plenar iclasında 2015-ci il üçün büdcə zərfinin müzakirəsi davam etdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, AMB Azərbaycanda faiz dərəcələrinin aşağı salınması ilə bağlı gələcəkdə addımlar atmaq niyyətindədir. E.Rüstəmov deyib ki, maliyyə naziri Samir Şərifovla kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır. Biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir: “Biz bir sıra amilləri də hərəkətə gətirəcəyik və 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq”.

AMB rəhbəri ölkədə faiz dərəcələrinin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır: “2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun təxminən dörddə üçü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız. Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10%-dir. Lakin istehlak kreditləri üzrə faiz dərəcələri 35%-ə qədər çatır».

Bank rəhbəri bildirib ki, banklar əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər: «Yəni, bütövlükdə fəaliyyətlərindən götürdükləri gəlirlər bundan azdır. Açıq etiraf etmək lazımdır ki, bu gün pula olan tələbat əhəmiyyətli dərəcədə çoxdur, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır. Təklif bazarı deyil. Tələbat böyük olanda qiymətlər də yüksək olur».

Elman Rüstəmov onu da deyib ki, Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır. Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan ipotekaya olan ilkin tələbat 6 mlrd. ABŞ dolları təşkil edir: “Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var. Bu maliyyə resurslarından istifadə edirik”.

AMB sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırılır.

E.Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: “Tikinti” və “Əmanət bankları” haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30%-ni təşkil edir. Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük”.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

 

kumətlə rkəzi Bank arasında danışıqlar gedir

 

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov millət vəkillərinin təkliflərinə münasibət bildirib. Nazir bildirib ki, ipoteka kreditlərinin daha da genişləndirilməsi istiqamətində hökumətlə Mərkəzi Bank arasında danışıqlar gedir. Onun sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda əlavə təkliflər veriləcək. Müdafiə sahəsinə ayrılan vəsaitə gəlincə maliyyə naziri hesab edir ki, bu sahəyə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb.

Aqrar sahəyə hər zaman xüsusi diqqət yetirildiyini deyən S.Şərifov bunun üçün müəyyən maliyyə mexanizmlərinin mövcud olduğunu xatırladıb. O, əlavə edib ki, aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə olaraq 55 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Maliyyə naziri bəzi millət vəkillərinin 2015-ci ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin azalması ilə bağlı fikirlərinə də münasibət bildirərkən qeyd edib ki, gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsait 143 mln. manat təşkil edib: “Bu bölmədən maliyyələşən təşkilatların 6 mln. manatı büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Car illə müqayisədə bu 4 mln. manat çox deməkdir. Lakin, bu büdcədən kənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələr tərəfindən büdcə sifarişləri bizə təqdim olunarkən həmin büdcədən kənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq, cari il üçün elm bölməsinin büdcədən kənar vəsaitin həcmi 14,5 mln. manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə, həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni, cari ilin 1 iyun proqnozuna görə icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 mln. manat təşkil edib. Beləliklə 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən bu məsələlərə baxaraq, daxilolmaları azaltmışıq. Bunu baxmayaraq, təkliflərə nəzərə alıb, elmə ayrılan vəsaitləri artırmağın yolları barədə düşünərik”.

Maliyyə naziri gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 90 dollar səviyyəsində hesablandığını xatırladıb. Samir Şərifov əlavə edib ki, 2015-ci ilin dövlət büdcəsi risklərin idarə edilməsi vəzifəsinə tam cavab verir: “Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da reallığa tam uyğundur”.

 

 

«Samir Şərifovun yanına 10 dəfə adam göndərmişəm»

 

Spiker Oqtay Əsədov büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərdə diqqətli olmağa çağırıb. O.Əsədov dünyanın heç bir yerində, hamının büdcədən razı qaldığını görmədiyni deyib. “Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir- iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənilib hazırlanılır. Özünü tərifləmək olmasın. Şəxsən mən özüm maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adamları göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırılması ilə bağlı təklifi düzgün deyil. Millət vəkilləri də bu məsələdə diqqətli olsunlar”.

 

Qəbul imtahanları ilə bağlı yeni təklif

 

“Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır”. Bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O bildirib ki, vaxtilə Azərbaycanda da mövcud olmuş “vətənin müdafiəsinə hazıram” normativləri bərpa olunsun: “Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq “vətənin müdafiəsinə hazıram” normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında “vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunmuş olacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna tövhə vermiş olacağıq».

Komitə sədri bununla yanaşı ölkədəki parklardan və kütləvi tədbirlər yerlərindən də danışıb. O qeyd edib ki, bu yerləri təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi kimi formalaşdırmaq lazımdır: “Bunun kiçik bir epizodu Bakı bulvarında var. Bunun bütün layihələrdə nəzərə alınması vacibdir».

Əli Hüseynli bir neçə maraqlı təkliflə də çıxış edib. O bildirib ki, Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır.

Komitə sədri təhsil sahəsində də təkliflərlə çıxış edib. Deputat söyləyib ki, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var. Amma, burada praktikanı dəyişdirmək olar: “Xaricdən Azərbaycana müəllimləri dəvət etmək olar. Bununla da tək şagird və tələbələr deyil minlərlə insan bundan bəhrələnə bilərlər”.

 

 

«Doğum və hamiləliyə görə ödənilən vəsait 30 faiz artacaq»

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, təkcə bu il sığortaya cəlb edilənlərin sayı 1.5 milyon nəfər olub. Onun sözlərinə görə, artıq Azərbaycanda sığorta haqqı ödəyənlər 3 milyon nəfərdir.

Komitə sədri qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin bir hissəsi sosial müavinətlərə xərclənəcək: “2015-ci ilin dövlət büdcəsindən doğum və hamiləliyə görə ödənilən vəsait 30 faiz artacaq”.

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə bildirib ki, müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir. Onun fikrincə, elm sahəsində islahatlar aparmaqla məsələni həll etmək olar. Komitə sədri deyib ki, müəllimlərin, elm adamlarının attestasiyası vacibdir: “Bununla yanaşı, həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun ayrıca maaş sistemi tətbiq edilməlidir”.

 

«Magistrlərə möhlət hüququ verilməlidir»

 

Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov bir neçə təkliflə çıxış edərək elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib: “Elm haqqında” qanun təcili qəbul olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.

Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.

Deputat Zahid Oruc deyib ki, dünyada müxtəlif ölkələr öz sosial öhdəliklərini ixtisar etdiyi halda, Azərbaycanda bu baş vermir: «Sosial məsələlərlə bağlı Baltikyanı ölkələrdə hər sahədən, hətta qəbiristanlıqlardan maliyyə əldə etmək istəyirlər”.

O, Xocalı soyqırımı qurbanları üçün ayrılan müavinətlərin artırılmasını da tələb edib. Deputatın fikrincə, onlara münasibət nisbətən fərqli olmalıdır. Zahid Oruc Qarabağ əlillərinin cəmiyyətə inteqrasiyası, onların mənzil problemlərinə də toxunub. Onun sözlərinə görə, Qarabağ əlillərinin sayı dəqiq müəyyənləşməlidir: “Onlar təbii ki, həssas təbəqədir. Qarabağ əlilləri ilə bağlı çox işlər görülüb, amma mənzil, cəmiyyətə inteqrasiya problemləri hələ də qalır. Onlar üçün yeni iş yerlərinin açılması istiqamətində də iş görülməlidir”.

Qarabağ veteranları ilə bağı problemlərə də toxunan Zahid Oruc deyib ki, bu qədər veteran varsa, Azərbaycanın müharibəni niyə uduzması haqda düşünmək lazımdır: “Bildiyimə görə ölkədə 90 min veteran var. O vaxt belə təklif səsləndi ki, onların hansının əsl veteran olması müəyyənləşsin. Amma dövlət həmin insanlara güzəştə getdi”.

Daha sonra parlamentdə Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Ünvanlı sosial yardımlardan danışan millət vəkili Elmira Axundovanın sözlərinə görə, sosial yardımın məqsədi odur ki, 1-2 il ərzində bu yardımı alan ailə öz maddi vəziyyətini düzəltsin, məşğuliyyət tapsın, özünü və ailəsini dolandırmağa başlasın: «Vətəndaşlarla görüş zamanı bunu insanlara başa salmağa çalışırıq və “nə üçün işləmirsiz, torpağınızı əkib becərmirsiz, kənd yerində heyvandırlıqla məşğul olmursuz?” sualına belə cavab verirlər ki, bunu etməyə maddi imkanımız yoxdu, ona görə də sosial yardım istəyirik. Buna görə belə bir təklif ortaya çıxmış olur. Bəlkə ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin, vətəndaşlara yardım hər hansı konkret layihə üzrə əvəzsiz kredit şəklində verilsin. Məsələn, torpağı əkib becərmək istəyənə toxum, gübrə və yaxud heyvandarlıqla məşğul olmaq istəyənə bir illik qidası ilə birlikdə iri və ya xırda buynuzlu mal-qara, toyuq-cücə və s. Özü də bu layihələr dövlət orqanı əməkdaşları tərəfindən nəzarətdə saxlanılsın, aylıq, rüblük və ya illik hesabatlar tələb olunsun, üstəlik əlavə yardım imkanları araşdırılsın ki, həqiqətən də 2-3 il sonra həmin ailələr yoxsulluq həddindən çıxarılsın və bir daha yardıma ehtiyac duymasınlar. Əks halda, sosial yardımın müddətini 2 il yox, 10 ilə qədər də uzatsaq heç bir şey dəyişməyəcək. Əminəm ki, bu layihə 1-2 il ərzində öz müsbət nəticəsini göstərəcək».

Uşağın anadan olmasına görə və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin həcmndən narahatlığını bildirən deputat qeyd edib ki, bir neçə il əvvəl uşağın anadan olmasına görə verilən müavinətin məbləği 50 manat idi: «Ayrı-ayrı vaxtlarda bu məbləğ artırılaraq 70 manata çatdırıldı. 2013-ci ildə bu müavinətin məbləği 90 manat müəyyənləşdirilib. Arzu edərdim ki, gələn il bu məbləğ heç olmasa 100 manata qaldırılsın.

Hazırda bir yaş yarımadək uşağa qulluğa görə verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək isə 15 manatdır. Hörmətli Elman müəllim öz məruzəsində dedi ki, bu məbləğ artacaq. Sual olunur ki, belə olan halda uşağa qulluğa görə verilən aylıq müavinətin məbləği artacaq, ya yox. Çünki haazırda uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği çox aşağıdır, buna görə də həmin məbləğin ən az iki dəfə artırılmasını istərdim.

 

«Dəfn üçün bu qədər maliyyə ayrılması başadüşülən deyil»

 

Deputat Fuad Muradov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi son islahatları çox müsbət qiymətləndir: «Amma bəzi məsələlər var, onlara toxunmaq istərdim». İşsizlikdən danışan deputat bildirib ki, Azərbaycan Avropa ölkələri olan İtaliya, İspaniya, Yunanıstanla müqayisədə uğurlara imza atıb. Fuad Muradovun fikrincə, işsizliklə bağlı bəzi həqiqətləri vurğulamaq lazımdır: «Almaniyada işsizliyin qarşısı daha çox elmi-innovativ istiqamət üzrə alınıb. Azərbaycan gəncləri üçün bu gün elmlə məşğul olmaq üçün şərait yaradılmır. Bizim əsas məqsədimiz elmi cəlbedicilik olmalıdır. Büdcədən maliyyəni artırmaqla heç nəyə nail olmayacağıq. Əksər hallarda elmi institutlarda bütün inzibati vəzifələrdə çox yaşlı insanlar çalışır. Onlar gənclərə imkan vermir ki, müəyyən innovativ işlərlə məşğul olsunlar. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi büdcədə işsizliyə görə 6 milyon vəsait ayrılıb. Bu məbləğin necə müəyyən edildiyini və hansı prioritet üzrə bölündüyünü bilmək istərdim. Biz anadan olan uşaq üçün 6 milyon, dəfn üçün isə 13 milyon 434 min manat pul ayırırıq. Azərbaycanda demoqrafik situasiya onu göstərir ki, ölkədə daha çox artım var. Artım olan halda dəfn və uşağın anadan olması üçün müəyyən edilən vəsaitlərdəki bu qədər fərq nəyə lazımdır? Bununla yanaşı, Qarabağ əlilləri ilə bağlı mütləq xüsusi yanaşmaya ehtiyac var. Qarabağ əlilləri, veteranları ilə bağlı proqramları inkişaf etdirməliyik. Bunlar hamısı işsizliyi aradan qaldıran, dövlət tərəfindən qayğını artıran, həm də inkişafla bağlı sürəti artıran amildir».

 

«Özəl müəssisələrdən sosial sığorta haqlarının yığımında problemlər var»

     

YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, özəl müəssisələrdən sosial sığorta haqlarının yığımında problemlər var: «Özəl müəssisələrdə işçilərin sayı gizlədilir, onlarla əmək müqaviləsi bağlanılmır. Bu isə həm vergilər, həm də sosial sığorta haqlarının yığımına problemlər yaradır. İşçilərlə əmək müqaviləsinin bağlanılmaması pensiya və sosial müavinətlərin ödənilməsinə problemlər yaradır».

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə bildirib ki, bu problem həm iş yerlərinin, həm də əmək haqlarının leqallaşdırılmaması ilə bağlıdır. Onun sözlərinə görə, hazırda işəgötürən və işçinin sosial sığorta haqqı ödəməsinə marağı artırmaq üçün müvafiq tədbirlər nəzərdə tutulub.

 

 

«Atasına bir daşı ltdirmək üçün 6 min manat kredit rlər»

 

«Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ilə bağlı məsələ sual doğurur. 3 milyard daha da artırıla bilər». Bunu isə Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib. O, Fonddan yayınma hallarına və ikili mühasibatlığa da diqqət çəkib: «Heç kimə sirr deyil ki, imkanlı şəxslər qulluqçu saxlayırlar. Onların yanında köməkçiləri olur. Evlərində bağban və dayə çalışır. Restoran və şadlıq saraylarında da işləyən ofisiantların maaşları əmək müqaviləsində çox aşağı göstərilir. Toylarda görürsən ki, ofisiant adama yaxınlaşıb əl çəkmir. Bu ondan irəli gəlir ki, onlara ödənilən məbləğ xeyli azdır».

Deputat uşaqlar üçün ödənilən 90 manatlıq birdəfəlik müavinətin çox aşağı olduğunu bildirib. Fazil Mustafa bildirib ki, doğum xərci ilə müqayisədə birdəfəlik müavinət olduqca azdır: “Bu rəqəmi heç olmasa 150 manata kimi qaldırmaq lazımdır. 3 yaşına çatmamış uşaqlara baxan analar da çox ciddi problem yaşayırlar. Müəssisələr 25 yaşdan yuxarı və bəzən ailəli xanımları işə götürmək istəmirlər. Bu zaman yalnız ata işləməli olur. Belə olan halda ailə öz xərclərini ödəyə bilmir».

Deputat yas mərasimlərində israfçılıqla bağlı iradlarını da bildirib. Fazil Mustafa söyləyib ki, onda olan məlumata görə, atasına qəbir daşı düzəltdirmək istəyən şəxs bu məqsədlə bankdan 6 min manat kredit götürür: «Dövlət vətəndaşlara tövsiyə etdi ki, məclisləri yüngülləşdirin. Ancaq əhali bunu başqa cür qəbul edir. Pulu olmayan insan borc alır. Bu da savadsızlıqdan irəli gəlir. Görürsən ki, ən kasıb adam da məclisdə israfçılığa yol verir”.

Bununla da Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov müzakirələr zamanı deputatların müxtəlif sahələr üzrə verdikləri təkliflərə baxılması üçün hökumətə ayın 28-nə kimi vaxt verildiyini bildirib. Təkliflər nəzərə alınandan sonra büdcə layihəsi yenidən Milli Məclisdə müzakirə olunacaq.

 

Elməddin MURADLI

Tarix
20 Noyabr 2014 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin