Mətbuatın diasporun inkişafında rolu böyükdür

18:22 - 18 Avqust 2017 - KİVDF

O xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına, Azərbaycan həqiqətlərinin təbliği işinə cəlb edilməsinə təsir edir

Hər bir azərbaycanlı yaşadığı ölkədə fəaliyyəti, davranışı ilə cəmiyyətin etimadını qazanmağa nail olmalıdır. Belə bir etimad olmadan diaspor fəallarının ictimai həyata təsir imkanları əldə etməsi mümkün deyil. Burada fərdi təşəbbüskarlıq, yaxud aryı-ayrı şəxslərin fəaliyyəti həlledici deyil, belə ifadə etmək mümkünsə, kollektiv təfəkkür, koordinasiya olunmuş fəaliyyət daha vacib rola malikdir. Ona görə də, azərbaycanlılar yaşadıqları ölkələrdə bir icma, birlik kimi ictimai rəğbət qazanmalıdır ki, ictimai-siyasi proseslərdə təsir imkanları əldə etsinlər. Bütün bu məsələlər Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da öz əksini tapıb. Yəni Azərbaycan diasporunun fəaliyyətinin konseprual əsasları bu sənəddə göstərilib. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsində dövlətin qarşıya qoyduğu tələblərə uyğun olaraq qısa və uzunmüddətli fəaliyyət proqramları, iş planları hazırlanır, başqa ölkələrin və xalqların diaspor təcrübəsi öyrənilir və şəraitə uyğun olaraq vacib modellərin, metodların tətbiqi məsələləri müzakirə edilir. Xüsusilə mətbuatın rolu qeyd edilir.Onun üzərinə Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində böyük vəzifələr düşür. Bu barədə da Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov deyib: "Bu gün xarici ölkələrdə məskunlaşmış yüzlərlə Azərbaycan ziyalısı, görkəmli elm, mədəniyyət xadimi KİV-lər vasitəsilə Azərbaycanın haqq səsinin, müxtəlif sahələrdə qazandıqları uğurların, onun mədəniyyətinin, incəsənətinin, tarixinin, əbədiyyatının və nəhayət, azərbaycançılıq ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələr yaradır, yerli televiziyalarda və dövri nəşrlərdə mütəmadi çıxış edirlər". Onun özlərinə görə, dövlət quruculuğu sahəsindəki yeniliklər, xarici ölkələrdəki Azərbaycan icmalarının gördüyü işlər barədə Azərbaycanın çoxsaylı kütləvi informasiya vasitələrində də müntəzəm məlumatlar verilir. 
Bunlar onu göstərir ki, Azərbaycan diasporası fəaliyyətində mətbuata önəm verir. Bu fəaliyyət eyni zamanda mətbuatımızın həssas yanaşdığı mövzulardan biridir. "Bu diqqət və maraq zaman keçdikcə daha da artır. Mətbuat cəmiyyətin güzgüsüdür və bu mənada biz mətbuatda dərc olunan, yayımlanan xəbərlərdə, məqalələrdə Azərbaycan diasporunun fəaliyyətinə Azərbaycan cəmiyyətinin baxışını da görə bilərik”. Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib. Şöbə müdirinin sözlərinə görə, təqdirəlayiq haldır ki, bu sahədə yazan jurnalistlərin sayı da ildən-ilə artır: “Belə demək mümkünsə, bu sahədə artıq ixtisaslaşmış xeyli media nümayəndəsi var. Bunu ancaq alqışlamaq lazımdır. Çünki mətbuat bir tərəfdən diasporun fəaliyyətini təbliğ edirsə, digər tərəfdən bizə imkan verir ki, müəyyən problemləri, çatışmazlıqları vaxtında görək və aradan qaldıraq. Eyni zamanda bu, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətinə əlavə stimul verən, onları daha məsuliyyətlə və həvəslə işləməyə sövq edən amillərdən biridir. Bu baxımdan, mətbuatın diasporun inkişafında, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, Azərbaycan həqiqətlərinin təbliği işinə cəlb edilməsində rolu böyükdür”.
Onun sözlərinə görə, bu gün Azərbaycan diasporu işini daha da genişləndirib: “Zaman keçdikcə diasporun işində sürətli irəliləyiş var. Əvvəllər azərbaycanlılar diaspor işində aktiv deyildi, amma indi bu fəallıq hiss olunur. Bu gün dünyanın müxtəlif ölkələrində minlərlə azərbaycanlı yaşayır, onların maraqlarını eyniləşdirmək, ortaq məxrəcə gətirmək lazımdır. Bu işdə\ mətbuatın  da üzərinə böyük iş düşür. Harada yaşamasından, hansı təşkilatda olmasından asılı olmayaraq hər bir azərbaycanlı eyni fikirləri bölüşməlidir. Təbii ki, diasporun əsas fəaliyyət istiqamətlərindən biri də imic məsələsidir. Azərbaycan dövlətinin imicinə xələl gətirən hər bir şeyə qarşıyıq. Bir mesajımız kifayətdir ki, Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın maraqlarını müdafiə etsinlər. 5-10 il əvvələ nisbətən indi soydaşlarımızı səfərbər etmək daha asandır. Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində Azərbaycanın milli maraqlarını qorumağa, tarixini, mədəniyyətini təbliğ etməyə hər zaman ehtiyac var.  Bu məqsədlə diaspora təşkilatlarımızın mətbuat orqanları ilə yanaşı, onların yaşadıqları ölkələrin mətbuat orqanlarından səmərəli istifadə edilməlidir.Hesab edirik ki, əlaqələri daha da genişləndirmək lazımdır”.
Onun sözlərinə görə, bu işlərin görülməsində KİV Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eyni zamanda, soydaşlarımızın tarixi Vətən haqqında obyektiv və intensiv şəkildə məlumatlandırılmasına, diaspor quruculuğu işinin təbliğinə həmvətənlərimizlə əlaqələrin daha da möhkəmlənməsinə öz töhvələrini verirlər. Şöbə müdiri bildirib ki, o ölkələrdə ki Azərbaycanın milli maraqlarını qorumağa, tarixini, mədəniyyətini təbliğ etməyə ehtiyac var, orada diasporumuz daha güclü olmalıdır. "Bizim diaspor müəyyən bir inkişaf yolu seçib. Lakin buna baxmayaraq təşkilatlarımızın hər zaman daha da güclənməsinə və onlar arasında əməkdaşlığın genişləndirilməsinə çalışmalıyıq. Fəaliyyətimizin inkişaf etdirilməsinin prioritetini diaspor təşkilatlarının və həmvətənlərimizin daha çox siyasi proseslərə təsir imkanı, real işlərə daha fəal cəlb edilməsi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmvətənlərimizə verdiyi əsas tövsiyələrindən biri də bu olub. Diaspor quruculuğu sahəsinin ötən on ilinə nəzər saldıqda bütün çətinliklərə baxmayaraq həm keyfiyyət, həm kəmiyyət, həm də mahiyyət baxımından necə bir önəmli yol keçdiyimiz ortadadır.Diaspora fəaliyyətində mətbuat sahəsində uğurlarımızı da qeyd etməliyik.".
Elşad Miraləm qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi də həmişə diaspora təşkilatlarımızın diqqət mərkəzindədir və Qarabağın haqq səsinin dünyaya çatdırılması baxımından onların rolu böyükdür. "Ölkəmizin Dağlıq Qarabağ məsələsi ilə bağlı müəyyənləşdirilmiş bir strateji xətti var. Bu isə bizim bu məsələnin həlli ilə bağlı bütün platformalardan istifadə etməyimizdir. Dağlıq Qarabağ problemin daim gündəmdə qalması olduqca əhəmiyyətlidir.  Ona görə də mətbuatın üzərinə böyük vəzifələr düşür. Onlarin uğurlu fəaliyyəti sayəsində bir vaxtlar Dağlıq Qarabağ probleminin həlli zamanı və ya tanıdılması zamanı neytral mövqedə dayanan insanlar artıq Azərbaycanın təcavüzə məruz qalmasını etiraf etməli olurlar". 
Şəbə müdri qeyd edib ki, daha böyük uğurlar qazanmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən yeni layihələr işlənib hazırlanmasını tələb edir. Ötən dövrün təcrübəsi də göstərir ki, hazırda ən vacib məsələlərdən biri diasporun ictimai-siyasi həyatda daha fəal iştirakına nail olmaq, mətbuatın imkanlarından səmərəli istifadə etməkdır.
 

 

Xəbər xətti