Ana səhifə
16 Noyabr 2018

«Gündüz Abbasova çox həsədlə baxırdıq»

Hacı İsmayılov: “O, Azərbaycan mədəniyyətində, kinosunda öz sözünü deyən, tamaşaçıların məhəbbətini qazanan bir aktyor olub”

 

 

“Bir qalanın sirri” filmdə canlandırdığı obraza görə, oğlumun adını Elşən qoydum”


Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüsey Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılındakı Elşən rolunu ifa edən aktyor Gündüz Abbasovun yaratdığı obrazlara baxarkən hər kəs onu xatırlayır. Aktyoru kinoda “Onun böyük ürəyi” və “Bir qalanın sirri” filmlərindəki ifa etdiyi rolları məşhurlaşdırır. G. Abbasovun kinoya gəlişi 1958-ci ildə olub. Dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi "Onun böyük ürəyi" bədii filmində prokuror Rəcəb obrazını yaradıb. Bu rola çəkiləndə o, 28 yaşında idi. Ailə qurmuşdu, iki övladı vardı. Yeri gəlmişkən, altıaylıq qızı Şəhla da həmin filmdə Rəcəbin bacısı Səmayənin qızı Lalə (körpəlik dövrü) roluna çəkilib. Rəcəb obrazı Gündüz Abbasovu minlərlə tamaşaçıya istedadlı kinoaktyor kimi tanıtdırdı.   Onu məşhurlaşdıran filmlərdən biri də “Bir qalanın sirri” filmi idi. Orada baş qəhrəmanı canlandıran Elşən məkrli Göygöz Kosaya qalib gəlir və sevgilis Mətənəti düşmən əlindən xilas edir. Aktyor yaratdığı ciddi rollarla yanaşı “Mozalan” kinojurnalının bir çox süjetlərində iştirak etmişdi. Gündüz Abbasov1930-cu il noyabrın 20-də Bakının Dağlı məhəlləsində Abbasovlar ailəsində dünyaya gəlib. Anası dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım ziyalı qadın, atası Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov olub. Ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyən Gündüzün uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçib, rəssamlığa, yazı-pozuya böyük maraq göstərib. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. O tələbəlik illərindən ədəbi yaradıcılıqla məşğul olur, hekayələr yazır, tərcümələr edib. 50-60-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı nəşr edilib, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunub. Bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyib. "Uşaqgəncnəşr"də, "Azərnəşr"də fəaliyyət göstərib, bir çox kitabın redaktoru olub. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləyib. 1958-1990-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dək filmdə, o cümlədən 8 ekran əsərində əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. "Aygün" televiziya filmində Elyar, "Bizim küçə"də Rasim, "Leyli və Məcnun"da Zeyd, "Telefonçu qız"da Mehribanın atası, "Vulkana doğru"da Uzun, "Dədə Qorqud"da Bəybura, "Qərib cinlər diyarında"da İblis, "Babək"də Pərvinin babası, "İşarəni dənizdən gözləyin"də şair, "Qəm pəncərəsi"ndə qoca kəndli, "Alman klinikasına şəxsi səfər"də milyonçu Lioznov, "Doğma sahillər"də Bəndalı kişi, "Yuxu"da Hidayət kişi və s. obrazlar bu qəbildəndir. Aktyorun sonuncu filmi "Yuxu" ilə yekunlaşdı. Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Hacı İsmayılov dedi ki, Gündüz Abbasov Azərbaycan mədəniyyətində, kinosunda öz sözünü deyən, tamaşaçıların məhəbbətini qazanan bir aktyor  olub: “Gündüz Abbasov filmlərdə baş qəhrəman rolları ifa edirdi. Onun “Bir qalanının sirri” filmindəki Elşən obrazının vurğunu idim.  O zaman  biz uşaq idik. O artıq məşhurlaşmış aktyor idi. O filmin müəyyən yerləri “İçəri şəhər”də çəkilirdi. Orada Gündüz Abbasova çox həsədlə baxırdıq ki, nə yaxşı belə görkəmli aktyorumuz var. O filmdə canlandırdığı obraza görə oğlumun adını Elşən qoydum. Biz onlara çox böyük hörmətlə və həssalıqla baxırdıq. Onlardan  aktyor olmağı öyrənirdik. Gündüz Abbasovun görkəmi, boyu-buxunu, üzünün gözəlliyi “fotogenik” idi. Kino üçün çox əlverişli bir fakturası vardı.  Kinoya yaraşırdı”.  

 

Xalq artisti onu da dedi ki, Gündüz Abbasov çox yaxşı insan idi: “Bacarıqlı insan olub. Yaxşı əl qabiliyyəti, rəssamlığı vardı. Yaxşı  məqalələr yazırdı. Hər tərəfli, istedadlı insan idi. Çünki o nəsilli, nəcabətli nəsildən olub. Seyfəddin Dağlının qohumlarındandır. Münasibətimiz yaxşı idi. Onun övladlarının toyunda iştirak eləmişəm. Hətta aparıcılıq etmişəm. Mənə qarşı münasibəti çox yaxşı olub. Həmişə  hörmətlə yanaşıb”.   

 

Rəqsanə

Tarix
20 Noyabr 2014 [23:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin