Azərbaycanla Türkiyə arasında diaspor quruculuğu sahəsində fəaliyyətin əlaqələndirilməsi günün tələbidir

18:24 - 8 Avqust 2017 - KİVDF

Azərbaycanla strateji müttəfiq olan bir sıra  ölkələrlə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi bu günün tələbidir. Bu baxımdan qardaş Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi məsələsinin xüsusi önə çəkilməsi heç də təsadüfi deyildir. Tarixən bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək, qardaş köməyini bir-birindən əsirgəməmişlər.
Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi daioma xüsusi diqqət mərkəzində olub. 1994-cü ilin fevralında Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı bu ölkənin Böyük Millət Məclisində etdiyi tarixi çıxış ilə iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulunu səsləndirdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin bəyan etdiyi hər bir fikir və tezisin arxasında mütləq real əməl, praktik nəticə dayanırdı. “Bir millət, iki dövlət” bəyanatı da gəlişi gözəl olaraq irəli sürülməmişdi. Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycan və Türkiyənin güclü, qüdrətli dövlətlər olmasını və bu gücün səfərbər edilərək ortaq mənafe və ümumi, “bir millət” fəlsəfəsi üzərində köklənən hədəflərə yönəlməsini ehtiva edirdi. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda və səmimi anlaşma üzərində təşəkkül tapdı. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərdə olmuş, qardaş ölkənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti, beynəlxalq müstəvidəki addımları daha əlaqəli və bir-birini tamamlayan oldu. Bu siyasət sayəsində Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.

Türk dünyasının böyük şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürkün: Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir. - kəlamları qarşılıqlı əlaqələrimizin dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın təməl prinsiplərini müəyyənləşdirmişdi. Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıb. Əsrlər boyu tarixin mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışıblar. Lakin buna müvəffəq olmayıblar. Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə bir-birinə qovuşublar. Bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcək”
Son illər iki qardaş ölkənin diasporlarının fəaliyyətinin əlaqələndirilməsi uğurlara yol açmış, xüsusilə Avropa Şurası çərçivəsində  Ermənistanın ciddi diplomatik uğursuzluqlara düçar olmasına gətirib çıxarmışdır, Türkiyə diasporası bütün tədbirlərdə Azərbaycanla birlikdədir və dəstəyini əsirgəmir. Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşdə deyib. Komitə sədri iki ölkə arasındakı əlaqələrin çox uğurla inkişaf etdiyini, ölkələr arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu ifadə edib. 
Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Baş nazirin müavini Əli Həsənov vaxtilə Naxçıvanda yaşayan yerli sakinlərin təhlükəsizliyinin, sosial təminatının təmin olunmasında Türkiyənin çox böyük dəstəyinin olduğunu deyib: "Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib. Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirəm ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.Bu ölkələr və xalqlar buna yol verməməlidirlər”.
 
Ə. Həsənov bildirib ki, hər iki ölkənin diaspor təşkilatları da həmişə bir-birinə dəstək olub, bədniyyətli düşmənlərin  istəklərini puça çıxarır. Ə. Həsənov diqqətə çatdırıb ki, Ermənistanın dörd yerdən idarə olunması və himayədarlıq edilməsinə baxmayaraq aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt Ali Baş Komandanın əmri ilə torpaqları azad edə bilər: "Bunu ermənilər nə qədər tez başa düşsələr özlərinə xeyirdir". 
 
Yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Erkan Özoral öz növbəsində Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayaraq bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını deyib. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Türkiyəli diplomat Azərbaycan ilə qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışacağını qeyd edib. 

Qeyd edək ki, daha  böyük uğur qazanmağımız üçün isə diasporamızda əvvəlcədən müəyyən edilmiş ortaq strategiya yazılmalı və o istiqamətdə də fəaliyyətimizi davam etdirməliyik. Həmçinin mütəmadi olaraq qarşılıqlı fikir mübadiləsinin aparılması lazımdır. Hazırda diasporamız sürətli şəkildə güclənməkdədir. Amma bu da kifayət deyil. Bu fəaliyyətlər könüllülük prinsipinə dayandığı üçün bir çox insanlarımız maddi imkansızlıq baxımından istənilən səviyyədə iş görə bilmirlər. Ona görə də xüsusilə işadamlarımızın həmin insanları dəstəkləməsi lazımdır. Bu olduğu halda gücümüz daha çox artar və Azərbaycan həqiqətlərinin dünya xalqlarına və ictimaiyyətinə çatdırılması daha da asanlaşar. Həmçinin diaspora sahəsində fəaliyyətlərin genişləndirmək üçün qəzet, radio və televiziya kimi vasitələrə sahib olmaq lazımdır. Bu istiqamətdə ardıcıl işlər görülüb.
Yeri gəlmişkən, 2002-ci ildə Milli Məclisdə qəbuk olmuş "Xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda müəyyən vergi və gömrük güzəştlıəri də nəzərdə tutulub.

Xəbər xətti