Azərbaycan brendinin dünyada tanıdılmasında diasporanın üzərinə mühüm vəzifələr düşür

18:31 - 4 Avqust 2017 - KİVDF

Azərbaycan brendinin dünyada tanıdılması istiqamətində xaricdə yaşayana azərbaycanlıların, o cümlədən bizneslə məşğul olan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşür. Bu, uzun bir prosesdir. Azərbaycan məhsullarının Avropaya və digər qitələrə ixracı üçün ilk növbədə məhsulların keyfiyyətini yaxşılaşdırmalı, standartlara uyğunlaşdırmalıyıq. Azərbaycan məhsullarının tez-tez bu ölkələrin ticarət sərgilərində nümayişini təşkil etməliyik. Bunu  Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov deyib. Onun sözlərinə görə, bir ölkənin məhsullarının, mətbəxinin Avropa və digər qitələrdə tanıdılması üçün ilk növbədə turizmin inkişafı yüksək səviyyədə olmalıdır. Avropalıların ölkəyə axını başlamalıdır. "Ən əsası isə Avropa ölkələri ilə birbaşa aviareyslər açılmalıdır. Məsələn, Amsterdam-Bakı reysi illərdir açılmırdı. Bunun üçün nə qədər cəhd göstərilsə də, heç bir nəticə yox idi. Halbuki niderlandlılar dünyanın ən çox səyahət edən sakinləri sırasındadırlar. Demək olar hər bir niderlandlı ildə dörd dəfə dünyanın müxtəlif ölkələrinə səyahət edir. Eyni zamanda, Belçikada, Almaniyada yüz minlərlə həmyerlimiz yaşayır. Təsəvvür edin, bu ölkələrdən AZAL ilə Bakıya uçmaq üçün Parisə getmək lazımdır. Bu da ən azı 500 kilometr məsafədir". Sahil Qasımov bildirib ki, istər soydaşlarımız, istərsə yerli əhali digər aviaşirkətləri seçirlər. "Bir sözlə, Avropadakı azərbaycanlıların kapitalı digər dövlətin büdcəsinə getmiş olur. Nəticədə Azərbaycana gedəcək turistlərin sayı iki dəfə azalmış olur. Əlbəttə, ölkəmizə getməyən, onun məhsullarını tanımayan avropalı öz ölkəsində bizim məhsullara baxanda onun üçün məchul görünür". Deməli, avropalılar  Azərbaycana nə qədər çox gəlsələr. onu yaxından tanısalar məhsullarına da bir o qədər çox maraq göstərərlər. Diaspora rəhbəri bildirib ki, xaricdə yaşayan azərbaycanlılar da istəyir ki, Azərbaycan Avropada daha geniş tanıdılsın, ölkəmizin məhsulları orada daha geniş çeşiddə təmsil olunsun. Bu xaricdə yaşayan azərbaycanlı sahibkarlarının da maraqlarına xidmət edir. Onlar daha keyfiyyətli, çox çeşidli məhsulları Avropa ölkələrində satışını təşkil etməklə, Azərbaycan ticarət evlərinin açılmasına dəstək verməklə böyük işlər görə bilərlər. Aydındır ki, bu ticarət mərkəzlərində işləyənlərin də əksəriyyəti etnik azərbaycanlılar olacaq. Azərbaycana maraq artıqca diaspora təşkilatlarının ölkəmizi yerli əhaliyə tanıtması imkanları da genişlənəcək. Orda yaşayan azərbaycanlı sahibkarlar da qeyri-neft sektorunu məhsullarının Avropa ölkələrinə ixracında maraqlı olacaqlar. Eyni zamanda tarixi vətənlərindəki sahibkarlarla birgə fəaliyyət göstərmək imkanı da qazanacaqlar. Onlar müəyyən güzəştlər də əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan məhsullarının ixrac edilməsi istiqamətində sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Azərbaycan prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb. Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb. Fərmana əsasən “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması da  təsdiq edilib. Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi isə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir. 
Göründüyü kimi Azərbaycan məhsullarının xaricdə təşviqi ilə bağlı diaspora təşkilatlarımızın üzərinə böyük məhsuliyyət düşür. Onlar müxtəlif sərgilərdə ölkəmizin qeyri-neft sektorunun məhsullarının tanıdılmasında yaxından iştirak edə bilərlər. 
"Made in Azerbaijan” brendi dünyada tanınır
 "Made in Azerbaijan” brendinin dünyada tanıdılması üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanıb”. Bu sözləri qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev deyib. Ölkə başçısı bildirib ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Bu sərgilərdə diaspora nümayəndələri də iştirak edir, Azərbaycanın təbliğində rol oynayırlar. "Bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”, - deyə dövlət başçısı əlavə edib. Xarici ölkələrə bir neçə ixrac missiyasının ezam edildiyini, bu missiyaların da çox böyük faydası olduğunu deyən Prezident bildirib: "Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır”. Ticarət evlərinin yaradılması həm də diaspora təşkilatlarının fəallaşmasına xidmət edir. Onlar Azərbaycanın təbliği üçün  geniş imkanlar qazanırlar. Azərbaycan dövləti də onlara hər cür dəstək verəcək. Bu isə dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməyə səbəb olacaq. " Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”, - deyə Prezident İlham Əliyev bildirib. 
Görülən işlər isə nəticə verir. Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov bildirir ki, “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib. Artıq Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb: "Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib". 
Bu dəstəyin nəticəsidir ki,  ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və məhsul ixracına başlanılıb. Elçin Mədətov bildirib ki, Rusiya və Çindən başqa, Belarus və Litvaya şərab tədarük edilir və Avropa, Afrika və Şimali Amerika bazarlarıda diqqət mərkəzindədir. 
Almaniyaya isə şərabdan başqa, meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, bal, çay və s. ixrac olunacaq. Meyvə şirələrimizə və meyvələrimizə başqa ölkələrdə də maraq var. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.
Qeyri-neft sektorunda icrac potensialının yüksək olduğunu deyən AZPROMO-nun mütəxəssisi Teymur Tağıyev bildirir ki, hazırda Azərbaycandan Kanada, ABŞ, Avstraliya və Rusiyaya meyvə şirələri, bir sıra Avropa ölkələrinə isə qoz və fındıq ixrac edilir: “Azərbaycanda istehsal edilən meyvə şirələri, xüsusilə də nar şirəsi dünya bazarında maraqla qarşılanır. Dünya bazarında nar şirələrinə, fındığa tələbat təklifdən çoxdur”. 
Fındıqçılıqda ölkəmizə valyuta gətirən sahədir. Ötən il ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız isə əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik,  Bu sahayə isə SKMF tərəfindən 10 milyon manat güzəştli kredit verilib.
Qazaxıstanın Atırau vilayətində Azərbaycanın ixrac potensialını nümayiş etdirən 400-dən artıq şirkətin məhsullarının, eləcə də Aktau şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə tikilən Logistika Mərkəzinin imkanları ilə bağlı təqdimat mərasiminin keçirilməsi də ixrac imkanlarımızın genişləndirilməsinə xidmət edir.  Bu uğurların əldə olunmasında xaricdə yaşayan azərbaycanlılarda yaxından iştirak edib.

Xəbər xətti