Mədəniyyət əsas təbliğat vasitəsi, dövlətlərarası humanist əlaqələrin mənbəyidir

18:25 - 3 Avqust 2017 - KİVDF

Diaspora təşkilatları bu sahədə önəmli rol oynayırlar

"Moskvadakı həmvətənlərimiz öz mədəniyyətlərinə çox bağlıdırlar. Deyərdim ki, bu, unudulması mümkün olmayan mütləq, şərtsiz, zamansız amildir. Onlar cəmiyyətin müxtəlif sosial təbəqələrinə mənsub ola bilərlər, müxtəlif siyasi və hətta dini baxışları ola bilər, maddi imkanları müxtəlif səviyyələrdə ola bilər, hətta başqa ölkə şəraitində öz dillərini belə bilməyə bilərlər, amma onların hər birinin toxumunda genetik kod var ki, milli mədəniyyət, musiqi və s. ilə qarşılaşdıqda o, özünü biruzə verir". Bunu Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Nigar Axundova deyib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti öz vətənləri ilə daima maraqlanırlar. "Yeri gəlmişkən, Londondan hələ uşaqlıqda valideynləri ilə birlikdə Azərbaycandan gedən tanışım bir dəfə mənə etiraf etdi ki: "Bakı, demək olar ki, yadımda deyil, dili bilmirəm, evdə valideynlərimlə ingilis dilində danışıram, Böyük Britaniya vətəndaşıyam, amma Azərbaycan musiqisi səslənən kimi əslində kim olduğumu başa düşürəm, yerimdə dayana bilmirəm və bu musiqini hər bir hüceyrəmdə hiss edirəm". Həqiqətən bu belədir. Bu bağlılığın möhkəmlənməsində diaspora təşkilarlarının üzərinə böyük vəzifələr düşür.
Nigar Axundova bildirib ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti onun dünyada layiqincə tanınmasına imkan verir. Mədəniyyət əsas təbliğat vasitəsi, dövlətlərarası humanist əlaqələrin mənbəyidir. Bu baxımdan, Azərbaycan-Rusiya mədəni əlaqələri ölkələrimiz arasında hərtərəfli dostluğun möhkəmlənməsinə də öz töhfəsini verir. Nigar Axundova deyib: "Məncə, çox önəmli bir etirafdır". Onun sözlərinə görə, Moskvada "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyəti mədəniyyətimizin təbliğində bir diaspora təşkilatı kimi önəmli rol oynayır.  "O Rusiya paytaxtında ilk qeydiyyatdan keçən üç diaspor qurumundan biridir və Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayır. Cəmiyyət azərbaycanlıların birliyi, onların Azərbaycanla əlaqələrinin genişlənməsində xidmət edir".  Nigar Axundova bildirib ki, “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti Moskvada yaşayan azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. Cəmiyyət 1989-cu ilin oktyabrında rəsmi qeydiyyatdan keçib, həmin ilin dekabrından fəaliyyətə başlayıb. Cəmiyyətin sədri Tofik Məlikli isə rəhbərlik etdiyi qurum barədə deyib: " Ümumiyyətlə, Azərbaycanın milli-mədəni cəmiyyətinin yaradılması ideyası hələ ötən əsrin 60-cı illərində ortaya çıxmışdı. O vaxt biz - Moskvadakı ali məktəblərdə və elmi-tədqiqat institutlarında təhsil alan aspirantlar müxtəlif xarici ölkələrdən gələn tələbə və aspirantların həmyerlilər birliyi kimi, bənzər bir qurum yaratmaq barədə düşünürdük. Bu təşəbbüsü illər sonra həyata keçirdik. “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında yaradıldı, bir il sonra rəsmi qeydiyyatdan keçdi. Onu da qeyd edim ki, “Ocaq” Ukraynanın “Flavutiç”i və yəhudilərin “Şalom”u ilə yanaşı Moskvada qeydə alınmış ilk üç diaspora təşkilatından biridir. Fəaliyyətimiz dövründə həm uğurlarımız, həm də problemlərimiz olub. Amma ötən tarixi vərəqlədiyimiz zaman zəngin mövzular ortaya çıxır". Tofiq Məlikli bildirib ki, bizim qurum adından da göründüyü kimi, mədəniyyət cəmiyyətidir. "Cəmiyyətin ilk tədbirlərindən biri 1989-cu ilin martında milli bayramımız olan Novruzun qeyd edilməsi oldu. “Ocaq” cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində daim Azərbaycanın tarixinə dair silsilə tədbirlər, dəyirmi masalar, mühazirələr, Azərbaycan dili kursları, bazar günü məktəbi təşkil edib. 1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyi ilə Moskva şəhər 157 saylı orta məktəbdə Azərbaycan etnomədəni təmayüllü təhsil ocağı açmağa nail olmuşuq. Məktəbdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir. Qeyd etmək yerinə düşər ki, 157 saylı məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarət “Buta” ansamblı da fəaliyyət göstərir. Biz Moskvada tez-tez Azərbaycan sənətçilərinin konsertini, rəsm və foto sərgilərini, yubiley tədbirlərini keçiririk. Ədəbi nəşrlərimiz işıq üzü görür. Məqsədimiz mədəniyyətimizi, tarixi irsimizi, ədəbiyyatımızı, incəsənətimizi ən yüksək səviyyədə təbliğ etmək, görkəmli musiqiçilərimizi, alimlərimizi, yazıçılarımızı Rusiya cəmiyyətinə daha yaxından tanıtmaqdır. Çünki bizim mənfur qonşularımızın Azərbaycanın əleyhinə apardığı təbliğat qarşısında biz daha səfərbər və fəal olmalıyıq. Moskva Millətlər Evində Azərbaycanın Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunmuşdur. Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqə Departamenti, Moskva Millətlər Evi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva Bölməsi və “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin birgə təşkil etdikləri gecədə görkəmli şairin oğlu, Azərbaycanın Xalq Yazıçısı Anar və yazıçı Günel Anarqızı iştirak etmişlər". 

Cəmiyyət uzun illərdi Azərbaycan ədəbiyyatını, müxtəlif birlikləri və cəmiyyətləri, poeziya məclisini təşviq edir. Unutmaq olmaz ki, mədəniyyət diplomatiyası Azərbaycanın xarici siyasət konsepsiyasının ayrılmaz elementidir. Xoşbəxtlikdən, mədəniyyət resursları və ölkəmizin bu istiqamətdə məqsədyönlü fəaliyyəti son illər beynəlxalq aləmdə nəzərəçarpan uğurlar əldə etməyə imkan verib. Nigar Axundova bildirib ki, ölkənin xarici siyasəti onun öz kandarından başlayır. "Buna görə də ölkə rəhbərliyi ildən-ilə məşhur siyasətçilərin, dünya elm və mədəniyyət xadimlərinin ölkəyə cəlb edilməsi yolu ilə Azərbaycanın beynəlxalq statusunun formalaşdırılması və möhkəmləndirilməsi strategiyasını həyata keçirir. Azərbaycan nadir geosiyasəti və tarixi missiyası ilə əlaqədar Qərb və Şərq ölkələri üçün inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir. Burada ilk növbədə Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu və nəhayət, Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək lazımdır".
Azərbaycan mədəniyyətinin Rusiyada təbliğində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin də böyük xidmətləri var. Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Rusiyada bu diplomatiyanın siması və bilavasitə icraçısı Leyla Əliyevadır. Onun rəhbərliyi ilə Azərbaycanın zəngin mədəniyyətinin qonşu ölkədə təbliği siyasəti uğurla davam etdirilir. Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunan Leyla Əliyeva qeyd edir: "Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu".
Fondun Rusiya filialı təkcə federal icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti səviyyəsində deyil, həm də federasiya subyektlərinin nümayəndələri ilə əlaqələr saxlanması istiqamətində xeyli səy göstərir. Fondun nümayəndəliyinin rəhbərliyi Sankt-Peterburq, Tver, İvanovo və Tula vilayətlərinin rəhbərliyi ilə səmərəli əlaqələr qurmuşdur. Rusiya hakimiyyətinin və biznesinin digər regional elitası ilə də münasibətlər yaradılmışdır. Bu konteksdə Azərbaycan diplomatiyasının mövqeyi baxımından Qarabağ münaqişəsi haqqında məlumatların yayılması kimi çox mühüm məqamı da xatırlatmamaq olmaz. Fondun nümayəndəliyi Azərbaycanın ən yeni tarixinin həm kədərli, həm də təntənəli məqamları ilə əlaqədar genişmiqyaslı aksiyalara, təşkil etdiyi tədbirlərə Rusiya siyasi elitasının nümayəndələrini də dəvət edir.

Xəbər xətti