"Bizim vəzifəmiz ölkələrimiz arasında mədəni və sosial-humanitar körpülər yaratmaqdır"

18:20 - 2 Avqust 2017 - KİVDF

 Azərbaycan mədəniyyətinin Rusuyada təbliğatında diaspora təşkilatlarımızın önəmli rolu var. Bu yaxınlarda Rusiya Federasiyasının Stavropol şəhərində Rusiya Günü keçirilib. Bu tədbirdə “Odlar Yurdu” təşkilatının prezidenti Fəxrəddin Yarıyev başda olmaqla Azərbaycan diaspora təşkilatının üzvləri də yaxından iştirak edib.Təbirdə Fəxrəddin Yarıyevin rəhbərliyi ilə Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəxi yüksək səviyyədə təbliğ olunub. Fəxrəddin Yarıyev Azərbaycan diasporu olaraq göstərdiyi xidmətlərə görə Rusiya Günündə birinci yerə layiq görülüb.
Azərbaycanın Rusiyada tanıdılmasında Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi də yaxından iştirak edir.Əsası Heydər Əliyev tərəfindən qoyulmuş Mərkəzin missiyası Rusiyada Azərbaycan mədəniyyətinin hifz edilməsi və artırılması, Rusiya və Azərbaycan xalqlarının dərin tarixi köklərə malik olan mənəvi əlaqələrinin bundan sonra da möhkəmləndirilməsidir. Bunu Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Nisə Mustafayeva deyib. Onun sözlərinə görə, ilk növbədə mərkəz Azərbaycan mədəniyyətinin təşviqi və tətbiqi ilə məşqul olur. "Bu sözsüz belədir. Lakin mənim fikrimcə, bizim əsas məqsədimiz gənclər arasında rabitəni təmin etməkdən ibarətdir. Uşaqlar buraya kursa gəlirlər və hətta, dərslər bitdikdən sonra onlar belə bir-birilərindən ayrılmaq istəmirlər. Burada olan ümumi  atmosfer, rahatçılıq və bir-biriləri yaxından ünsiyyətdə olmaq onların çox xoşlarına gəlir. İndi elə əsirdir ki, əsasən, insanlar evlərində kompüterlərin qarşısında əyləşirlər. Buna görə də mən buraya insanların sırf dərs üçün deyil, bir-birlərini görüb, ünsiyyətdə  olmaq üçün gəlməklərini çox böyük qiymətləndirirəm".

AMM-in başçısı bildirib ki, bizim vəzifəmizə eyni zamanda ölkələrimiz arasında mədəni və sosial-humanitar körpülər yaratmaqdır. N.Mustafayeva xüsusi vurğulayıb ki, AMM Azərbaycan mədəniyyətinin Rusiyada təbliği və yayılması, məsələn, Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən ictimai birliklər səviyyəsində əlaqələrin inkişafına yönəlmiş müxtəlif proqramları həyata keçirmək məqsədi ilə fəaliyyətin əlaqələndirilməsi, tarixən təşəkkül tapmış tolerantlıq, etnik və mədəni müxtəliflik ənənələri olan qədim mədəniyyət ocağı kimi ölkəmizə marağın oyadılması ilə məşğul olur.  "Mərkəz mədəni-təhsil tədbirlərinin və digər tədbirlərin keçirilməsində ölkəmizin Rusiyadakı səfirliyi ilə qarşılıqlı fəaliyyət göstərir, bütün əlaqədar tərəflərlə sıx münasibətlər qurur". Onun sözlərinə görə, mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatına dair nəşrlərin yer aldığı daimi fond yaradılıb. AMM diaspor nümayəndələri arasında daimi təcrübə və ideya mübadilələrinə, yubiley tarixlərinə və Azərbaycan həyatının əlamətdar hadisələrinə həsr olunmuş müntəzəm görüşlərin keçirilməsinə dəstək göstərir. Mühazirələrin, habelə Azərbaycanın və Rusiyanın ictimai həyatında nəzərəçarpacaq rol oynamış maraqlı insanlarla tematik görüşlərin təşkilinə xüsusi diqqət yetirir. Nisə Mustafayeva deyib ki, daimi əsasda reallaşdırılan layihələrə Azərbaycan dili və ədəbiyyatı kursları, Azərbaycan tarixinə dair mühazirələr daxildir. Bundan əlavə, müasir Azərbaycanın həyatının müxtəlif tərəflərini əks etdirən konfransların, mətbu nəşrlərin və digər məhsulların təqdimatlarının, konsertlərin təşkili həmişə diqqət mərkəsində olur.
Nisə Mustafayeva bildirib ki, mərkəzə müxtəlif daxili festivallar, kitab təqdimatları və digər tədbirlərdə iştirak etmək üçün çoxlu sayda insanlar gəlirlər. Məsələn, türk xalqlarının mədəni irsi ilə məşğul olan Rusiya Fondu və həmçinin, Ş.Mərjani  adına elm və mədəniyyət proqramları Dəstək Fondu ilə birlikdə Elmira Axundovanın "Şəxsiyyət və zaman" seriyasından "Heydər Əliyev" adlı kitabın təqdimat mərasimi keçirilib. Bundan başqa, Moskvanın "Xarici ölkələr ədəbiyyatı" kitabxanasının Böyük zalında ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Moskva Yazıçılar Birliyi, "Poetik Moskva" jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər. Tədbirdə çıxış edən Nisə Mustafayeva bildirib ki, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyəti var, ölkələr və xalqlararası anlaşmada mühüm rol oynayır. 
Tərcümə Mərkəzin direktoru Afaq Məsu isə deyib: "Nəzərinizə təqdim olunan bu ikicildlik, bizim milli ədəbiyyatımız tarixində ilk hadisədir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Təəssüflə bildirməliyəm ki, bəlkə də bunun nəticəsidir ki, bu gün dünya ədəbi müstəvisində Azərbaycan ədəbiyyatı haqqında real təsəvvür yoxdur, dünya kitabxanalarında bu ədəbiyyatı təmsil edən kitablara rast gəlinmir. Dünyanın, belə bir qədim tarixi, zəngin ənənələri olan ədəbiyyatdan demək olar ki, xəbərsizliyi yalnız ürək ağrıdır. Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi də məhz budur: Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaq. Üzümüzə gələn il antologiyanın, ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir".
Moskva Yazıçılar Birliyinin sədr müavini, yazıçı Valeri İvanov Taqanski cıxışında ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb: "Sizə səmimiyyətlə bildirməliyəm ki, bu kitab mənim üçün, sözün əsl mənasında açılış oldu. Azərbaycanın belə bir ədəbiyyata malik olduğunu bilməzdim. Bu, böyük ədəbiyyatdır və belə bir ədəbiyyatı olan xalq, şübhəsiz ki, böyük xalqdır".
Qeyd edək ki, Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatını keçirdiyi kitablardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasıdır. 
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi kitab təqdimatı, tədris proqramları ilə yanaşı, sərgi sahəsinə də diqqət ayırır. Artıq bir neçə Azərbaycanlı rəssamların sərgisi keçirilib. Məsələn, rəssam Əşrəf Heytbəov (hal-hazırda o Almaniyada yaşayır) və Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan və Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun əsərlərinin sərgiləri buna missal göstərmək olar. Bu işlərin həyata keçirilməsində Heydər Əliyef Fondu həmişə Azərbaycan Mədəniyyət Mərkəzinə dəstək olub. Özünəməxsus fəaliyyətilə seçilən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi sözün əsl mənasında, Azərbaycanla şimal qonşumuz arasında həm də nəcib diplomatik missiya yerinə yetirməkdədir. Həqiqətən də Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsindən (məktəblərin və məktəbəqədər müəssisələrin dəstəklənməsi) tutmuş səhiyyə və mədəni inkişaf sferalarınadək bir çox proqramlar həyata keçirir. Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Rusiyada bu diplomatiyanın siması və bilavasitə icraçısı Leyla Əliyevadır. Məhz Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görübdür. Bu gün də Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi yönümündə atılan addımlar, Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirilməsi, Azərbaycanın zəngin mədəniyyətinin qonşu ölkədə təbliği siyasəti uğurla davam etdirilir.

Xəbər xətti