Ana səhifə
24 May 2018

Qarabağın geosiyasi mənzərəsində “erməni xərçəngi”

Elman Nəsirli: “Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycan zarafat etmir”

 

 

Bu gün Dağlıq Qarabağ probleminə münasibətdə beynəlxalq aləmin ikili və daha çox laqeyd yanaşmaları müharibə vəziyyətinin yeni bir mərhələyə keşməsi üçün zəmin hazırlayır. Ağdam rayonu ərazisində helikopterin vurulması,  ölən erməni hərbçilərin qaytarılması ilə bağlı məsələlər gündəmin müzakirəsinə verilməklə yanaşı, burada Rusiya faktoru və Azərbaycanla qurulan əməkdaşlıq əlaqələrindən dolayı ermənilərin keçirdikləri narahatlıqlar da gündəmi tutur. Regionun təhlükəsizliyi işğalçı Ermənistan tərəfindən pozulsa da, beynəlxalq aləmin münaqişəyə yanaşmasında yeni elementlər nəzərə çarpmır. Yaranmış vəziyyət bir sıra mübahisəli məqamların üzərində dayanmaq üçün şərait yaradır. Politoloq Elman Nəsirli ilə aldığımız müsahibədə bu və ya digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

- Elman müəllim, bu gün təmas xəttində baş verən gərginliyə və ATƏT-in Minsk qrupu dövlətlərinin məsələylə bağlı mülahizələrinə nəzər salsaq yaranmış vəziyyətin hansı mərhələdə olduğunu söyləyə bilərik?

 

-  Azərbaycan ərazisinə müdaxilə etdiyi üçün erməni helikopterinin vurulması beynəlxalq hüquq prinsiplərinə müvafiq addımdır. Bu gün Ermənistan tərəfi çalışır ki, bundan siyasi şou yaradıb, pespektivdə görünən danışıqlar prosesini pozmaq üçün istifadə etsin. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin avqust ayının 10-da Soçi danışıqları zamanı payızda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkili ilə bağlı mövqe bildirmişdi. Paris danışıqlarının ardınca belə bir görüşün keçirilməsi perspektivli görünürdü. Ermənilərin yaratdığı bu gərginlik həmin perspektivi pozmaq mahiyyətini daşıyır.  Ermənilər eyni zamanda çalışırlar ki, qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı öz şərtlərini dünyaya yeritsinlər. Ona görə də dezinformasiya “təbliğat maşınını” daha işlək vəziyyətə gətiriblər. Artıq bəzi konqresmenlər Konqresə və  ABŞ prezidenti Barak Obamaya müraciət edib. Bununla da ABŞ prezidentinin qondarma erməni soyqırımının tanınması ilə bağlı bəyanat verməsinə nail olmağa çalışırlar. Açıq şəkildə yazırlar ki, ABŞ-ın Azərbaycana hərbi yardımlar göstərməsi qadağan edilsin. Eyni zamanda hər il bir il müddətinə dayandırılan 907-ci maddənin fəaliyyətinin 1992-ci ildəki vəziyyətə qaytarılmasını istəyirlər. Bu gün həm Ermənistanda, həm də Birləşmiş Ştatlarda Azərbaycana qarşı əks kampaniyaya başlayıblar. Məqsəd vəziyyəti maksimum mürəkkəbləşdirmək, danışıqalar prosesini pozmaq, nəticədə status-kvo vəziyyətini qoruyub saxlamaqdan ibarətdir.

 

- Bəllidir ki, erməni siyasətçilər helikopterin vurulmasını müxtəlif cür yozur və hökumətdən Azərbaycana qarşı adekvat cavab verməyi tələb edirlər. Onlar beynəlxalq təşkilatları Azərbaycanı sərt cəzalandırmağı tələb etməyə çağırırlar.  Bundan hər hansı nəticə gözlənilə bilərmi?

 

- Bu hay-küyün və tələblərin heç bir nəticəsi olmayacaq. Çünki hadisə Ermənistanda deyil, Azərbaycanın işğal altında olan ərazisindən reallaşıb. Hadisənin tədqiqi zamanı bir daha aydın olacaq ki, baş vermiş hadisəyə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Bunun başqa bir mənası da var. Azərbaycan tərəfi hər zaman bildirib ki, əgər ermənilər Xocalıdakı hərbi aeroportu işə salarsa oradan qalxan təyyarələr vurulacaq. Buna görə də bütün məsuliyyət yenə də Ermənistanın üzərinə düşür. Hesab edirəm ki, bu hadisə Ermənistan tərəfinə başa salacaq ki, Azərbaycan onlarla zarafat eləmir.  Bu hadisədən sonra ermənilər Xocalıdakı hava limanından istifadə məsələsinin üstündən xətt çəkməlidir.

 

- ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin noyabrın 18-də təmas xəttinin Ağdam istiqamətində keçirilən monitorinq zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş erməni vertolyotunun düşdüyü əraziyə baş çəkə bilmədiyi ortaya çıxdı. Erməni tərəfi onun həmin əraziyə getməsində israr edirdi. Bu monitorinq istər ATƏT, istərsə də digər beynəlxalq təşkilatların nümayəndələrinin məsləyə münasibətində dəyişiklik yarada biləcəkmi?   

 

- Biz də ATƏT-in nümayəndələrinin həmin ərzidə araşdırma aparmasını istərdik. Bu Azərbaycanın maraqlarına uyğundur.  Hesab edirəm ki, əgər beynəlxalq qurumların nümayəndələri bu işlə ciddi məşğul olsalar avtomatik olaraq həqiqət ortya çıxacaq. Bəllidir ki, Ermənistan tərəfi guya Qarabağdan kənar işğal olunmuş 7 rayonu təhlükəsizlik zolağı kimi əldə saxladığını bəyan edir. Amma burada işğaldan kənar əraziyə hərbi müdaxilə faktı qeydə alınıb. Ona görə də biz də beynəlxalq təşkilatların məsələ ilə ciddi məşğul olmasını arzu edərik. Bu halda bir çox həqiqətlər öz yerini tapa bilər. Çünki faktiki olaraq beynəlxal təşkilatlar bu münaqişə ilə ciddi şəkildə məşğul olmayıblar. Hətta bir çox hallarda öz qətnamələrinin həyata keçirilməsində də maraqlı olmayıblar.  Bu gün Ermənistan tərəfi dezinformasiya ilə məşğuldur, bu hadisədən səs-küy kampaniyası yaratmağa çalışır. Ermənilər əsl mahiyyəti bir kənara qoyub Azərbaycanı dünyaya aqressiv nümunədə təqdim etmək istəyirlər.  Bu da yalnız obyektiv tədqiqatın aparılmadığı zaman vaş verir.

O ki qaldı ATƏT-in bu məsələyə necə yanaşmasına,  hamıya bəllidir ki, bu qrupun səmərəlilik əmsalı sıfıra bərabərdir. Bu təşkilat yalnız Ermənistan tərəfini razı sala bilib. Təsadüfi deyil ki, NATO-nun sentyabrın 4-5 –dəki Uels sammitindən geri qayıdan Ermənistan przidenti Sarqsyan hakim partiyasında toplantı keçirərərk bəyan etdi ki, biz ATƏT-in Minsk qrupu çərçivəsində daha böyük nailiyyətlər əldə edə bilmişik.  O, NATO, AŞPA sahəsində uğurlarının elə də böyük olmadığını, bu sahədə daha çox Azərbaycanın müvəffəqiyyətə imza atdıını deyib.  Belıə çıxır ki, Ermənistan Minsk qrupu formatından çox razıdır və bu formatın dəyişməməyində maraqlıdır.

 

- Son helikopter hadisəsində ermənilərin daha çox rusları hədəfə aldığı müşahidə olunur. Sizcə bunun mahiyyətində nə dayanır: bu həqiqi qınaqdır,  yoxsa Qərbi əldən verməmək üçün sığortalayıcı manevrlərdi?

 

- Əslində bu gün Ermənistan Avrasiya İttifaqında iştirakla bağlı iki cəbhəyə parçalanıb. Hakim partiya və onun komandası bu inteqrasiyanı dəstəkləyənlər sırasındadır, müxalifətin böyük bir qismi isə hesab edir ki, belə bir addımın atılması Ermənistanı tam Rusiyadan asılı vəziyyətə salır və müstəqilliyini tamamilə itirir. Bu xətti müdafiə edən qüvvələr hesab edirlər ki, bu hadisənin baş verməsində Rusiyanın əli var və onların mövqeyinə görə Azərbaycan tərəfi belə  bir addımı özbaşına ata bilməzdi. Bu daha çox Ermənistan müxalifətinin mətbuatında səslənir. Amma hamımız da yaxşı bilirik ki, bunlar erməni illüziyalarıdır. Azərbaycan isə bu məsələdə dəyişməz mövqeyini dəfələrlə ortaya qoyub. Bu da ondan ibarətdir ki, Azərbaycan onun hava məkanını pozan tərəfə qarşı xəbərdarlıq addımları atacaq. Buna tabe olunmayacağı təqdirdə digər dövlətlər analoji vəziyyətdə hansı addımı atıblarsa Azərbaycan da o addımı atacaq. Ona görə də Ermənistanın Rusiyanı bu məsləyə qatması meyilləri təbiidir. Dəyişməz həqiqət də ondan ibarətdir ki, Azərbaycan hər hansı bir tərəfin diqtəsi və tələbləri əsasında deyil, öz maraqlarından çıxış edərək addımlar atır.      

 

- Rusiya Dövlət Dumasının Nəqliyyat məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçevin  noyabrın 16-17-də İrana səfəri zamanı İrandan Azərbaycan vasitəsilə Rusiyaya dəmir yolu xətti tikmək niyyətini açıqlayıb ki, bu da Ermənistanda narahatlıq doğurub. Belə bir dəmir yolunun çəkilməsi Azərbaycana nə vəd edir və bu, niyə Ermənistanı narahat etməlidir?

 

–  Şübhəsiz ki, belə bir layihənin həyata keçirilməsi Ermənistanı növbəti dəfə vahiməyə salan məslələrdəndir. Çünki artıq çox iri layihələr işlək vəziyyətə gətirilir. Gələn il növbəti dəmir yolu layihəsi  Bakı – Tbilisi-Qars reallaşacaq və bunun nəticəsində Ermənistan özünü tam təcrid vəziyyətinə salacaq. Azərbaycan bundan daha böyük qazanc əldə edəcək. Belə bir vəziyyətdə Rusiyanın belə bir təşəbbüslə çıxış etməsi rəsmi Yerevanı narahat edən məsləyə çevrilib.  Məsələ ondadır ki, Azərbaycan bundan hən tranzit ölkə kimi qazana bilər, eyni zamanda İran və Rusiya ilə olan ticarət  əlaqələrini reallaşdırmaq üçün yeni imkanlar əldə etmiş olacaq. Deməli, Azərbaycan tək neft və qazdan gələn böyük gəlirlər hesabına deyil, həm də yükdaşımalar hesabına böyük vəsaitlər əldə etmiş olacaq. Paralel olaraq. Ermənistan büdcəsinin daha da boşalması, iqtisadi böhran məngənəsində çabalamasını nəzərə alsaq, Rusiyanın bu təşəbbüsünün Ermənistan üçün hansı problemlər yaradacağını indidən proqnozlaşdırmaq mümkündür. Bu Rusiya – Ermənistan münasibətlərində müəyyən soyuqlaşma tendensiyasının daha da artmasına gətirib çıxaracaq.

 

Bununla yanaşı ermənilər bu gün Ermənistan - İran dəmir yolu xəttinin çəkilməsi məsələsi üzərində də dayanırlar. Əslində həmin ideyanın reallaşdırılması üçün Ermənistan büdcəsində pul yoxdur. İran tərəfi isə belə bir məsələnin mövcudluğunu  hakimiyyətdə praqmatik siyasətçilərdir. 2500 illik dövlətçilik tarixi olan dövlət onun fərqindədir ki,  bu dəmir yolu xəttinin böyük iqtisadi səmərəsi olmalıdır. Amma olduqca dar bir fonda Ermənistana dəmir yolunun çəkilməsi İran tərəfi üçün də məqbul variant kimi qəbul edilmir.  Bu, ideya xətirinə ortaya atılsa da, onun reallaşdırılması sıfıra bərabərdir. Xüsusilə də Rusiyanın son təşəbbüsü fonunda artıq İran-Ermınistan dəmir yolu xəttinin çəkilməsinin aktuallığı daha da azalmış olur.

 

 

Tahirə Qafarlı  

Tarix
20 Noyabr 2014 [19:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin