Güclü Azərbaycan diasporu Azərbaycanın maraqlarının təminatçısıdır

18:18 - 1 Avqust 2017 - KİVDF

Dünya öz tarixi inkişafının olduqca mühüm və mürəkkəb mərhələlərindən birini yaşayır. Qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası dialoqun tarixi zərurətə çevrildiyi bu mərhələdə hər bir millət öz varlığını qoruyub saxlamaqla bərabər, bəşəriyyətin gələcəyi üçün də məsuliyyət daşıyır. Belə bir şəraitdə Azərbaycan dövləti hadisələrə seyrçi mövqe tutmur, müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verir. Son illər Vətənimiz mütəmadi olaraq dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi edir. Xarici ölkələrdə təşkil olunan tədbirlərdə yaxından iştirak edir. Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhvələr verir. Bu tədbirlərdə Azərbaycan diaspora təşkilatları yaxından iştirak edir.

Tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak edirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, ildən ilə bu tədbirlərdə iştirak edən insanların sayı çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir - bu tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir. Bundan əlavə, Azərbaycan dövlətinin əlamətdar günləri - Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün, Respublika günü, Milli Qurtuluş günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan diasporunun keçirdiyi tədbirlərə daha çox insan qatılır. Bütün bunlar Azərbaycan diasporunun gücünün artmasının göstəricisidir. Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə həsr olunmuş konfrans, konsert proqramları, sərgilərdə iştirak edən minlərlə insan Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrini özləri üçün kəşf edir və bu insanlarda Azərbaycan xalqına və dövlətinə rəğbət daha da artır. Əlbəttə ki, bütün bunlar Azərbaycan diasporunun uğurudur. Güclü Azərbaycan diasporu isə Azərbaycanın maraqlarının həmin ölkələrdə təminatçısıdır".
Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrinin tanıdılmasında Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də rol oynayır.Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədi ilə 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə fərman imzalayır.


İstər xaricdə, istərsə də, Azərbaycanda keçirilən forum və tədbirlər isə aydindir ki, mədəniyyətimizin təbliği üçün faydalıdır. Qeyd edək ki, ötən yüzilliklər ərzində ölkəmizin bir çox rəssamları, şairləri, yazıçıları, musiqiçiləri və digər yaradıcı peşələrin nümayəndələri dünyada məşhurluq qazanıblar, onların yaratdıqları əsərlərə bu günə qədər tələbat var. Bununla yanaşı, fəal şəkildə inkişaf edən mədəniyyət və incəsənət sahəsi dünya ictimaiyyətini istedadlı Azərbaycan gəncləri ilə tanış etməyə davam edir. Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə keçmiş müşaviri, sənətşünaslıq sahəsində fəlsəfə elmləri doktoru Nigar Axundova bildirib ki, Azərbaycanın mədəniyyət vasitəsilə ciddi şəkildə təqdim edilməsinin müəyyən başlanğıc nöqtəsi var. Məhz 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkəmiz əvvəllər olduğu kimi təkcə SSRİ çərçivəsində deyil, beynəlxalq təşkilatlarda, başqa ölkələrlə ikitərəfli münasibətlərdə öz milli mədəniyyətini təqdim etmək üçün səs hüququ əldə etdi. "Bəli, ayrı-ayrı dahi ifaçılar əvvəllər də dünya səhnəsinə çıxırdı - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov musiqisi əvvəllər də Sovet İttifaqının hüdudlarından kənarda ifa olunurdu, amma onlar daha çox milli kimliyin xüsusi bir rol oynamadığı böyük ölkənin nümayəndələri kimi qəbul edilirdilər. SSRİ-nin dağılmasından sonra Azərbaycan mədəniyyəti artıq qardaş respublikaların birgə xorunda deyil, müstəqil səs kimi səslənirdi, bu da bizim imkanlarımızı xeyli genişləndirirdi və şübhəsiz, strategiyamızı qurmağımızı tələb edirdi". O bildirib ki, strategiya birdən-birə qurulmadı. 90-cı illər sadəcə mürəkkəb deyildi, ən yeni tariximiz üçün həqiqətən faciəvi illər idi. "Qarabağ münaqişəsi başladıqdan, doğma ərazilərimiz işğal edildikdən, habelə kədərli yanvar hadisələrindən sonra xalqımız emosional şok vəziyyətində idi və təbii ki, mədəni həyat qeyri-müəyyən müddət üçün donmuşdu. Amma tədricən dərk etməyə başladıq ki, həqiqətlərimizi,  ağrı-acımızı, faciəmizi dünya ictimaiyyətinə çatdırmaq istəyiriksə, digər Qafqaz və Şərq xalqları arasında özünəməxsusluq ilə fərqlənmək istəyiriksə, bizi tanımalı, anlamalıdırlar, bu isə o deməkdir ki, bizə inanmağa başlayacaqlar". 
Nigar Axundova bildirib ki, hazırda Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında diaspora təşkilatlarının rolu böyükdür. Onların fəallığı bizə məxsus mədəniyyət abidələrinin başqalarının özünküləşdirməsinin qarşısını alır. Diaspora təşkilatlarının da fəal iştirak etdiyi mədəniyyət günləri bu sahədə çox faydalıdır. Bununla yanaşı Azərbaycanın beynəlxalq mədəniyyət təşkilatlarında təmsil olunması da çox önəmlidir.  "Bütün çətinliklərə baxmayaraq, unudulmaz bir siyasətçinin dediyi kimi, bu proses gedib... 1991-ci ildə Azərbaycan İSESKO-ya, 1992-ci ildə YUNESKO-ya qoşulub, 1993-cü ildən TÜRKSOY-un fəal iştirakçılarından və yeri gəlmişkən, onun yaradılmasının təşəbbüskarlarından biri olub, 2001-ci ildə isə Avropa Şurasına daxil olub. Bu, bəhs etdiyimiz proses üçün çox mühüm məqamlardır, çünki belə böyük beynəlxalq təşkilatlara üzvlük, necə deyərlər, həm özünü göstərmək, həm başqalarına baxmaq, öz mədəniyyətin haqqında danışmaq, başqa ölkələrin iş təcrübəsini mənimsəmək, əməkdaşlıq qurmaq imkanı verir". Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi də bu səpgidən tədbirdir və mədəniyyətimizin təbliğində əvəzsiz rolu var. Bu da diaspora təşkilatların fəaliyyətilə birləşəndə ortada ciddi nəticələr olur.
Siyasi ekspert Bəhruz Quliyev isə bildirib ki, "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə əsas verir ki, ölkəmiz istər siyasi, istər sosial, istərsə də digər sahələr üzrə beynəlxalq aləmdə mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzi rolunu oynayır. Onun sözlərinə görə, əldə edilən bu kimi uğurların əsas təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir və dövlət başçısının müdrik siyasəti qlobal miqyaslı təşəbbüslər fonunda bir daha öz təsdiqini tapmaqdadır: "Ümumiyyətlə, ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü siyasəti Azərbaycanın dünyada lider ölkələr sırasında yer alması ilə nəticəsini tapmaqdadır. Bu baxımdan, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi də bu faktoru kifayət qədər ehtiva etməkdədir".
Siyasi ekspert həmçinin bildirib ki, bu gün Azərbaycanda mövcud olan bu əhəmiyyətli məqam hətta dünyanın bir çox nüfuzlu ölkələri tərəfindən öyrənilir: "İnanıram ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıracaq, dünyanın qaynar nöqtələrində cərəyan edən ziddiyyətlərin aradan qaldırılmasında, xalqlar arasında dialoqun, qarşılıqlı münasibətlərin qurulmasında öz əvəzsiz töhfələrini verəcək. Artıq Azərbaycan həmin istiqamətdə əsaslı platforma rolunu oynamaqdadır".
Onun sözlərinə görə, Azərbaycanın, o cümlədən onun mədəniyyətinin tanıdılmasında diaspor təşkilatlarımızın da üzərinə məsuliyyət düşür. Bu təşkilatlar yaşadıqları ölkələrdə təbliğatı gücləndirməli, yaranmış imkanları xeyrimizə yönəltməyi bacarmalıdırlar. Əgər belə olarsa istər Azərbaycanda keçirilən beynəlxalq forumlar, istərsə də xaricdə baş tutan tədbirlər Azərbaycanın bir mədəniyyət mərkəzi olduğunu tanıdar, ölkəmizə marağı artırar.

Xəbər xətti