Səyyar ASAN qatar Siyəzəndə

11:58 - 24 İyul 2017 - Xəbər

Səyyar ASAN qatar Siyəzəndə vətəndaşlara xidmət göstərəcək. ASAN-dan verilən məlumata görə, səyyar ASAN qatar 24 iyul-7 avqust tarixlərində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Həmçinin, səyyar avtobuslar 29 iyun-28 iyul Xaçmaz şəhərində, 7-31 iyul İsmayıllı və Lerik rayonlarında, 10-29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 13-27 iyul Tərtər şəhərində, 17-31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər xətti