“Gənc Elçilər” Xarici İşlər Nazirliyində məlumat turunda iştirak edib

11:20 - 21 İyul 2017 - Cəmiyyət

“Gənc Elçilər” Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib. Bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə “Gənc Elçilərə” ətraflı məlumat verilib.

Məlumat turunun ilk sessiyası çərçivəsində Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirakçıları salamlayıb. Seymur Hüseynov tərəfindən “Gənc Elçilər” Proqramının mahiyyəti və gənclərin beynəlxalq təmsilçiliyi ilə bağlı məlumat verib. Hikmət Hacıyev çıxışında əsas prioritet olaraq ölkənin suverenliyi və müstəqilliyinin qorunmasını, bu sahədə görülən işlər, dövlət siyasəti və gənclərin rolunu vurğulayıb, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə söhbət açaraq, gəncləri maraqlandıran praktiki sualları cavablandırıb. 

Növbəti sessiya çərçivəsində Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini Hüseyn Hüseynovun iştirakı ilə “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda müzakirələr aparılıb. Danışıqlar zamanı Ermənistanın təcavüzkarlığının regionun hərtərəfli siyasi, demokratik, sosial-iqti¬sadi inkişafına, uzunmüddətli sabitliyinə və təhlükəsizliyinə törətdiyi maneələr eyni zamanda Azərbaycan Dövlətinin münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində atdığı addımlar müzakirə olunub.

Daha sonra Nazirliyin İnsan hüquqları və demokratiya idarəsinin rəisi Fəxrəddin İsmayılovun iştirakı ilə “İnsan hüquqları və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq” adlı seminar baş tutub. Seminarda Azərbaycan Respublikasının insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi geniş müzakirə olunub. 

Növbəti seminar İqtisadi əməkdaşlıq idarəsi, şöbə müdiri Orxan Zeynalov ilə “İqtisadi diplomatiya” mövzusunda keçirilib. Seminar müddətində İqtisadi Diplomatiya sahəsində inkişaf və dövlət maraqlarının təmin olunması barədə müzakirələr aparılmışdır. 

Məlumat turu Humanitar və sosial məsələlər idarəsi, şöbə müdiri Arif Məmmədov tərəfindən “Humanitar sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda seminarla yekunlaşdırlıb. Seminarda gənclər mövzu ilə bağlı geniş məlumat alıb, fikir mübadiləsində fəal iştirak etmişlər. 

Qeyd edək ki, “Gənc Elçilər” Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçilik Proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.

Xəbər xətti