"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir"

18:19 - 19 İyul 2017 - KİVDF

Nazim İbrahimov: "Bizim əsas işimiz Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyasını təmin edə bilməkdir "

 
"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri hər zaman ölkə rəhbərliyinin və Dövlət Komitəsinin diqqət mərkəzindədir. Oradakı soydaşlarımızın vəziyyəti ilə əlaqədar daim xüsusi araşdırmalar aparılır, problemləri öyrənilir və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən onlara dəstək göstərilir". Bunu Azərbaycan Respublikası Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Onun sözlərinə görə, bu problemlər iki ölkənin hökumətlərarası komissiyasının da gündəliyində prioritet məsələlərdəndir. "Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq imkan verir ki, həmin problemlər öz həllini tapsın, əlbəttə, bəzi problemlər artıq həll olunub, bəziləri isə hələ də qalır. Onlar da tədricən yoluna qoyulacaq".
 Nazim İbrahimov bildirib ki, biz ümumiyyətlə, yalnız Gürcüstanda deyil, xaricdə yaşayan bütün soydaşlarımızın hüquqlarının qorunmasına çalışırıq. Soydaşlarımızın problemlərini araşdırıb nəticələrini həmin ölkələrin rəhbər nümayəndələri ilə görüşlərdə onların diqqətinə çatdırırıq. "Dövlət Komitəsi bu məsələdə öz səlahiyyətləri çərçivəsində üzərinə düşən işləri görür. İndiki halda bizim əsas işimiz Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyasını təmin edə bilməkdir. Bunun üçün vacib şərtlərdən biri də onların gürcü dilini bilməsi və ictimai-siyasi mühitdə fəal iştirakıdir",
Komitəsinin sədri bildirib ki, Gürcüstan Azərbaycanlılarının cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbinin əksəriyyətində “gürcü dili” kursları açılıb və bu dilin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair 300 dəst cədvəl hazırlanaraq Azərbaycandilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Nazim İbrahimov əlavə edib ki,  20 min sözdən ibarət iki cildlik “Azərbaycanca-Gürcücə” lüğət nəşr edilib. Nəşr edilmiş lüğət “Gürcü dilinin tədrisi” kurslarına və Azərbaycan məktəblərinə paylanılıb".
Komitə sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın ali məktəblərinə qəbulu və dövlət orqanlarında təmsil olunmaları istiqamətində də uğurlar əldə edirik. "Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında soydaşlarımız üçün gürcü dili kursları acıdıqdan sonra Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərəçarpacaq artım müşahidə etdik. Təsəvvür edin ki, təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxu gürcü dili kurslarının dinləyiciləri oldu. Bu gün isə onların sayı təqribən 2600 nəfərə yaxındır. Yəni soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşayış şərtlərini təmin edə bilər".
Gürcüstan parlamentinin üzvü Ruslan Hacıyev isə bildirib ki,  Əvvəllər Gürcüstan azərbaycanlıları orta məktəbi Gürcüstanda başa vurduqdan sonra ali təhsil almaq üçün Azərbaycana gedirdilər." Bu da çox zaman dil maneəsi ilə bağlı səbəblərdən baş verirdi. Gürcüstan təhsil sistemində son illər baş verən dəyişikliklər nəticəsində azərbaycanlı abituriyentlərin artıq yerli ali təhsil ocaqlarında təhsil almağa marağı artıb. Hazırda azərbaycanlı abituriyentlərin təxminən 90%-i ali təhsilini Gürcüstanda davam etdirməyə üstünlük verirlər".
Depotatın sözlərinə görə, "SOCAR Georgia" şirkəti müəyyən sayda Gürcustan azərbaycanlılarının Gürcüstan universitetlərində təhsil haqlarının ödənişini öz üzərinə götürüb. " İlk öncə, fürsətdən istifadə edərək, Gürcüstan iqtisadiyyatının inkişafına ciddi dəstək vermiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinə Gürcüstan azərbaycanlıları adından təşəkkürümüzü bildirmək istərdim. Azərbaycanlıların kompakt yaşadıqları bölgələrin sosial, infrastruktur, iqtisadi problemlərinin həllində, o cümlədən gənclərimizin Gürcüstan universitetlərində təhsil almalarında SOCAR-ın ciddi dəstəyini hiss edirik. SOCAR prezidenti cənab Rövnəq Abdullayev Gürcüstana hər səfəri zamanı mütləq Marneuliyə baş çəkir, rayonun sosial-iqtisadi inkişafının vəziyyəti, problemlərimizin həlli ilə ciddi maraqlanır. Çox sağ olsun, Gürcüstan azərbaycanlılarını diqqətsiz qoymur. "SOCAR Georgia" şirkətinin rəhbəri cənab Mahir Məmmədov da daima çeşidli məsələlərdə bizim bölgəyə operativ dəstək göstərir…
 Dövlət dəstəyinə gəlincə, qeyd edim ki, Gürcüstan Təhsil Nazirliyi müəyyən kriteriyalara uyğun gələn tələbələrin təhsilini maliyyələşdirir. Bu kriteriyalara yaxşı oxuyan tələbələr, aztəminatlı ailələrdən olan və ya dağlıq ərazidə yaşayan tələbələr aiddir. Həmin qərar milli mənsubiyyətindən asılı olmayaraq, sözügedən kriteriyalara uyğun gələn bütün Gürcüstan vətəndaşlarına şamil olunur". 
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili isə bildirib ki, bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir. Nazir azərbaycanlıların kompakt yaşadığı Marneulidə Kvemo Kartli bölgəsindəki orta məktəblərdə gürcü dilini tədris edən gürcü, azərbaycanlı və erməni qadın müəllimləri ilə görüşüb. Görüşdə nazirin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı və jurnalistlər də iştirak edib. K. Tsixelaşvili jurnalistlərə açıqlamasında bölgədə çalışan müəllimlərlə görüşün vacib olduğunu bildirib: “Çünki müəllimlər dövlət dilini vətəndaşlarımıza keyfiyyətlə öyrədir və onlar tam hüquqlu vətəndaşlar kimi müxtəlif sahələrdə çalışırlar”.
K. Tsixelaşvili 2015-ci ildə Gürcüstanda etnik azlıqlarla bağlı strateji plan qəbul edildiyini xatırladıb: “Biz etnik azlıqların siyasətə, iqtisadiyyatın müxtəlif sahələrinə cəlb olunmasını nəzərdə tutmuşuq. Bundan başqa, bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir. Biz diqqətimizi daha çox etnik azlıqların ana dillərinin öyrədilməsinə yönəldirik. Bu yaxınlarda biz Acarıstanda yaşayan üç minədək etnik abxaza öz ana dillərinin öyrədilməsi üçün şərait yaratmışıq. Abxazlar öz dillərini öyrənməkdə maraqlıdırlar. Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan orta məktəblərində oxuyan məktəblilərə ana dillərinin öyrədilməsinə də diqqət yetiririk. Gürcüstanda yaşayan etnik azlıqlar üçün öz ana dillərinin öyrədilməsi siyasəti bizim üçün vacibdir. Məktəblərdə təhsil alan azərbaycanlı şagirdlər paralel olaraq dövlət dilini də öyrənir, Gürcüstanın ali məktəblərinə imtahan verir və müxtəlif ixtisaslar üzrə təhsil alırlar”.
Bu məsələyə toxunan Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Petre Kankava isə bildirib ki, Gürcüstanda 1+4 proqramı fəaliyyət göstərir və azərbaycanlı tələbələr və gənclər pulsuz olaraq proqram çərçivəsində dövlət dilini öyrənir, istədikləri ali məktəblərə qəbul olunurlar. "Bu ildən başlayaraq biz Təhsil Nazirliyi ilə birlikdə 4-cü kursu bitirən etnik azlıq nümayəndələrini 14 müəssisə, idarə və təşkilatlarda təcrübə işinə qəbul etmişik. Onlar əvvəlcə təcrübə keçəcək, dövlət dilini mükəmməl bildikdən sonra müxtəlif dövlət və hökumət strukturlarında çalışacaqlar”.
Nazir müavini qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər dövlət strukturlarında və müəssisələrində işləməyə böyük maraq göstərirlər. Biz gürcü dilini bilən azərbaycanlı gəncləri məmnuniyyətlə işə qbul edirik. P. Kankava diqqətə çatdırıb ki, hökumət gürcü dilini mükəmməl bilən və fəal olan hər bir gənci Ədliyyə Nazirliyi, quberniya, rayon icra hakimiyyətlərində və digər müəssisələrdə yüksək vəzifələrdə görmək istəyir. “Bu, Gürcüstan hökumətinin milli etnik azlıq nümayəndələrinə qayğısı və böyük diqqətidir” - nazir müavini vurğulayıb.

 

Xəbər xətti