Ana səhifə
21 Noyabr 2018

İpoteka kreditləşməsində “Alman modeli”

Əli Əlirzayev: “Azərbaycan üçün bu sxemin tətbiqi arzuolunandır”

 

 

Azərbaycanda tətbiq olunması gözlənilən yeni ipoteka strategiyasının bəzi detalları artıq açıqlanıb. Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, “Alman modeli” deyilən ipoteka modeli irəli sürülüb: “Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir”.

E.Rüstəmov bildirdi ki, yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb.

“Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük”.

Bu məsələni “Üç nöqtə”yə şərh edən iqtsadçı alim Əli Əlirzayevin sözlərinə görə, ümumiyyətlə dünya təcrübəsində uzunmüddətli ipoteka kreditləri bazarının təşkili və inkişafı 3 fərqli model üzrə aparılır: “Bunlardan biri "Amerika modeli" və ya ikipilləli maliyyələşmə sxemi, ikincisi "Avropa modeli" və ya birpilləli maliyyələşmə sxemi və nəhayyət "Alman modeli" (birpilləli maliyyələşmə sxeminin modifikasiyası) adlanır. Əsasən müxtəlif ölkələrdə istifadə olunan "Amerika" və "Avropa" modellərinin fərqi bu ölkələrdə ipoteka kreditləri bazarının fəaliyyəti zamanı yenidən maliyyələşmənin sxemləri ilə bağlıdır. Məsələnin mahiyyəti ipoteka kreditləşməsi zamanı vəsaitlərin uzun müddətə bank dövriyyəsindən çıxarılması ilə əlaqədardır. Müştərilərin daşınmaz əmlakın girov qoyulması şərti ilə kreditləşməni apardıqdan sonra, kreditləşmə əməliyyatlarının davamlılığının təmin olunması üçün verilmiş vəsaitlərin kommersiya banklarına qısa zaman kəsiyində digər maliyyə mənbələri hesabına qaytarılması, başqa sözlə, ipoteka kreditləşməsinin yenidən maliyyələşməsi tələb olunur”.

Müsahibimiz deyir ki, "Amerika modeli" ipoteka kreditləri üzrə girov öhdəliklərinin alqı-satqısına əsaslanır: “Sxemin mahiyyəti ondan ibarətdir ki, bank ipoteka kreditləşməsi üzrə müştərilərinin girov öhdəliklərini ölkədə fəaliyyət göstərən ixtisaslaşmış ipoteka agentliklərindən birinə satır. Alqı-satqı əməliyyatı nəticəsində öhdəliklər üzrə tələb hüququ bütünlüklə agentliyə verilir, agentlik isə öz növbəsində ipoteka kreditinin məbləğini banka qaytarır. İpoteka agentlikləri kommersiya banklarından aldıqları müəyyən sayda ipoteka kreditləri üzrə öhdəlikləri vahid qaydada birləşdirərək, onlar üzrə qiymətli kağızların emissiyasını və fond bazarında yerləşdirilməsini həyata keçirir. Bu cür agentliklər dövlət zəmanəti ilə fəaliyyət göstərdikləri üçün onlar tərəfindən emissiya olunan qiymətli kağızlar maliyyə bazarlarında yüksək etibarlı borc vərəqələri kimi qəbul olunur. Bu səbəbdən də investorlar üçün, xüsusilə konservativ investorlar üçün risksiz və cəlbedici aktivlər hesab olunur”.

O bildirdi ki, "Amerika modeli"nin mühüm xüsusiyətlərindən biri ipoteka kreditləri üzrə faiz dərəcələrinin ölkədə maliyyə-kredit bazarlarındakı vəziyyətdən asılı olaraq dəyişkən olmasıdır.

İqtisadçı alim vurğulayır ki, "Avropa modeli" və ya birpilləli maliyyələşmə sxemində bank verilmiş kredit üzrə bütün tələb hüquqlarını özündə saxlayır, yenidən maliyyələşmə məqsədilə aparılmış ipoteka kreditləşməsi üzrə mövcud olan öhdəliklərin zəmanəti əsasında qiymətli kağızların emissiyasını və yerləşdirilməsini həyata keçirir: “Hər iki model inkişaf etmiş fond bazarının mövcudluğu və ipoteka qiymətli kağızlarının emissiyasına maneələr olmadığı şəraitdə praktiki olaraq maliyyə bazarından kreditləşmə məqsədləri üçün məhdudiyyətsiz vəsaitlərin cəlb olunmasına imkan verir”.

"Alman modeli"nə gəldikdə ekspert qeyd etdi ki, bu model əvvəlki iki sxemdən fərqli olaraq, ipoteka kreditləşməsi zamanı açıq maliyyə bazarlarından vəsaitlərin cəlb olunmasına əsaslanmır və qapalı sistem şəklində fəaliyyət göstərir: “Modeldə yenidən maliyyələşmə mənbəyi kimi ipoteka krediti almaq istəyən ölkə vətəndaşlarının ixtisaslaşmış banklardakı vəsaitləri çıxış edir. Kreditləşmə sxeminin mahiyyəti isə ondan ibarətdir ki, ev almaq və mənzil şəraitini yaxşılaşdırmaq istəyən ölkə vətəndaşları bu məqsədlər üçün ixtisaslaşmış İpoteka-Əmanət banklarında müqavilə üzrə yığım hesabları açır, hesaba yığılmış vəsait tələb olunan kreditin məbləğinin 50 faizi səviyyəsinə çatdıqda bank öz müştərisinə tələb olunan kreditin verilməsini təmin edir. İpoteka-Əmanət banklarında vəsaitlərin toplanmasının fasiləsizliyi təmin olunduğundan kreditləşmənin də fasiləsizliyi təmin olunur. Dövlət də əhalinin yığım və əmlak əldə etmək meyllərinin dəstəklənməsi məqsədi ilə müxtəlif dotasiyalar və həvəsləndirmə sistemləri tətbiq edir”.

Ə.Əlirzayev bildirdi ki, "Alman modeli" həmçinin əmanət-tikinti müqaviləsi sistemi adlanır.

Dünyanın bir sıra ölkələrində bu sxem üzrə fəaliyyət göstərən ipoteka bankları (Almaniyada "Tikinti-əmanət bankları, ABŞ-da "Əmanət-kredit bankları", İngiltərədə "Tikinti assosiasiyaları" və s.) mövcud olduğunu diqqətə çatdıran iqtisad ekspert Azərbaycan üçün bu modelinin tətbiqinin arzuolunan olduğunu sözylədi.

 

 

Əfsun

Tarix
20 Noyabr 2014 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin