Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət dairəsi genişdir

15:33 - 14 İyul 2017 - KİVDF

Diaspora Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayır
 Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın diaspora təşkilatlatları arasında öz fəaliyyəti ilə seçilir. Avropa Azərbaycan Cəmiyyəti 2008-ci ilin noyabr ayında işə başlayıb. Ondan dörd il öncə isə London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərib. Təşkilatın Birləşmiş Krallıq, Belçika, Fransa, Almaniya və Türkiyədə ofisləri, Azərbaycanda isə nümayəndəliyi vardır. Təşkilatın missiyasının bir hissəsi olaraq, Avropa Azərbaycan Cəmiyyəti mütəmadi olaraq sərgilər, konsertlər, kitab nəşrləri və təqdimatların daxil edildiyi çoxistiqamətli mədəniyyət layihəsini həyata keçirir. Bu layihələr Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunmasını, Avropa cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyasını, təhsilin inkişaf etdirilməsini, dostluq, etimad və  xalqlar arasında anlaşmanı təşviq edir. Dünya ictimaiyyəti incəsənət, memarlıq, ədəbiyyat, teatr, kino, rəqs və musiqi sahələri də daxil olmaqla, Azərbaycanın bütün növ mədəniyyət sahələri barədə məlumatlandırılır. Bundan başqa Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən də tanıdır. Cəmiyyətin xətti ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çoxsaylı kitablar, jurnal və qəzetlər nəşr edilib. Bir sözlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropada insanlara çatdırilmasında cəmiyyət önəmli rol oynayır. Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadının və onun ikiyaşlı nəvəsinin qətlə yetirilməsi ilə bağlı hadisə, erməni fəhşiliyinin iç üzünün açılmasında Avropa Azərbaycan Cəmiyyəti fəaliyyəti öz nəticələrini verir. Azərbaycan Cəmiyyətinin Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatı bunu aydın göstərir. Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakılıq halların baş verdiyini bildirən Stefan Mayer qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə səbəb olub. Bəyanatda deyilir: Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın ölümü ilə yadda qalıb. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olub, bir milyona yaxın dinc sakin isə didərgin düşüb. Müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ətrafdakı yeddi rayonu işğal edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir.
Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır. Avropa İttifaqı və Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləciyinə əmindirlər. 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanınıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində fəaliyyət göstərən Minsk Qrupu 1992-ci ildən bu günədək regionda sülh yaratmağa çalışır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur. BMT Xartiyasının II maddəsinin 3 və 4-cü bəndlərinə əsasən, bütün ölkələr öz aralarındakı mübahisələri elə həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət prinsipləri pozulmasın. BMT-nin hər bir üzvü digər ölkənin ərazi bütövlüyünə təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar. Göründüyü kimi Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən dəstəkləndiyi  deputatın dilindən bir də səslənir. 
Bəyanatda daha sonra deyilir: 2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinin 20 illiyinə həsr olunmuş toplantıda CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həlli yollarına dair müzakirələr keçirib və öz təkliflərini verib. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq. Bu baxımdan Almaniya Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və öz həllini tapmalıdır.
Bundan başqa, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri və iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakini - 2 yaşlı Zəhra Quliyevanın qətli ilə bağlı Almaniya Xarici İşlər Nazirliyində (XİN) müzakirələr aparılıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşın Almaniyaya səfəri çərçivəsində bu ölkənin XİN departament rəhbəri Ekart Blaurok ilə görüş keçirilib. Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının pozulması haqqında geniş məlumat verilib, habelə 4 iyulda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin erməni silahlı birləşmələri tərəfindən atəşə tutulduğu, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyi bildirilib. Həmçinin, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi Bəyanat Almaniya XİN-ə təqdim edilib.
Avropa Azərbaycan Cəmiyyətinin  fəaliyyət sahəsinə bunlarla yanaşı Avropa və Azərbaycan arasında biznes əlaqələrini dəstəklənməsi də daxildir. O təşkilatların əməkdaşlıq əlaqələri qurması və mövcud biznes əlaqələrinin region boyu genişlənməsi üçün platform yaradır.  Bundan başqa, əsas fikir yaradıcıları, qərar qəbul edənlər və digər siyasi, akademik dairlər və vətəndaş cəmiyyətilə əlaqəli şəxslərin Azərbaycan barədə məlumatını artırmaq üçün çalışır. Öz məqsədləri çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti maraqlanan tərəflər, fikir formalaşdıran və qərar qəbul edən tərəflərlə görüşlər təşkil edir, siyasətçilər, jurnalistlər və biznes adamlarının tanışlıq məqsədilə keçirilən iş səyahətlərini təşkil edir. Eyni zamanda dəyirmi masalar, seminarlar, mühazirələr və konfranslara təşkilatçılıq edir, hesabatlar, bülletenlər və kitablar hazırlayır. Həmçinin Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub. Avropa Azərbaycan Cəmiyyətinin hər ay işıq üzü görən qəzeti bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Cəmiyyətin Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab da dünyanın müxtəlif universitet və institutlarına paylanıb.
Göründüyü kimi Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət dairəsi genişdir. Bu isə öz-özlüyündə onudeməyə əsas verir ki, dövlət tərəfindən lazımı səviyyədə dəstəklənən diaspor təşkilatlarının qazanacağı uğurlar və Azərbaycan naminə görəcəyi təqdirəlayiq işlər öz bəhrəsini verir və bu fəaliyyət qarşıdakı illərdə Azərbaycanın xaricdə tanıdılmasında daha böyük uğurlara səbəb olacaq. 

 

Xəbər xətti