Vətəndaşları rüsvayedici məlumatlar yaymaqla hədələyib pul alan şəxslər ələ keçdi

17:32 - 12 İyul 2017 - HADİSƏ

Vətəndaşları rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul alan 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki restoranlardan birində Sumqayıt şəhər sakini Ş.A. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər xətti