Türkiyənin ədliyyə naziri bəzi Avropa dövlətlərini tənqid edib

12:37 - 12 İyul 2017 - DÜNYA

 "15 iyul hadisələrinin ildönümünə 3 gün qalıb. Bu hadisələr zamanı xeyli insan həyatını itirdi, yaralandılar. Hadisələr zamanı dövlət qurumları bombalanıb, sadə vətəndaşlara atəş açılıb"."Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu xarici media nümayəndələri ilə görüşündə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
O bildirib ki, 15 iyul hadisələrini törədən FETÖ-çular tankları insanların üzərinə sürürdülər: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gecə çıxışı zamanı dedi ki, xalqdan başqa güc tanımır. Ona görə də xalqı meydanlara səslədi. Bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Türkiyə prezidenti xalqla birlikdə qətiyyət nümayiş etdirdi, demokratiyaya sahib çıxdı. Dünyada belə ikinci lider yoxdur. Amerika və Avropa dövlətləri hadisə baş verən müddətdə münasibət bildirmədilər. Sonradan hadisə ilə bağlı münasibətləri açıqladılar. Amerika rəhbərliyi deyir ki, tərəfləri sülhə dəvət edirik. Hansı ki, ölkədə dövlət çevrilişinə cəhd olub".

Nazir qeyd edib ki, dövlət çevrilişinə cəhdin baş tutmamasına səbəb tanınmış şəxslərin xalqı meydanlara səsləməsi olub: "Türkiyə dövlətinin təhlükədən qorunması böyük bacarıqdır. Bu cür fədakarlığı digər xalqlar etsəydi, Amerika və digər dövlət mükafatlandırardı. Biz bundan təəssüflənirik. Türk xalqı insan haqlarını, demokratiyanı qoruyub-saxlayıb. Bu, bir dəyərdir. Bundan sonra Türkiyədə dövlət çevrilişinə cəhdin olması mümkünsüzdür. Dəyişikliyi çevrilişlə etmək istəyənlər, özlərini yormasınlar".
B.Bozdağ bu hadisədə həbs edilənlərlə bağlı Türkiyəyə böhtan atıldığını da vurğulayıb: "Hadisəni törədənlər cəzalandırılır. Onlara işgəncə verilməsi ilə bağlı iddiaları rədd edirik. Bizə iftira atırlar. Əgər onların iddia etdikləri doğrudursa, biz hesab verməyə hazırıq. Amma bunu iddia edənlər ad vermədən deyirlər. Bəs bu necə olacaq? Türkiyədə belə fakt qeydə alınmayıb. Bu, bəzi Avropa dövlətlərinin atdığı böhtandır. Onları dəvət etmişik, gəlin, sübut edin. Deyirlər ki, biz hüquqi dövlət prinsiplərini dəstəkləyirik. Onsuz da Türkiyə hüquqi dövlətdir. Fətullahçı Terror Təşkilatı həbs edilənlərə təlimatlar verib ki, etdiklərini inkar etsinlər. Telefon danışıqları, silah işlətmələri, barmaq izləri sübutdur, amma onlar bunu rədd edirlər. Nə üçün? Çünki onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi düşünürlər. Baxın, onlar bu cür yalanlar danışırlar. Dövlət çevirilişinə cəhd etdiklərini inkar etmək üçün pullar xərcləyirlər. Media vasitələrindən istifadə edərək, təbliğat aparırlar ki, Türkiyə dövlətinə inanmayın. Mənim çıxışım zamanı yanıma bomba düşdü. Ölə də bilərdim, bunu necə inkar etmək olar? Biz demirik ki, Türkiyəni dəstəkləyin, istədiyimiz odur ki, ədalətli, obyektiv olun. 15 iyul hadisələrindən sonra ölkədə fövqəladə vəziyyət elan edildi. Həmin müddətdə bir türk vətəndaşı belə əziyyət çəkmədi. Amma Türkiyəyə qarşı hazırlanan hesabatlarda bunun əksi iddia olunur. Almaniya dövlət çevrilişinə cəhd edənlərə mühacir statusu verir. Amerika FETÖ-nün lideri Fətullah Gülənə Pensilvaniyada yer verir. Orada rahatca fəaliyyət göstərir. Bu, iki ölkə arasındakı münasibətlərə də təsir edir. Amerika və Avropa dövlətləri Türkiyənin demokratiya yolunda etdiklərini görməyəcəklərsə, 15-20 il sonra təəssüf edəcəklər".
Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə bir neçə xarici ölkənin media nümayəndəsi bu ölkədə səfərdədir. Səfərin məqsədi 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhdlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Xəbər xətti