"Dünya Ermənistanın cinayətlərinə kor baxmasın"

13:15 - 6 İyul 2017 - SİYASƏT

"Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasəti cavabsız qalmasın"

Ermənistan silahlı qüvvələrinin mütamadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutmasının nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. 
Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, Ermənistan dövlətinin bu çirkin hərəkət hüquqi aktları  – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının “Ümumdünya İnsan Haqları Bəyənnaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Konvensiyanı, “Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannəməsini kobud sürətdə pozur: "Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ni zəpt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir.
Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq  uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir.
Çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır. 
Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın sülh yolu ilə zəpt etdiyi torpaqları tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan aparır və  Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz İctimai Birlik olaraq münaqişənin sülh yolu ilə  həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqlara, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik.  Hesab edirik ki, gec də olsa nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır".

 

Emin

Xəbər xətti