Ana səhifə
18 Sentyabr 2018

Plastik əməliyyatlara müraciət edən kişilərin sayı artıb

Rövşən Babayev: «Dünyada dodağın süni gellə şişirdilməsinə müraciət olunmasa da, Azərbaycanda edənlər var»

 

Məlahət Abbasova: «50-60 yaşlı qadın üzündə qırışları götürdürsə, sonradan əziyyət çəkir»

 

Son illər plastik-estetik cərrahiyyə əməliyyatlarına müraciət edənlərin sayı artmaqdadır. Əvvəllər daha çox xanımlar bu cür əməliyyatlara ehtiyac duyurdularsa, hazırda bəzi kişilər də onlardan geri qalmır. Nə qədər fəsadlı olduğu deyilsə də, insanların gözəllik istəyi qorxuya qalib gəlir.

Plastik əməliyyatlarla bağlı “Üç nöqtə”yə danışan “Medical Plaza” klinikasının plastikrekonstruktiv və estetik cərrahı Rövşən Babayev bildirdi ki, əməliyyat üçün daha çox artıq çəki və üzdəki qüsurların aradan qaldırılması ilə bağlı müraciət edirlər. Plastik-estetik əməliyyatlara müraciət edən kişilərin sayı isə son vaxtlar artıb: “Artıq çəkidən əziyyət çəkən kişilər var. Müəyyən müddət pəhriz, idman və digər yollarla ciddi şəkildə çəki verən bəylərimiz var ki, onlar bədənin müxtəlif yerlərində sallanmaları götürmək üçün müraciət edirlər. Bundan başqa, burun çəpəri və ginekomasti əməliyyatları üçün kişilər daha çox müraciət edirlər».

R.Babayev deyir ki, cərrahiyyə fəsadsız mümkün deyil: “Cərrahiyyənin ən sadə əməliyyatı sünnətdir. Bu zaman da fəsadlar ola bilər. Amma tibbin imkanları fəsadları minimuma endirməyə imkan verir. Plastik-estetik cərrahiyyənin fəsadı ancaq istədiyimiz görüntünün verilməməsi ola bilər. Bunu isə təkrar əməliyyatla düzəltmək mümkündür. Fəsadlar haqda çox adam danışır. Amma onlardan hansından fəsadlar haqqında soruşsanız, heç biri iki misal çəkə bilməz. Bu, dünyada cərrahiyyənin ən çox yayılan növlərindəndir. Əgər fəsadlıdırsa, niyə dünya əhalisi bu əməliyyatlara meyl edir? Plastik-estetik cərrahiyyədə “xəstənin istəyi” və “cərrahın verə biləcəyi forma” deyə iki anlam var. Bunlar bəzən tutuşmaya bilir. Üz dartılmasına ehtiyacı olan 50 yaşlı xəstə gəlib deyir ki, 20 yaşımdakı kimi görünmək istəyirəm. Heç kimi 30 yaş cavanlaşdırmaq mümkün deyil. 10 yaş ola bilər. Xəstə əməliyyata gələn zaman maksimum dərəcədə cavanlaşmaq istəyir. Bütün cərrahlar öz xəstəsinə bildiyinin, bacardığının ən yaxşısını edir. İnsanın vücudu palçıq deyil ki, su qatıb, istədiyimiz formanı verək”.

R.Babayev deyir ki, xəstə həkimini, xəstəxanasını doğru seçirsə, orada heç bir problem olmaz: “Dodaq şişirdilməsindən danışaq. Bəzi xanımlar var ki, üst dodaqları tamamən yoxdur. Bəziləri uşaqlıqda dovşandodaq əməliyyatı keçirib. Bəzən dodağın bir tərəfi digərindən böyük olur. Bu problem xanımı narahat edirsə, niyə də əməliyyat edilməsin? Dodağa yeridilən gellər təbii və sintetik olur. Təbii olan 6 ay və ya 3 ildən sonra sovrulur. Sintetik yolla dodağı şişirtmək olmaz. 7-8 ildir ki, dünya praktikasında dodağın süni gellə şişirdilməsinə müraciət olunmasa da, bu əməliyyatı Azərbaycanda edən var. Bu zaman problemlər olur. Amma təbii yolla dodaq şişirdilməsi zamanı heç bir problem yaşanmır. Əgər prosedurdan sonra həkimin verdiyi dodaq forması xəstəyə xoş gəlməsə, o çox narahat olmur. Bilir ki, 6 aydan sonra keçib gedəcək. İkincisi də, təbii yolla dodaq şişirdiləndə orqanizm sintetik gellərə verdiyi reaksiyanı vermir”.

Cərrah onu da bildirdi ki, məşhurların şəkilləri ilə klinikaya gəlib, onlar kimi əməliyyat olunmaq istəyini dilə gətirənlər də var: «Əllərində şəkil gəlirlər ki, mən burnumun bu aktrisanın burnu kimi olmasını istəyirəm. Bu cür xəstələri daha ciddi dəyərləndirmək lazımdır. İnsan öz simasından bu qədər narazıdırsa, əməliyyatdan sonra da narazı ola bilər. Xəstə şəklin gətirdiyi adamın burnunu kompüterdə xəstənin şəklinin üzərinə qoyduqda, deyir mənə yaraşmadı. Ümumiyyətlə, xəstə əməliyyatdan öncə əməliyyat olunacağı mövzunu həkimlə geniş müzakirə etməlidir. Burunu aktrisanın burnuna o zaman oxşatmaq olar ki, aktrisa ilə onun üz quruluşu eyni olsun”.

Həkim Məlahət Abbasova isə deyir ki, bütün əməliyyatlar kimi plastik-estetik cərrahiyyənin də müsbət və mənfi tərəfləri var: “Müsbət odur ki, görünüşlə bağlı istədiyin nəticəni əldə edirsən. Hər bir cərrahiyyə kimi plastik-estetik cərrahiyyə zamanı da problemlər yarana bilir. Ona görə də bunları nəzərə almaq lazımdır. Plastika gözəllikdir və bu da həkimin əl işindən asılıdır. Elə həkim seçmək lazımdır ki, istədiyi effekti verə bilsin. Hər bir həkim də istəyər ki, əlindən yaxşı iş çıxsın. Amma plastik cərrahiyyə bəxtəbəxt bir işdir. Bəzən elə əməliyyat olunur ki, dodağın slikon olduğunu bilmək olmur. Amma elələri də olur ki, əməliyyat uğurlu alınmır. Bəzən plastik əməliyyat etdirən xəstələrin əvvəlki vəziyyətləri yadından çıxır. Ona görə də həmin şəxsləri əməliyyat etməzdən öncə şəkillərini çəkmək lazımdır. Sonra əməliyyatdan çıxmış variantını çəkib müqayisə etsinlər”.

M.Abbasova deyir ki, bəzən plastik əməliyyata müraciət edənləri düzgün başa düşmək lazımdır: “Qız uşağı olur ki, burnu və ya qulağı eybəcər formadadır və o cəmiyyət içində özünü narahat hiss edir. Bu zaman əməliyyatla görünüş verilməsi normaldır. Amma 50-60 yaşlı qadın üzündə qırışları götürdürsə, sonradan əziyyət çəkir. Üzdəki sinirlərə toxunurlar. Bu zaman üzdə, gözdə əyilmələr ola bilir. Mən bunu etməzdim”.

 

 

Aygün Asimqızı

Tarix
8 Oktyabr 2014 [17:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin