“Əcnəbilər və vətəndaşlığı olmayanların qeydiyyata alınması qaydaları”

15:38 - 12 İyun 2017 - Ədəbiyyat

Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə təlimi keçirilib. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzusunda keçirilən təlimdə iştirak edən Şamaxı sakinlərinə və əcnəbilərə rayon ərazisində yerləşən mehmanxana tipli istirahət mərkəzlərinə gələn əcnəbilərin Dövlət Miqrasiya Xidmətinin elektron qeydiyyat portalından istifadə qaydaları ətraflı izah olunub, xidmətin saytında yerləşdirilmiş video slayddan istifadə olunmaqla əyani olaraq tədbir iştirakçılarına göstərilib, müvafiq izah verilib.

Bildirilib ki, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Tədbir iştirakçılarına məlumat verilib ki, Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini Dövlət Miqrasiya Xidməti və ya regional miqrasiya idarələrinə təqdim etməklə, həmçinin DMX-nin www.migration.gov.az saytında xüsusi elektron xidmət pəncərəsi mövcuddur ki, burada artıq yaşadığı yeri tərk etmədən qısa müddət ərzində qeydiyyata düşməlidir. Ərizə daxil olduqdan sonra dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi inzibati məsuliyyət yaradır. Belə halların baş verməməsi üçün həm qəbul edən tərəf, həm də əcnəbilər bu məsələyə diqqətlə yanaşmalıdırlar. Ev sahibi bilməlidir ki, əcnəbi onun ünvanını tərk edərək başqa ünvana gedibsə o bu barədə miqrasiya orqanlarına məlumat verməlidir. Eləcə də əcnəbi yaşayış yerini dəyişibsə  və yeni yaşayış yerinə gedibsə 10 gün müddətinə yeni yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. 
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, əcnəbilərin ölkədə olma və yaşama qaydaları ilə bağlı vətəndaşların hüquqi maarifləndirməsi istiqamətində ətraflı məlumatlar verilib. Onlara əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə daimi və müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı sənəd siyahıları təqdim olunub.

 

Elmin


Xəbər xətti