Yol polisinin saxladiği maşından 1 kq narkotik maddə çıxdı

14:39 - 12 İyun 2017 - ÖLKƏ İÇİ

İyunun 9-da DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Onun hərəkəti yol polisi əməkdaşlarında şübhə doğurduğundan bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.

Sənədlər yoxlanılan müddətdə əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.
Hacıqabul RPŞ-yə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Natiq Cavadov, 
DİN Mətbuat Xidmətinin əməkdaşı

Xəbər xətti