“Günəşli” yatağında 60 milyon ton neft ehtiyatı var

17:32 - 8 İyun 2017 - İQTİSADİYYAT

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsində müşavirə keçirilib. "Azneft" İB-dən "APA-Economics"ə verilən məlumata görə, birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə "Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət "28 May" NQÇİ-də olublar.
Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “28 May” NQÇİ-nin 2017-ci ilin 5 ayı ərzində gördüyü işlərin müzakirəsi olub.

D.İskəndərov "28 May" NQÇİ-nin "Azneft"in ən məhsuldar idarələrindən biri olduğu, burada son illər ərzində bütün sahələr üzrə, xüsusilə tikinti-quraşdırma sahəsində, "Günəşli" yatağının yığım və nəql sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyü vurğulayıb, ötən il istismara verilmiş 7 saylı dərin dəniz özülünün görülən işlərə gözəl nümunə olduğunu xatırladıb.
Sonra idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 5 ay ərzində görülmüş işlər barəsində geniş hesabatla çıxış ediblər. Hesabatda məlum olub ki, “Günəşli” yatağında 60 mln. ton çıxarı labilən neft ehtiyatı var. Hesabat zamanı qalıq neftin intensiv çıxarılma üsulları müzakirə edilib. Hasilatın stabil saxlanılması, qalıq neftin mənimsənilməsi üçün səmərəli işlənmə üsulunun seçilməsinin vacibliyi qeyd olunub. Hasilatın stabil saxlanılması üçün əsas yükün Fasilə lay dəstindən götürülərək digər horizontlara paylanılması ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra sözügedən idarədə aparılan qazma işlərinin gedişi ilə bağlı hesabat dinlənilib. Qazma işlərinin həyata keçirilməsi üçün çatışmayan avadanlıqların təmin olunması üçün müvafiq tapşırıqlar verilib. 2020-ci ilə kimi qaz hasilatında ciddi artıma nail olunması üçün əlavə tədbirlərin görüləcəyi qərarlaşdırılıb. Ötən 5 ay ərzində 33 quyunun təmir olunaraq istismara qaytarıldığı bildirilib.
Ardından qaz-kompressor təsərrüfatı haqqında məlumat verilib. Bu təsərrüfatın “Günəşli” yatağında hasilatın əldə olunmasında böyük rol oynadığı və daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Yeni avadanlıqlarla işləyən kadrların işləri tam öyrənənə kimi təlimlərə cəlb olunması tapşırılıb.
Sonra tikinti-quraşdırma, təmir sahəsi ilə bağlı hesabat dinlənilib. Cari ildə 16 obyektdə tikinti-quraşdırma işlərinin davam etdirildiyi məlum olub. Qeyd olunub ki, 3 və 5 saylı dərin dəniz özüllərinin əsaslı təmiri yekunlaşmaq üzrədir.
Baş direktor təhlükəsizlik məsələlərinin qarşıda duran 1 nömrəli məsələ olduğunu vurğulayıb, 3 prinsip üzrə - insanların qorunması, avadanlıqların qorunması və ətraf mühitin mühafizəsinin hər kəs üçün başlıca prinsip olunmalı olduğunu qeyd edib. Baş direktor təhlükəsizliyin təmin edilməsi məqsədilə, özüllərdəki bütün işlərin, o cümlədən, özüldə çalışan podratçı şirkətlərin işlərinin “işə icazə” məsələsinin özül rəisi ilə razılaşdırılmasının mütləqliyini bildirib.
İclasın sonunda, baş direktor idarədəki çatışmazlıqlar barəsində onların problemlərini dinləmiş və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib. 

Xəbər xətti