Dinlərarası dialoq və əməkdaşlıq vacib və labüddür

14:45 - 6 İyun 2017 - KİVDF

Bunun reallaşması üçün münbit şərait formalaşmalı və müəyyən şərtlər yerinə yetirilməlidir


"Bu gün qloballaşma prosesi sürətlə gedir, ancaq müharibələrin nə sayı, nə də qurbanları azalır. Etnik, dini zəmində baş verən münaqişələr davam edir. İnsanlar rənginə, dininə və etnik mənsubiyyətinə görə hələ də təqib və təzyiqlərə məruz qalır. Dəhşətlisi odur ki, bu, bütün qitələrdə baş verir; sadəcə, bəzilərində az, bəzilərində çox". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, qloballaşma prosesi özü ilə bərabər qlobal problemlər də gətirir. "Üstəlik, bu proses sürətləndikcə etnik və dini zəmində münaqişələr alovlanır. Qloballaşma etnik və dini fərqliliyin ayrı-seçkiliyə çevrilməsinə, sanki, təkan verir. Xalqlar, xüsusilə etnik qruplar mədəni və mənəvi dəyərlərini itirir və ya onları qlobal dəyərlərlə əvəzləyir. Əsrlərin, minilliklərin sınağından çıxmış adət-ənənələr sürətlə əriyir, qloballaşma mətbəxdən tututmuş dövlət idarəetməsinə qədər bütün sahələrə təsir göstərir".
Komitə sədrinin müavini qeyd edib ki, təəssüf ki, qloballaşma sürətləndikcə dünyada tolerantlıq prinsipləri güclənmək əvəzinə zəifləyir. İndi dininə və məzhəbinə görə insanlar arasında ayrı-seçkilik edilir, qanlı münaqişə və toqquşmalar baş verir, minlərlə insan qurbana çevrilir. Gündüz İsmayılov bildirir ki, bu cür cinayətlərin baş verməsinin yeganə səbəbi tolerantlığın zəif olması deyil. Əsas səbəblər arasında cinayətkarların cəzasız qalması, ikili standart və siyasət amili də var. "Əgər Xocalı qətliamına görə cinayətkarlar beynəlxalq məhkəmədə cavab versəydilər və işğalçı Ermənistana layiq olduğu münasibət göstərilsəydi, sonrakı faciələr baş verməzdi. Bu gün beynəlxalq aləmdə cəzasızlıq mühitinin və ikili standartların hökm sürməsi gələcəkdə belə faciələrin olması ehtimalını hələ də saxlayır. Dünyada kütləvi qətliamlar və ayrı-seçkilik halları olduğu təqdirdə isə bəşəriyyətdə tolerantlığı bərqərar etmək qeyri-mümkündür".
Göründüyü kimi dünyada tolerantlıq prinsipləri bərqərar olunmayana qədər dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə səy göstərmək əbəs yerə enerji sərf etməyə, obrazlı ifadə etsək, içərisində heç kim olmayan evin qıfıllı qapısını döyməyə bənzəyir. Çünki dialoqun baş tutması üçün tərəflərin bir-birini qəbul etməsi, bir masa ətrafında əyləşməyə razılıq verməsi lazımdır. Əgər tərəflər tolerant deyillərsə, deməli, bir-birilərini qəbul etməyəcəklər və nəticədə dialoq baş tutmayacaq. Unutmayaq ki, çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətdə XXI əsrə qədər xeyli yol qət edə bilib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər kifayət qədərdir. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.
Deməli, bu gün dünyanın tolertantlığa əsaslanan dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərmişdir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən də bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir. Müxtəlif təmayüllü konfessiyaların mehriban şəkildə yaşadığı Azərbaycanda bu münasibətlərin qorunub saxlanılması hər bir kəsin vəzifəsidir.

Xatırladaq ki, dini sahədə dialoq, müxtəlif dinlərə mənsub olan insanların inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət, aşkarlıq atmosferində digərini öyrənmək, bilmək, tanımaq, qulaq asmaq və başa düşmək məqsədilə qarşılıqlı söhbət edə bilmələrini, birlikdə iş görmələrini, birgə yaşamalarını və hətta uzlaşmalarını təmin edən bir ünsiyyət formasıdır. Aqil Hacıyev bu barədə yazır: " Dialoq qurmağa çalışan dinlər arasında nə qədər çox fərqlilik olsa da, mühüm olan din mənsublarının bir-birilərini olduğu kimi qəbul etmələridir. Dinlərarası dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib "yeni bir din" istehsal etmək təşəbbüsü deyil. Dinlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir".
Dövlət Komitəsinin sədr müavini  Gündüz İsmayılov isə bildirib ki,  istənilən cəmiyyəti yalnız qanunlarla idarə etmək mümkün deyil. Çünki insanları qanun vasitəsilə nəyəsə sövq etmək çox çətindir. Bu baxımdan tolerantlığa cəmiyyəti və dünyan qanunun gücü olmadan qarşılıqlı hörmət prinsipi əsasında idarə etmək imkanı və şansı kimi də yanaşmaq olar. Bu da dini dialoqda sökənir. Nəzərə almaq lazımdır ki, tolerantlıq dinlərarası dioloqun əsas şərti və ilkin mərhələsidir. Dinlərarası dialoq isə bu gün ehtiyacdan doğan zərurətdir. "Cəmiyyətdə tolerantlıq gücləndikcə qanunun həm işləməsi asanlaşacaq, həm də onun sərt şəkildə tətbiqinə zərurət qalmayacaq",- o deyib.
Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır".
Tarix göstərir ki, həm bu üç böyük din, həm 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda yayılmağa başlamış konfessiyalar arasında heç vaxt ən kiçik anlaşılmazlıq belə olmayıb. Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olmuş Azərbaycanda dinlərarası balans yenə də qorunub saxlanılmış və dinlər arasında təfriqə yaranmasına gətirib çıxarmamışdır.

Bu məsələdə dini dialoqla yanaşı önəmli məqamlardan biri də insanların din ehtiyacının necə və hansı formada ödənilməsidir. Gündüz İsmayılovun sözlərinə görə, bu, cəmiyyətin mənəvi və fiziki sağlamlığı, eləcə də gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. "Ona görə ki, insanların inandıqları etiqadların hamısı din deyil və hər din də səmavi-ilahi qaynaqlara söykənmir. Digər tərəfdən, dinin necə yayılması və təbliğ olunması onun gerçək mahiyyətindən heç də az əhəmiyyət daşımır. Çünki mütərəqqi din belə, elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyriinsani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər. Deməli, insanların, bütövlükdə cəmiyyətin dinlərə, hətta, konkret bir dinə ümumi münasibətinin formalaşmasında təbliğatın çox böyük rolu var. Bir sözlə, istənilən halda inanc insanlar, din cəmiyyət üçün zəruri ehtiyacdır. Bəs dinlərarası dialoq və əməkdaşlıq: bunsuz bəşəriyyətin inkişafı mümkündürmü? Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması ilə yanaşı, dinlərarası dialoq və əməkdaşlıq da vacib və labüddür. Amma bunun reallaşması üçün münbit şərait formalaşmalı və müəyyən şərtlər yerinə yetirilməlidir".

 

Xəbər xətti