Xramuli-Arıxlının brendi

14:22 - 6 İyun 2017 - MARAQLI

Ona bolluq, firavanlıq rəmzi kimi baxılır


Xramuli- çay balığıdır və təmiz soyuq təhər sularda yaşayırlar. Adı Xram çayından götürülüb və Xram çayının balığı mənasını verir. Onu da qeyd edim ki, xramuli karp cinsinə aid olub 36 növü var. O Xram çayından, onun qollarından başqa, Xəzər dənizinə qərbdən axan çaylarda, Mingəçevir su anbarında, Sevan gölündə, Orta Asiya çaylarında-Amudərya, Sırdərya, Murqab, Zəravşan və digər çaylarda yaşayır. Onun bəzi növlərinə Afrika çaylarında da rast gəlinir.
Xramuli əsasən soyutma bişirilir. Qaynaqlardan məlum olur ki. 1880-ci illərdə Borçalıda iki xramuli ovu məntəqəsi olub. Onlardan biri Borçalı-Debet çayında, digəri isə Ehram (Xrami) çayında fəaliyyət göstərib. Birinci ildə 177 manat, ikincisi 120 manat gümüş pul iltizam (dövlətə xeyir) verirdi. Mənbədən məlum olur ki, Arıxlı ilə Kolayır arasında piçix (piçxuli, xramuli), sazan, alabalıq tutulur, qızardılır, Tiflisə satışa aparılırdı. Bu şəhərdə Arıxlıdan satış üçün gətirilən balıqlar yüksək keyfiyyəti ilə fərqlənir və böyük tələbat vardı. Arıxlıda tutulan və Tıflisdə satışa çıxarılan sazan balıqlarının orta ölçüsü 50-60 sm arasında dəyişirdi. 
Qaynaqlarda Xram çayının bolsulu olduğu da qeyd edilir. Maraqlıdır ki, Arıxlıda qızılbalıqlar növünə yaxın alabalıqların ovlanması göstərir ki, çayın suyu çox təmiz olub.
Sonrakı dövrlərdə də xramuli arıxlıların həyatında önəmli rol oynayıb və bu gün də oynayır. Böyük Vətən Müharibəsi (1941-1945) illərində xramuli bir çox ailəni aclıqdan xilas edib və onların əsas gəlir mənbəyi olub. O vaxt Molla Həmid oğlu Məhəmməd, Fırınçının oğlu Məhəmməd və Qaralların Həsrət peşəkar balıqçılar kimi tanınırdılar.Onlar qış fəslində indiki köhnə körpünün altında, Dəlik Daşın, Dəyirmanın yanında, o cümlədən çayın digər hissələrində uçqu deyilən dam kimi tələlər qururdular. Bunun üçün Xram çayının dayaz hissələrində daşdan dairəvi və ya dördbucaq divar hörür, üstünü isə çırpı ilə örtürdülər. Balıqların içəri girə bilməsi üçün divarda aralıq qoyurdular. Həmin qapıcıq bir neçə gün açıq qalırdı. Balıqlar soyuq havada ora dolurdular. Ov zamanı isə qapı şax və ya daşla tutulurdu.Daha sonra onlar içərdəki balıqları əli ilə tuturdular. Onların bir hissəsi satılır, digər hissəsi isə soyutma bişirilib yeyilirdi. Adətən belə divarlar çayların dayaz yerlərində tikilərdi. Havalar istiləşəndə isə uçqunun üstü açıq saxlanırdı. Balıqçılar bəzən də çayların nisbətən dərin yerlərində balıq tutmaq üçün çubuq səbətlər qoyardılar. Səbətlərin ağızları elə düzəldilərdi ki, içəriyə girən balıq artıq oradan çıxa bilməzdi.
Arıxlıda xramuli balığını tutmaq üçün atma torlardan istifadə edilirdi.Bu üsulla balıq ovuna kənd xəstəxanasının baş həkimi Haykaz Kabulov məşğul olurdu.Onun Dəlik Daşın, Qız Bazarının üst tərəflərindəki daşlı, suyun sürətlə axdığı yerlərində əl toru ilə balıq tutduğunu bir neçə dəfə müşayiət etmişəm. Haykaz toru ayaq üstə duraraq atırdı. Salıq adlanan qıf formalı belə torun ağzının qıraq gözlərindən yoğun yun ip keçirilir və ağırlıq üçün ondan qurğuşun da asılırdı. Torun ağzındakı yun ipə bağlanmış daha nazik ip onun içərisindən keçirilib torun oturacağındakı (sonundakı) ipə bağlanardı. İp həmişə həkimin qoluna bağlı olurdu.Haykaz toru atdıqdan sonra daşları əlləri ilə tərpədir, balıqların oradan çıxmasına çalışırdı. Toru çəkdikdən sonra ağzı bağlanır, sahilə çıxıb tordakı balıqları vedrəyə yığırdı.
Arıxlıda ən yaxşı balıq tutanlardan biri də Qəmbərlərin Zirəddin idi. Onu da qeyd edim ki, balıq ovu zamanı çaya dinamit (biz ona çıxartdığı səsə görə bom deyərdik) atılardı. Xüsusilə qış aylarında xramuli bu qayda ilə ovlanırdı. Partlayıçının təsirindən balıqlar keyləşir və bir hissəsi suyun səthinə çıxırdı. Çaya dinamit atanlar isə onları yığıb gedərdilər. Keyləşmiş balıqların əsas hissəsi isə suyun dərinliyində qalırdı. Bu balıqları isə çayın suyunun soyuq olmasına baxmayaraq Zirəddin Qəmbərov yığardı. Hər dəfə suyun dərinliyinə baş vuran Zirəddin oradan hər iki əlində, ağzında balıq çıxarırdı. Onun tutduğu balıqlar dinamit atanların topladığı balıqlardan çox olurdu. Zirəddin gənc yaşlarında dünyasını dəyişdi.
Xramuli balığını qırmaqla ovlamağın isə başqa ləzəti olardı. Mən və Həbibov Zəmindar (Amox) yayda Sarıqayanın altında balıq tutardıq. Kənddə ən yaxşı soyutma balıq bişirənlərdən biri də Zəmindardı. Bu gün də buna əminəm.

Qeyd edim ki, xramuli balığından söhbət gedəndə Borçalıda ilk növbədə Arıxlı yada düşür. Çünki bu kənddə bu balıq keyfiyyətinə görə başqa yerlərdə tutulan xramulilərdən fərqlənir. Məsələn, Qırmızı Körpüdə soyutma bişirilmiş xramulinin 1 kq-ı 5 manata satılır, Marneuli bazarında bu qiymət 10 manat ətrafında dəyişir. Arıxlıda isə soyutma bişirilmiş xramulinin 1 kq-ı 20 manatdan aşağı düşmür. Bu ilk növbədə Arıxlıda çayın suyunun təmiz olması ilə bağlıdır. Arıxlıda ən hörmətli qonağa birinci növbədə xramuli təklif olunur. Kabab da daxil olmaqla digər yeməklər ikinci planda qalır. Bunun da öz səbəbi var. Balığın süfrəyə qoyulması bol ruzi arzulamağın əlaməti kimi qiymətləndirilir, bolluq-firavanlıq rəmzi kimi baxılır. Bəli, bu gün Arıxlının brendi, simvolu xramuli balığıdır. Kimsə ona iddialı olmasın. Ola da bilməz.


Pünhan Əfəndiyev


Xəbər xətti