"Azərbaycan yığması, sanki, qasırğaya düşmüşdü" - 5 cavabsız qolun şərhi

12:11 - 6 İyun 2017 - İDMAN

Azərbaycanla oyunu çox yaxşı keçirdik. Bu sözləri Çexiyanın U-21 yığmasının baş məşqçisi Vitezslav Laviçka deyib. Avstriyada təlim-məşq toplanışında olan çexlər dünən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə yoxlama görüşü keçiriblər. Qarşılaşma Laviçkanın yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə 3 qol vuran Çexiya fasilədən sonra daha 2 dəfə fərqlənib. Ölkəsinin mətbuatına açıqlama verən Laviçka qələbəni şərh edib: "Uşaqlar oyuna yaxşı başlayaraq, ilk hissədəcə tapşırığın öhdəsindən gəldilər. Rəqib sanki qasırğaya düşmüşdü. Matç əvvəldən sona qədər bizim nəzarətimiz altında keçdi. Ardıcıl hücumlar qurmağa çalışdıq. Azərbaycan yığmasına 3 qolu standart vəziyyətdən vurduq. Yoxlama görüşü olsa belə, qələbə istəyimizə çatdıq. Təəssüratlarım çox yaxşıdı". Laviçka Avropa çempionatında isə onları çətin oyunların gözlədiyini vurğulayıb: "Çempionatdakı görüşlərimizin belə keçməyəcəyini anlayırıq. Etiraf edim ki, oradakı rəqiblərimiz çox güclüdü. Avropa çempionatına aparacağımız heyəti müəyyənləşdirmək bizə çətin olacaq. Çünki hər bir futbolçumuz yekun heyətə düşməyə layiqdi". Qeyd edək ki, çexlər Avropa çempionatında Almaniya, İtaliya və Danimarka yığmaları ilə eyni qrupda mübarizə aparacaqlar.(apasport.az)

Xəbər xətti