Yasamalda yeni “Hacı Cavad” məscidi tikiləcək

17:21 - 2 İyun 2017 - KİVDF

Allahşükür Paşazadə: " Azərbaycan Prezidenti İlham Əliyev dindarların qayğılarına hər zaman diqqətlə yanaşıb"

"Cənab Prezidentin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Belə ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib". Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycanda məscidlərin sayı 2166-ya çatıb, halbuki sovet dövrü məscid statuslu tiklilərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Əli Həsənov bildirib ki, ölkədə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilir, çünki bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür. "Bir daha təkrar edirəm: Prezident İlham Əliyev də, Azərbaycan hakimiyyəti də son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl islam təəssübkeşliyi nümayiş etdirib. 
Bu gün dünyada hər şey təzələnir, yenilənir. İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət və iaşə obyektləri, bu gün onları qane etmir. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir. Azərbaycan da , əlbəttə, müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir . Əsas odur ki, insanlara yeni imkanlar yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir". 

Əli Həsənov bildirib ki, son illər respublikada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır.
Ə. Həsənov ölkə prezidentinin“Hacı Cavad” məscidi ilə bağlı göstəriş verdiyini bildirib. Artiq bu məscid yenidən tililəcək. Azərbaycan Respublikasının Prezidenti  İlham  Əlliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib. Məscidin yeni binasının inşa olunacağı əraziyə gələn Azərbaycan Respublikası baş nazirinin birinci müavini  Yaqub Eyyubov toplaşanları salamlayaraq, Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlət başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğulayıb. O, Azərbaycanda, o cümlədən, Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərinin, xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlərin, böyük qayğı və məhəbbətlə bərpa edilən tarixi və dini məkanların Prezident İlham Əliyev, həmçinin, ölkəmizin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səy və fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam  Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, Bakı şəhərinin keçmiş Sovetski adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının özəl mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan Şeyxülislam A.Paşazadə belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə bütün toplaşanlar adından dövlət başçısına dərin minnətdarlığını bildirib. Ümummilli lider Ueydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Uca Allaha xoş gedən əməllərilə bütün dindarların ehtiram, məhəbbətini qazandığını və böyük savab sahibi olacağını xüsusi vurğulayıb. Ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri A. Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb. 
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanov dövlət başçısının dindarların mənəvi ehtiyaclarının ödənilməsi üçün tikiləcək yeni məscid binasının yerləşdiyi məkanın olduqca münasib, layihəsinin nəfis tərtibatlı olmasının Azərbaycan dövlətinin, şəxsən prezidentin diqqət və dəstəyinin nəticəsi olduğunu bildirib. Komitə sədri ümidvar olduğunu bildirib ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaq. 
M. Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var: "Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir. Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. 
Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə bir dəyərli töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını, dövlət başçımıza təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər. Mübarək Ramazan ayında onları sevindirən belə bir ali diqqət və qayğını xüsusi dəyərləndirən dindarlar çıxışlarında birmənalı şəkildə qeyd ediblər ki, müqəddəs dini dəyərlərimizə böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan, müstəqil dövlətin uğurlarını gözü götürməyən bədxah dairələrin təxribatları heç zaman bəhrə verməyəcək. Çıxışçılar Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinə göstərilən diqqət və qayğını hədsiz dəyərləndirdiklərini və yeni məscid binasının ərsəyə gələcəyinə görə məmnun olduqlarını bildiriblər. 

Xəbər xətti