Əfqanıstan prezidenti Araz Əzimovu qəbul edib

14:34 - 31 May 2017 - SİYASƏT

Xarici işlər nazirinin müavini Araz Əzimov 30-31 may 2017-ci il tarixlərində Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib. XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Araz Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırıb. Əfqanıstan Prezidenti Əşrəf Qani ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.
Nazir müavini, həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.
Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həm-sədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.
Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Xəbər xətti