Ana səhifə
22 Sentyabr 2018

Əməkdar artistin qovulması teatrı qarışdırdı – Aktyorlar "üsyan"a qalxdı

Bir neçə aydır ki, Akademik Milli Dram Teatrının direkroru İsrafil İsrafilovla teatrın bəzi aktyorları arasında hökm sürən ziddiyyət getdikcə artıb. 



Ucnoqta.az xəbər verir ki, əməkdar artist Telman Əliyevin direktorun göstərişilə işdən çıxarılması isə bu gərginliyi bir qədər də artırıb. Onun işdən çıxarılmasından sonra teatrın tanınmış aktyorları öz fikirlərini aznews.az-la bölüşüb.

“İsrafil İsrafilovun yerində olsaydım, teatrdan gedərdim”

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov bildirib ki, Telman Əliyev bütün ömrünü teatra həsr edib: “Telman Əliyevi tərifləməyə ehtiyac yoxdur. Hər kəs kimi onun da uğurları, uğursuzluqları var. Bizim cəmiyyətdə bir tendensiya var. İnsanı azad fikrinə görə işdən qovurlar. Telman Əliyev nə deyib ki? Onun dediyi faktlara söykənən şeylərdir. İsrafil İsrafilov bir toplantı keçirib, əksini sübut etməli idi. Amma o, bunu etməkdənsə Telman Əliyevə “pul yoxdur” deyə qapını göstərdi. O pulların harada və necə xərcləndiyini kollektiv yaxşı bilir. Sənətkar öz fikirlərini deyəndə ambisiyası olur? Ambisiya siyasətdədi. Bizimkilər normal qocala bilmir, amma Telman ləyaqətlə qocalır, fikirlərini rahatca deyir. Amma ondan yaşlı insanlar var, niyə onlar yox, məhz Telman Əliyev? Mən bizim teatrın direktorundan hər şey gözləyirdim, amma bu hərəkəti yox. İnsanı dediyi sözə görə işindən çıxarmazlar. Bu artıq qarşı tərəfin... Əgər qarşı tərəfin dediyini sübut edə bilmirəmsə, özüm gedərəm. Amma o getmədi. Onun etdiyi iş sadəcə günahdır”. 

“Milli Dram Teatrında 37-ci il havası var”

Xalq artisti Nurəddin Mehdixanlı isə vurğulayıb ki, Milli Dram Teatrında 37-ci il havası var: “Növbəti repressiyaya uğrayanlardan biri də əməkdar artist Telman Əliyevdir. O, vaxti ilə xalq şairi Anar, Elçin Əfəndiyevlə birlikdə “Şərəf nişanı” ordeni alıb. Belə bir adamı teatrdan qovublar. O, sadəcə olaraq teatrda baş verən hadisələrə açıq münasibət bildirdiyinə görə cəzalandırıldı. Bu, həm də danışmaq fikrində olan, narazılığını bildirən insanlara bir işarədir. “Kim danışsa, onu da bu şəkildə kənarlaşdıracam. Sizinlə də müqavilə bağlamayacağam”. Direktor bu sözləri deməklə hamıya hədə gəlib. Zənnimcə, bu, bir cəza metodudur, amma yanlış metoddur. Akademik Teatra çox gəlib-gedən olub. Amma biz burdayıq. Öləndə də bizi buradan götürəcəklər. Kimsə bizi bu yolla teatrdan uzaqlaşdıra bilməz. Teatr xalqındır. Heç kəsin şəxsi malı və mirası deyil. Əgər Telman Əliyevin dediyi yalan və cəfəngiyyatdırsa, onda teatrın rəhbəri İsrafil İsrafilov yaradıcı heyəti bir yerə toplayıb, onların qarşısına çıxardı. Onda kollektiv də bilərdi ki, kim düz, kim yalan deyir. Mənə elə gəlir ki, Telman Əliyevə bu münasibət onun yazdıqlarının doğru olmasıdır. Heç kim unutmasın. Kiminsə qapısına bəla gələndə onun iki başı olur. Onu çörəyindən edən insan bunu unutmasın. Telman Əliyev acından ölməyəcək. Mən istəməzdim ki, teatrda belə şeylər baş versin və mən də bu şəkildə danışmaq məcburiyyətində qalım. “Müqavilə müddəti bitib” anlayışı yanlışdır. Ona qalsa, Telman Əliyevdən qat-qat yaşlı aktyorlar var. Onlar teatrda çalışırlar. Belə çıxır ki, kim İsrafil İsrafilovun dediyini quran ayəsi kimi qəbul edirsə, onlar teatrda qalıb işləyəcək. Amma kim ki, əksinə getsə, onlar qovulacaq. Təəssüflər olsun ki, Telman Əliyevin cəzalanmasına teatrda sevinən aktyorlar var. Yazıqlar olsun, bədbəxdirlər. Haqq nazilər, amma üzülməz. Kimsənin bir sənətkar taleyi haqqında bu cür oynamağa haqqı yoxdur. O, teatrın 9 tamaşasında oynayır. Unikal bir aktyordur. Sənət adamına bu cür münasibət Azərbaycan mədəniyyətinə hörmətsizlikdir”.

 

“Qoy məni də verdiyim müsahibəyə görə teatrdan qovsunlar”

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əhmədov ürəkyanğısı ilə qeyd edib ki, 48 il təcrübəsi olan bir mədəniyyət işçisini, ziyalını və teatra gərəkli olan insanı İsrafil İsrafilov işdən çıxarmaqla nə demək istəyir: 
“Deyir ki, “Sizinlə müqavilə bağlamırıq. Ona görə ki, pulumuz yoxdur”. Teatrın pulu yoxdur? Pul yoxdursa, teatrda bu qədər işçi hardandır? Necə ola bilər ki, onlara verməyə pul tapılır, amma istedadlı aktyora yox? Gərəkli insanı teatrdan uzaqlaşdırmaq bu qədər asandır? Dünənə kimi hər şey qaydasında idi, amma mətbuata müsahibəsindən sonra müqaviləyə son qoyursunuz? Demokratik ölkədə yaşayırıq, hamının söz azadlığı var. Bu adam fikirini deyir. Yaradıcı insanı teatrdan qovmaq olmaz. Heç kəs əbədi deyil. Bu gün Telman Əliyevin işdən çıxmasına sevinənlər var. Anlaya bilmirəm, sabah onlar teatrın qarşısına necə çıxacaq? Ayıb olsun sizə. Telman müəllimə ad oturduğu yerdə verməyiblər. Mən onun tələbəsiyəm. Bu aktyoru öz evindən qovlamaq deməkdir. Telman müəllimlə səhnəyə bir yerdə çıxanlar əfsuslar olsun ki, sevinc içərisindədir. Qoy məni də verdiyim müsahibəyə görə teatrdan qovsunlar. Haqq nə vaxtsa yerini tutacaq. Əyilən başla gəzməkdənsə, başsız gəzmək şərəfdir”.

Qeyd edək ki, aktyorun işdən çıxarılmasına onun Aznews.az-a verdiyi “Direktor "Azdrama"nı məhv edir” başlıqlı müsahibənin səbəb olduğu deyilir.

Həmin müsahibədə Telman Əliyev teatrda baş verən özbaşınalıqdan söz açıb, istedadlı aktyorlara qiymət verilməməsindən danışıb və Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov isə aktyor Telman Əliyevin “Azdrama”dan uzaqlaşdırılmasını onunla bağlanan müqavilənin vaxtının bitməsilə əlaqələndirib: “Onun bizimlə müqaviləsi bitib. Yeni müqavilə imzalana da bilər, imzalanmaya da. İndiki halda biz müqaviləni yeniləmirik. Yəni, bu, işdən çıxarılmaq deyil. Telman Əliyev heç vaxt ştatda olmayıb, həmişə müqavilə ilə işləyib. Mən direktor təyin olunmamışdan əvvəl də o, burada müqavilə ilə çalışırdı”.

 

Tarix
19 Noyabr 2014 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin