Bakıda avtobus terrorunun yeni qurbanları

10:19 - 30 May 2017 - ÖLKƏ İÇİ

Paytaxtda sərnişin avtobuslarının iştirakı ilə insan ölümü və yaralanması ilə nəticələnən daha iki insident qeydə alınıb. Nizami rayonu, R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev orada ölüb. 

Digər hadisə isə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Avtobusda olan sərnişin 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb.

Bu hələ son deyil, mayın 26-da 81 saylı avtobus piyadanı vuraraq öldürmüşdü. Aprel ayında isə 49 saylı avtobusun sürücüsünün ehtiyatsızlığı nəticəsində 12 yaşlı uşağın başı marşrutun qapılarının arasında qalmışdı və nəticədə məktəbli ciddi xəsarət almışdı. Lakin sürücü xəsarət alan uşağa yardım etmədən heç nə olmamış kimi yoluna davam etmişdi.

Sonuncu iki insidentdə isə sərnişinin avtobusun qapısından yıxılıb həyatını itirməsi üzərində ayrıca dayanmaq lazım gəlir. Bu, hansı halda baş verə bilərdi? Əlbəttə ki, sürücünün ağzına qədər sərnişinlə dolu avtobusu qapıları açıq vəziyyətdə sürməsi zamanı. Hansı ki, xüsusən şəhərətrafı qəsəbələrdən metro stansiyalarına qədər sərnişin daşıyan avtobuslarda bu, adi, hər gün müşahidə olunan hadisədir.

Məsələn, oxuculardan ayrı-ayrı vaxtlarda redaksiyamıza daxil olan müraciətlərə əsasən, Suraxanı rayonunda, Şuşa qaçqın şəhərciyindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən 214, metronun "Qara Qarayev" stansiyasından Zığ kəndinə gedən 44, Hövsan-Xətai istiqamətində işləyən 132, 175, Əhmədlidən metronun "28 May" stansiyasına gələn  46, 49, Mehdiabad kəndinə gedən 165 və nömrələrini sadalamadığımız onlarla digər  marşrutlarda işləyən avtobuslar hər gün pik saatlarında sərnişinlə dolu vəziyyətdə qapıları açıq hərəkət edir. Yüksək sürətlə hərəkət edən avtobusların açıq qapılarından sallaşıb həyatlarını riksə ataraq mənzil başına çatmaq istəyən sərnişinləri belə avtobuslarda hər gün görmək olar.

Faktlar və qəzalar göstərir ki, xüsusilə Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslarda çalışan sürücülərinin çoxu içki düşkünü, hətta narkoman, əvvəllər məhkum edilmiş şəxslər və sərnişindaşımada heç bir təcrübəsi olmayanlardır. Bir sözlə, sərnişindaşıma başdan ayağa kriminallaşıb və mafiyalaşıb. Görünür, sərnişin daşınma xidmətinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi (BNA) hələ ki marşrut xətlərinə şəxsi mülkiyyətləri kimi baxan sahibkarlarla sürücülər arasındakı kriminal iş birliyinin qarşısını almaqda çətinlik çəkir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev virtualaz.org-a açıqlamasında etiraf edir ki, BNA-nın qaynar xətt xidmətinə avtobuslarla bağlı hər gün onlarla şikayətlər daxil olur. "Təkcə 81 saylı avtobusdan deyil, digər avtobuslardan da şikayətlər olunur. Artıq 81 saylı marşrut xəttlərində baş verən hadisələrlə bağlı araşdırmalara başlanılıb.   marşrut xəttinin sahibi agentliyə dəvət edilib, sabah onunla söhbət aparılacaq", - Məmmədov deyib.

Şöbə rəisi istənilən halda sürücünün avtobusun qapısı açıq halda hərəkət etməsinin qanunsuz olduğunu da əlavə edib: "Avtobusu qapısı halda sürmək olmaz. Avtobus sürücülərinin qanunsuz əməllərinə yol polisləri nəzarət etməlidirlər. Yəqin ki, araşdırma başa çatandan sonra müvafiq tədbirlər görüləcək".

M.Məmmədov sərnişindaşınmada mövcud problemlərin aradan qaldırılması üçün ilk növbədə peşəkar sürücülərin hazırlanmasına diqqət yetirildiyini də söyləyib. "İlk növbədə peşəkar sürücü bazası formalaşdırılmalıdır. Çünki sürücülərin peşəkarlığı istənilən səviyyədə deyil. Peşəkar sürücü olmadan avtobusun yenisi ilə əvəzlənməsi işə yaramayacaq. Sürücülər məcburi şəkildə təlim mərkəzində təlimlərə cəlb ediləcəklər", - Məmmədov qeyd edib.

Təlimlərdən sonra sertifikat ala bilməyən sürücülər avtobuslarda çalışa bilməyəcəklər. Hətta illərin təcrübəli sürücüsünə belə təlimdən keçə bilmədiyi halda avtobus verilməyəcək. Bundan əlavə, avtobusların mərhələlərlə yenilənməsi məsələsinə də baxılır və hökumətə təkliflər verilib.

Bütün bunlar gözəl səslənir, ancaq hələlik kağız üzərindədir və təkliflərdir. Bu təkliflərin həyata keçirilməsinə, Bakının sərnişindaşıma sektorunda qayda-qanun yaradılana qədər görünür hələ çox insan öz həyatını itirəcək. Və, deyəsən, bu əhvalatın sonu görünmür...

Xəbər xətti