Sürücülər YDM-lərdən şikayət edirlər: Aldadılırıq

15:55 - 26 May 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur.

Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir... Ekspertlər deyir ki, şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10% yanacaq sərfi norma olaraq nəzərdə tutulur. Çünki şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərir:

“Hər gün yanacaqdoldurma məntəqələrindən şikayətlər alırıq. Əhali, əsasən, avtomobilin “forsunka”sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Problem, hətta zəmanətlə götürülmüş yeni avtomobillərdə özünü büruzə verir. Servislərdə “forsunka”nın tez sıradan çıxmasının səbəbini benzində görürlər”.

 

“Çənə benzin əvəzinə, hava vururlar”

 

AİB-in rəsmisi, eyni zamanda yanacaq doldurarkən kəmiyyət və keyfiyyətdə aldadılma ilə bağlı narazılıqlar olduğunu qeyd edib:

“Çox təəssüflər olsun ki, bu sahə çox qeyri-şəffafdır. Yanacaqdoldurma məntəqələrinin heç birində ictimai nəzarət yoxdur. Yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurka olmalıdır.

Vətəndaş alacağı benzini, birinci növbədə, o qaba tökdürməlidir. O, menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Məsələn, 70 qəpik verib bir litr benzin almaq istəyirsənsə, həmin menzurka ilə onun həcmini ölçə bilərsən.

Amma təəssüf ki, heç bir məntəqədə menzurka qoyulmur. Uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıdır. Bu səbəbdən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır”.

 

“YDM-lərdə Azərbaycanda olmayan benzin satılıb”

 

E.Hüseynov bildirib ki, daha çox SOCAR, “LUKOİL”dan şifahi şikayətlər alır:

“Rövnəq Abdullayev bir müddət əvvəl açıqlamışdı ki, Azərbaycanda “Aİ-95” markalı benzin istehsalı yoxdur. Amma həmin açıqlama verilən ərəfədə yanacaqdoldurma məntəqələrinin bəzilərində “Aİ-95” markalı yerli benzin satılırdı.

Bizə daxil olan şikayətlərdə benzinin oktanının yüksək göstərilməsi də yer alır. Etiraf etmək lazımdır ki, benzinə “solyarka” və su qarışdırılması erası bitib. Hazırda avtomobil çənlərinə benzin əvəzinə, hava vurulması faktları var.

Benzin nəzərdə tutulan təzyiqdən çox vurulanda hava da daxil olur. Bu da avtomobil motorlarının, “forsunka”ların tez sıradan çıxmasına gətirib çıxarır. Təəssüflər olsun ki, servislər motor və “forsunka”nın hansı səbəbdən sıradan çıxmasına dair rəsmi kağız vermir”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyib ki, bu sahədən kütləvi şikayət almayıblar:

“Biz səlahiyyətimiz çatan bütün sahələrdə şəffaflığın təmin olunmasında maraqlıyıq. Məhz bu səbəbdən də yanacaqdoldurma məntəqələrindən cəmi 1 şikayət almışıq. Bu da yanacaqdoldurma məntəqələrində avtomobilin çəninə vurulan benzinin həcmi ilə bağlı olub”. 

Xəbər xətti