Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib

10:39 - 26 May 2017 - Xəbər

 25 may 2017-ci il tarixində  “AtaHolding” Şirkətlər Qrupunun və  “Synergy Group”  MMC-nin əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
 İntellektual yarışda “AtaHolding”, “AtaSığorta”, “AtaTexnologiya”, “VTB Bank Azərbaycan”  və “Synergy Group” komandaları iştirak ediblər. Oyun “AtaHolding” və Parlaq Zəka verilişinin aparıcısı Aydın Piriyevin təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb.  Musiqi fasiləsində  müğənni Araz Hümbətli  mahnılar ifa edib.
Yarışda  birinci yeri “VTB Bank Azərbaycan” ASC komandası,  ikinci yeri “Synergy Group” komandası və  üçüncü yeri isə “AtaSığorta”  ASC komandası tutublar.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı qeyd etdi ki,  ölkəmizin əlamətdar tarixi -28 May Respublika gününü hər il intellektual yarışısın keçirilməsi ilə qeyd etmək xoş ənənəyə çevrilmişdir.  Bu dəfə də turnir kəskin rəqabətlə çox maraqlı və gərgin şəraitdə keçdi. Komandaların  üzvləri nəinki öz bilik səviyyələrini,  həm də qısa müddət ərzində kollektiv surətdə cavab hazırlayıb  qərar vermək bacarıqlarını nümayiş etdirdilər.
“Synergy Group” şirkətinin nümayəndəsi Mirəziz Əzizli yarış iştirakçılarını və qonaqları qarşıdan gələn 28 May Respublika günü münasibəti ilə təbrik edib. O, qeyd edib ki, ölkəmizdə özəl biznes qurumlarında bu cür geniş dünyagörüşlü insanların çalışması sevinc hissi doğurur.
Tədbirin sonunda  qalib komandalara sertifikatlar təqdim edildi. 


Xəbər xətti