Qarabağ münaqişəsi nəticəsində maddi-mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib

16:20 - 25 May 2017 - Xəbər

Mayın 25-də, Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. Tədbirə Nərimanov rayon Gənclər və İdman idarəsi də təşkilati dəstəyi verib. 
Layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının  Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında  rolunun artırılmasıdır.
Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi - mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məruzələr edilmiş, müzakirələr aparılmışdır. Çıxış edən məruzəçilər – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Rəvanə Abdullayeva,  AMEA İnsan Hüquqları İnstutunun əməkdaşı Faiq İsmayılov, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov, Azərbaycan Respublikası Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov,  Nərimanov Gənclər və İdman İdarəsinin rəisi  Nəcəf Novruzov, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev  qeyd ediblər ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq  abidəsi,  o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri  Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, süni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə  ciddi zərbə vurmuşdur. İlkin hesablamalara görə  Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş  zərərin ümumi  miqdarı 177 milyard   ABŞ dolları təşkil edir. 
Konfransda həmçinin vurğulanmışdır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin  erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunmuşdur ki, ermənilərin bu hüquqa zidd əməlləri Beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurlarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır.
Konfransin əsas nəticələrindən biri də o olacaq ki, Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi faktlarının təbliğində Dövlət qurumları, vətəndaş cəmiyyəti və elmi müəssisələrin birgə əməkdaşlıq səyləri artacaq.
Konfrans zamanı “Qafqaz Albaniyası- gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunmuşdur. Konfrans iştirakçılarına müxtəlif çap məhsulları, paylama materialları təqdim olunmuşdur.
Konfransın işində AR Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, müxtəlif elmi müəssisələrin əməkdaşları, ictimai birlik rəhbərləri, gənc tədqiqatçılar iştirak edib. 

 


Xəbər xətti