ARGTMŞ-nin nümayəndəsi Sülh və təhlükəsiz üzrə beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

15:21 - 25 May 2017 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əhali Fondu tərəfindən "Gənclər, Sülh və Təhlükəsizlik: Regional Məsləhətləşmə və Dialoq" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edir. 23-25 may 2017-ci il tarixlərində İstanbul şəhərində keçirilən tədbirdə 20 ölkədən 39 gənc iştirak edir. 
Tədbirin keçirilməsində əsas məqsəd region gənclərinin sülh və təhlükəsizliklə bağlı mövcud problem və imkanlar haqqında fikirləri ilə tanış olmaq və "proqresiv tədqiqat" üçün gənclərin təkliflərindən ibarət təkliflər paketi formalaşdırmaqdır. 

Qeyd edək ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən BMT tarixində ilk dəfə gənclərin sülh quruculuğu prosesində pozitiv rolunun əhəmiyyətini vurğulayan 2250 nömrəli qətnamə qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən BMT baş katibi Təhlükəsizlik Şurası tərəfindən mövcud vəziyyəti əks etdirən "proqresiv tədqiqat" hazırlanmasına rəhbərlik etməsi üçün vəzifələndirilib. Tədqiqatın hazırlanması üçün dünyanın müxtəlif regionlarında gənclərlə sülh və təhlükəsizlik mövzularında məsləhətləşmələr keçirilir. 
Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi keçirilən tədbirdə Azərbaycanda gənclərin sülh quruculuğunda fəal iştirakından, ümumiyyətlə gənclər üçün yaradılan imkanlardan, həmçinin, Milli Şuranın bu sahədə fəaliyyətindən danışıb. Məlumat üçün bildirək ki, aparılan qrup işlərində gənclərin müzakirə etdiyi məsələlər və onların təklifləri qrup hesabatçıları tərəfindən qeyd olunaraq sonda hazırlanacaq "proqresiv tədqiqat"da istifadə olunması üçün təşkilatçılara təqdim olunacaq.

Xəbər xətti