Ölkədə kifayət qədər qan ehtiyatı var

17:26 - 24 May 2017 - Müsahibə

Pərvanə Hacıyeva: “2015-ci ildən bu ilin mayınadək müayinə olunan 139 905 nikaha girən cütlükdən 193 nəfərində HİV, 1064 nəfərində isə sifilis aşkarlanıb”

“Qanın təhlükəsiz olması ilə bağlı sertifikatı da ancaq Mərkəzi Qan Bankı və onun regional bölmələri verə bilir ”

Hələ qədim zamanlardan insanlar müəyyən xəstəliklərin qanla müalicəsinə cəhd göstəriblər. İlk zamanlar bu uğursuzluqlarla nəticələnsə də, XIX əsrin axırlarında Avstraliyalı alim K.Landşteyner bir insanın eritrositinin başqa insanın plazması ilə aqqlütinasiyasını müşahidə edərək çox vacib bir elmi kəşfin - qanköçürmənin əsasını qoyub. Bununla da insanların həyatı üçün son dərəcə əhəmiyyətli olan qan vasitəsi ilə ehtiyacı olan insanlara da həyat verilməyə başlanıldı. Ehtiyacı olanların qanla təminatı üçün artıq uzun illərdir qan donorluğu institutu yaradılıb. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, qan donorluğunun inkişafı üçün addımlar atılıb. Ölkəmizdə qan donorluğunun vəziyyəti və bu sahədə əhaliyə göstərilən tibbi xidmətlə bağlı suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə xanım Hacıyeva ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 


- Pərvanə xanım, Mərkəzi Qan Bankının ölkənin neçə regionunda bölmələri var və onlar hansı rayonlara xidmət göstərir?
- Mərkəzi Qan Bankı Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərir. Mərkəzi Qan Bankının hazırda 8 regional bölməsi var. Regional bölmələr Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərlərində fəaliyyət göstərir. Bu bölmələr Səhiyyə Nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən təşkil olunub. 2010-cu ilədək Mərkəzi Qan Bankı yalnız 3 şəhərdə - Gəncə, Şəki və Qubada bölmələri var idi. Eyni zamanda bütün bölgələr əhatə olunmaqla 61 qan köçürmə kabinetləri fəaliyyət göstərirdi. Amma aparılan araşdırmalar göstərirdi ki, bəzən bu şöbələrdə qanın təhlükəsizliyinə düzgün riayət olunmur. Yəni donordan alınan qan düzgün yoxlanılmadığından infeksiyaların yayılma ehtimalı var idi. Bu səbəbdən qərara alındı ki, qanın təhlükəsizliyinə cavabdeh Mərkəzi Qan Bankı və onun regional bölmələri fəaliyyət göstərsin. Bu gün Mərkəzi Qan Bankının regional bölmələrinin hər biri yaxın ərazidə yerləşən rayonların sakinlərinə də xidmət göstərir. Hazırda Bakı şəhərindəki  Mərkəzi Qan Bankı Bakı, Abşeron, Qobustan, Şamaxı rayonlarından olan sakinlərə xidmət göstərir.
Sumqayıt bölməsi isə  Sumqayıt sakinlərinə xidmət göstərir. Gəncə, Göygöl, Tovuz, Naftalan, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Ağstafa və Qazaxda yaşayan sakinlərin ehtiyacı olduqda qanla təminatı Gəncə bölməsi tərəfindən təmin edilir. Şəki bölməsinə təhkim olunan rayonlar isə Şəki şəhəri ilə yanaşı,  Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı və Oğuz rayonlarında yaşayan sakinlərdir. Mingəçevir bölməsi isə Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Zərdab, və  Ağsu rayonlarında qeydiyyatda olan sakinləri ehtiyacı olduqda qanla təmin edir. Mərkəzi Qan Bankının Quba bölməsi Quba, Qusar, Xızı, Siyəzən, Şabran və  Xaçmaz rayonlarından olan sakinlərə xidmət göstərir. Mərkəzi Qan Bankının Şirvan bölməsinin xidmətlərindən isə  Şirvan, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Saatlı, Sabirabad, İmişli və Cəbrayıl rayonlarından olan sakinlər yararlana bilər. Lənkəran, Biləsuvar, Lerik, Masallı, Yardımlı, Astara və Cəlilabaddan olan xəstələr Lənkəran bölməsinin xidmətindən istifadə edə bilərlər. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xidmətlərindən isə  Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Laçın və Xocavənd rayonlarında qeydiyyatda olan sakinlər yararlana bilərlər. 
Qeyd edim ki, bəzi regional bölmələr onlara təhkim olunan rayonlardan uzaqda yerləşdiyindən həmin rayonun mərkəzi xəstəxanasında da əlavə qan ehtiyatı saxlanılır. 


- Hazırda regional bölmələrdə kifayət qədər qan ehtiyatı varmı? 
- Mərkəzi Qan Bankının regional bölmələri formalaşdırılarkən həm də vahid qan bankı sistemi yaradıldı. Hazırda hansısa donor qan verirsə, bunu bütün regional bölmələrin məlumat bazasında görə bilirik. Bizim ştat cədvəlimizdə kompüter üzrə operatorlar var və bu məlumatlar onlar tərəfindən də nəzarətdə saxlanılır. Hansısa bölmədə hansısa qrup qan ehtiyatı azdırsa və ya yoxdursa, digər bölmələrdən oraya qan ehtiyatı göndərilir. Bu şəkildə qan ehtiyatı bütün bölmələr arasında paylaşdırılır. 
Regional bölmələr təkcə qan tədarükü ilə məşğul olmur. Həmin bölmələrdə irsi qan kabinetləri də var və qanın transfuziyası ilə də məşğuldurlar. Həmin regional bölmələr götürüb yoxladıqları qanın təhlükəsizliyinə cavabdehdir. Qanın təhlükəsiz olması ilə bağlı sertifikatı da ancaq Mərkəzi Qan Bankı və onun regional bölmələri verə bilir. Fürsətdən istifadə edib vətəndaşlara da bir daha müraciət edirəm ki, onlara qan köçürülərkən ilk növbədə onun sertifikatına baxsınlar. Əgər qanın üzərində sertifikat varsa, yoxlanılmış qandır. Amma maarfləndirmə tədbirləri zəif olduğundan bəzi insanlar məlumatsız olur. Regionlarda hələ də yeni uşaq dünyaya gətirən anaya qan lazım olursa, qohumları onlardan qan götürüb birbaşa vurulmasını tələb edir. Amma həmin qanın hansısa infeksiyaya yoluxub-yoluxmaması araşdırılmır. Buna görə də qan vurulan şəxs hökmən sertifikat tələb etməlidir. 
Mərkəzi Qan Bankının regional bölmələri qan tədarükü, yoxlanılması ilə yanaşı, rayon xəstəxanalarındakı transfuzioloji kabinetlərə də nəzarət edir. Həmçinin 2010-cu ilədək irsi qan xəstəliyindən əziyyət çəkənlər adi qan köçürülməsi üçün də Bakıya gəlmək məcburiyyətində idi. Rayonlarda daha çox bütöv qan kütləsi olurdu və  insanlar eritrosit kütləsi tapa bilmirdilər. Amma hazırda regional bölmələr qanı komponentlərə - eritrosit kütləsi, plazma, trombositə ayırırlar. Bu gün irsi qan kabinetlərində həm də bu xəstəlikdən əziyyət çəkənlərə xidmət göstərilir.


- Regional bölmələrin inzibati bina və texniki avadanlıqlarla təminatı necədir?
- Mərkəzi Qan Bankının hazırda fəaliyyət göstərən Gəncə, Şəki və Quba bölmələri ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Bölmələrin fəaliyyət göstərdiyi  inzibati binanın yeni, yaxud köhnə olmasından asılı olmayaraq, bütün binalar ən müasir avadanlıqlarla təmin olunub. Mərkəzi Qan Bankının Quba bölməsi 2012-ci ildə əsaslı təmir olunub. Şəki, Bərdə və Gəncə bölmələri yaxın zamanlarda əsaslı təmir olunacaq. Digər bölmələrin inzibati binalarının da vəziyyəti yaxşıdır. Ötən ilə qədər bütün Avropada olduğu kimi bizdə də qan komponentləri əllə ayrılırdı. Hazırda isə bütün proses avtomatlaşdırılıb. 


-  Əvvəllər bəzi insanlar şikayətlənirdilər ki, qan əldə etmək üçün hökmən öz yaxınları Qan Bankına qan verməlidir. Yalnız bundan sonra onlara qan verilirdi.  Hazırda da belə bir tələblər varmı?
- Respublikamızda 2010-cu ildə donorların sayı 46 530 nəfər olub. 2016-cı ildə isə onları sayı  85 803  nəfərədək artıb. Bu donorların hamısı könüllü donorlardır. Qohumları isə biz özümüz qan verməyə cəlb edirik. Çünki donorluğun təbliği ilə bağlı bu vacibdir. Nəzərə alınmalıdır ki, qan ehtiyatı tükənə bilən məhsuldur. Təcili və təxirəsalınmaz hallarda istifadə etmək üçün qan ehtiyatının olması zəruridir. Ehtiyat qan komponentləri tükənməsin deyə qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştirak etməyə cəlb olunur. Ancaq kütləvi qanvermə aksiyaları zamanı dövlət tibb müəssisələrində müalicə alan xəstələrə qan tələbnamə əsasında qan heç bir əvəzsiz buraxılır. Qan toplanmasında səyyar briqadaların da rolu böyükdür.  


-  Qan donorluğuna təşviqetmə baxımından hansısa tədbirlər görülür?
- Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Əgər donor qan verirsə, həmin gün və ya səhəri gün ona istirahət verilir. Qan verdikdə donora bir arayış verilir. Qan verdiyini təsdiqləyən həmin sənəd əsasında donor bu hüquqdan istifadə edə bilir. Amma həmin şəxs qan verdikdən sonra da işə çıxarsa, məzuniyyət gününə bir gün əlavə olunur. Bundan əlavə, donor qan verməzdən əvvəl və ya sonra çay, kofe, peçenye, şokaladla təmin olunur. Gələcəkdə donorları cəlb etmək üçün başqa tədbirlər nəzərdə tutulur. 
 

- Amma qan donorluğuna təşviq etmək üçün tədbirlərə ehtiyac var.
- Bəli, bu istiqamətdə tədbirlər davamlı olmalıdır. Düzdür, son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər əldə olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb. Əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədi ilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı günbəgün artmaqdadır. Amma 10 milyon əhalisi olan bir ölkədə ən azından 150-170 min nəfər qan donoru olmalıdır. Bizdə isə hazırda cəmi 75-80 min nəfərədək qan donoru var. Müsbət hal odur ki, aparılan maarifləndirmə tədbirləri nəticəsində qan donorlarının sayı hər il artır. Bu istiqamətdə Səhiyyə Nazirliyi də, Mərkəzi Qan Bankı da, qeyri-hökumət təşkilatları da iştirak edir. Biz də çalışırıq ki, bu istiqamətdə maarifləndirmə tədbirlərini həm də ali təhsil ocaqlarında aparaq. Azərbaycan Tibb Universitetinə, Bakı Dövlət Universitetinə belə tədbirlərin keçirilməsi üçün təkliflər versək də, o qədər də müsbət qarşılanmayıb. Amma elə ali təhsil müəssisələri var ki, təklif özlərindən gəlir. Azərbaycan Diplomatiya Akademiyasının hər il təxminən 500 tələbəsi qan verir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələri də qan vermək üçün özləri müraciət edirlər. Amma ölkənin digər böyük ali təhsil müəssisələri bu məsələdə fəal deyil. 
Son illər biz doğum evləri ilə bir razılıq əldə etmişik. Ana olan hansı qadına qan lazım olursa, lazım olan qanla təmin olunur. Amma sonradan həmin qadının yaxınları gəlib bizdə qan verir. Hazırda bütün doğum evlərində və Respublika Perinatal Mərkəzdə müalicə alan xəstələri qan komponentləri ilə tam təmin edə bilirik.


- Sosial reklamların çəkilib yayımlanması istiqamətində nə kimi işlər görülür?
- Bununla bağlı sosial reklamlar çəkilib və xeyli materiallarımız var. Amma onların televiziyalarda yayımlanması sahəsində problemimiz mövcuddur. Əksər televiziyalar belə sosial çarxları nümayiş etdirməkdə maraqlı deyil.


- Könüllü qanvermə aksiyaları zamanı Sizin də vurğuladığınız kimi eyni gündə xeyli qan toplanılır. Həmin qanın təhlükəsizliyi necə yoxlanılır?
- Normalda səyyar briqadalar daxil olmaqla, bir gündə orta hesabla 200 nəfərdən qan götürürük. Həftənin 5 günü ərzində  götürülən bu qanlar isə yoxlanılır. Bütün dünyada olduğu kimi, bizdə də donoru qan verməzdən öncə müayinə etmirik. Yalnız götürülən qanı yoxlayırıq. Çünki donoru yoxlayarıq, hər şey qaydasında ola bilər. Amma analizlə qan vermə zamanı arasında donor hansısa virusa yoluxa bilər. Bu mənada infeksiyalı donor olsa da, qan götürülür. Qan götürüldükdən sonra isə dörd infeksiya - Hepatit B və C, AİDS və sifilisə qarşı yoxlanılır. Bu infeksiyaların qanla yoluxma ehtimalı daha çox olduğundan məhz bunlar yoxlanılır. Əgər hansısa donorun qanında infeksiya aşkarlanarsa, donorun özünə də, Respublika Gigyena və Epidiamologiya Mərkəzinə də bu barədə məlumat verilir. Demək, olar ki, qanında infeksiya olan donorların 80 faizi bunu bizdə qan verdikdən sonra bilir. Onların öncədən qanlarında infeksiya olması ilə bağlı məlumatı olmur. Qanında infeksiya olan donor sonradan müalicəyə yönləndirilir. İnfeksiyalı qan isə Kliniki Tibbi Mərkəzdə xüsusi şəraitdə yandırılır. Təmiz olan qan isə sertifikatlaşdırılaraq xəstəxanalara verilir. Amma hazırda təmiz qanın tapılması çox çətindir. Əgər 2010-cu ildə qan verənlərin 7 faizində infeksiya aşkarlanırdısa, bu gün həmin rəqəm 11-12 faizdir. 


- Hansı infeksiyalar daha çox aşkarlanır?
- Hepatit B və C, AİDS və sifilis infeksiyalarının hər birinə yoluxma halları artıb. Bunların içindən isə hepatit viruslarının aşkarlanması çoxluq təşkil edir. 
 

- 2015-ci ilin iyunundan nikaha girən cütlüklər də məcburi müayinədən keçirilir. Bununla bağlı statistika necədir?
- Mərkəzi Qan Bankının tam müasir avadanlıqlarla təmin olunan laboratoriyası var. Orada elə cihazlar var ki, MDB ölkələri arasında yalnız Azərbaycandadır. Mərkəzi Qan Bankı nikaha girən cütlükləri AİDS və siflisə qarşı müayinə edir 2015-ci ildə 84 083 nəfər müayinədən keçib. Onların 54 nəfərində HİV, 239 nəfərində siflis infeksiyası aşkarlanıb. 2016-cı ildə 145 388 nəfər müayinədən keçib. Onların 111 nəfərində HİV, 649 nəfərində siflis infeksiyası aşkarlanıb. 2017-ci ilin yanvar-aprel aylarında isə müayinədən keçən 41 434 nəfərdən 28 nəfərində HİV, 176 nəfərində isə siflis tapılıb.
2015-ci ildən bu ilin mayınadək  139 905 nəfər müayinə olunub. Onlardan 193 nəfərində HİV, 1064 nəfərində isə siflis aşkarlanıb. Viris aşkarlanarsa, cütlüklərə bu barədə məlumat verilir və gələcəkdə doğulacaq uşağan da hansı problemlər yaşayacağı başa salınır. Digər ölkələrdə  sağlam şəxsin AİDS və ya siflis daşıyıcısı ilə evlənməsinə icazə verilmir. Amma bizdə bu məsələdə qərar vermək çütlüklərin öz üzərinə qoyulur.
Hazırda talassemiya daşıyıcılığı da yoxlanılır. Bu barədə də cütlüklərə də məlumat verilir. Bu tədbirlərin nəticəsidir ki, son iki ildə talessemiyalı uşaqların doğulması 50 faizə yaxın azalıb. 


- Donordan alınan qan maksimum nə qədər saxlanıla bilir?
- Donordan qan alındıqdan sonra müxtəlif komponentlərə bölünür. Qan hüceyrələri müəyyən müddət yaşayır və tələf olurlar.  Qanın özü 42 gün, plazma isə 2 il saxlanıla bilər. Amma burada xüsusi temperatur rejiminə riayət edilməlidir. Hazırda Mərkəzi Qan  Bankının özündə və bütün regional bölmələrdə plazmanın saxlanılması üçün müvafiq dondurucular var. Əgər 2010-cu ildə ehtiyyat plazma 2 min vahid idisə, bu gün 15 min vahiddən artıq ehtiyat plazma var. Əgər qanın istifadə müddəti bitirsə, o müvafiq qaydada zərərsizləşdirilir.


- Qarabağ müharibəsindən sonra qana ən böyük ehtiyac ötən ilin aprelində yarandı. Mərkəzi Qan Bankı həmin fövqəladə hala hazır idimi?
- Hadisə günü Ağdama qan göndərilməsi ilə bağlı tapşırıq aldıq. Həmin dövrdə Mərkəzi Qan Bankında 1000-ə yaxın eritrosit kütləsi vardı. Amma həmin günlərdə həmişəkindən dəfələrlə çox insan könüllü olaraq qan verməyə gəlirdilər. Biz insanlara izah etməyə çalışırdıq ki, hansısa hadisələr zamanı deyil, daimi olaraq qan vermək vacibdir. Yuxarıda da qeyd etdiyimiz kimi, qan ehtiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir. 


- Ölkəmizdə qan donorluğunun inkişafı üçün hansı tədbirlərin görülməsi zəruridir?
- Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilib. Bu gün ölkədə kifayət qədər qan ehtiyatı var və hazırda qan tədarükü ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Amma əhalinin maarifləndirilməsi işi davam etdirilməli, qan verməyin əhəmiyyəti ilə bağlı ali təhsil ocaqlarında məlumatlandırma işləri aparılmalıdır.


Xalid VAHİDOĞLU
Yazı “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti